Ana Sayfa > Manşet / Siyasət > “Vaxtilə yerlərdə bilərəkdən formalaşdırılan mənfi halların qarşısı artıq alınıb”

“Vaxtilə yerlərdə bilərəkdən formalaşdırılan mənfi halların qarşısı artıq alınıb”


Bu gün, 13:28. Yazar: azer
“Vaxtilə yerlərdə bilərəkdən formalaşdırılan mənfi halların qarşısı artıq alınıb”

Azərbaycan Prezidenti İlham Əliyev 12 noyabr tarixində Naxçıvana Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara da yeni icra hakimiyyəti başçıları təyin etdi, bəzilərinin yerdəyişməsini həyata keçirdi. Cənab Prezident onları qəbul edərkən çıxışında olduqca korrekt, həmçinin aydın fikirlər səsləndirdi. İfadə edilən fikirlər nəinki bu dəfə qəbul edilən kadrlar, bütün kadrlar üçün imperativ olmalıdır. İşi xalqa xidmətdən keçən məmurlar gördükləri işlə onlara göstərilən etimad arasında düz mütənasib formada hərəkət etməli, seçimin yanlış olmadığını sübut etməlidirlər”.

Bu barədə mətbuata Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov deyib.

Deputat söyləyib ki, Azərbaycanın hər bir bölgəsinin özünəməxsus zəngin potensialı var. Əsas amal bu potensialın bütünlüklə kəşf olunması, üzə çıxarılmasıdır. Bu işdə yerli sakinlərdən, onların həyat tərzinin gətirdiyi təcrübədən bəhrələnmək lazımdır.

“Yeni təyin olunan kadrlar işsizliyin aşağı salınması istiqamətində fəaliyyət göstərməlidirlər. İş yerlərinin açılması üçün iş adamlarına dəstək verməlidirlər. Bəzi hallarda yerli icra hakimiyyəti başçıları sahibkarları dövlətdən narazı salır, dövlətlə sahibkar arasında uçurum yaradırlar ki, bu, qəti şəkildə olmaz. Azərbaycan Prezidenti atdığı addımlarla kiçik və orta sahibkarlığın inkişafını bütün ölkə boyu təşviq edir. Məhz sahibkarlığın bu növü xalqın həyat şəraitinin yaxşılaşdırılmasına əvəzolunmaz töhfədir. Dövlətimiz insanların ehtiyaclarını ödəmək üçün bütün lazımi addımları atır. İş yerləri yaradılarkən də ölkədəki ümumi əmək haqqı səviyyəsi, yaşayış minimumu, sosial təminat müavinətləri və digər sosial qrupların nisbi həyat səviyyəsi nəzərə alınmalıdır”, - deputat söyləyib.

O əlavə edib ki, ümumi rifaha xidmətdən başqa, dövlət idarəçiliyinin işlək mexanizminə, onun nüvəsinə edilən istənilən müdaxilə fəaliyyətə mənfi təsir edir:

“Bu həm də həmin şəxslərin qanun qarşısında cavabdehliyinin vacib ölçüsünə çevrilir. Azərbaycanda qanunun aliliyi təmin olunur. Məmurlar bütün addımlarında qanunla paralel irəliləməlidirlər. Çıxışda diqqətçəkən məqamlardan biri o idi ki, dövlət başçımız bildirdi ki, hər hansı bir mənfi hal olarsa, bu haqda dərhal məlumat verilsin. Vaxtilə yerlərdə bilərəkdən formalaşdırılan mənfi halların qarşısı artıq alınıb ki, bu da dövlət idarəçiliyində təmizləmə işlərinin nəticəsidir”.

Pərvanə Sultanova
Geri dön