Ana Sayfa > Manşet / Siyasət > “Prezident İlham Əliyevin çıxışı dövlət idarəçiliyində yeni mərhələnin əsaslarını müəyyənləşdirdi”
“Prezident İlham Əliyevin çıxışı dövlət idarəçiliyində yeni mərhələnin əsaslarını müəyyənləşdirdi”Bu gün, 13:12. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni təyin olunmuş rayon icra hakimiyyəti başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər müasir idarəetmə fəlsəfəsinin və məmur məsuliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi.Dövlət başçısının çıxışı ölkədə həyata keçirilən islahatların ideoloji xəttini və məmur davranışına dair mənəvi prinsipləri aydın şəkildə ortaya qoydu. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.” fikri Azərbaycanın dövlət idarəçiliyinin fəlsəfəsini ifadə edir. Bu, sadəcə inzibati göstəriş deyil, həm də vətəndaş qarşısında mənəvi məsuliyyət prinsipidir. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, məmurun başlıca vəzifəsi xalqa xidmət və təvazökarlıq nümayiş etdirməkdir”. Cənab Prezidentin məmurların davranışları ilə əlaqədar söylədiyi fikirlər dövlət qulluqçusunun etik davranış meyarlarını müəyyən edir. Bu çağırış göstərir ki, məmurun şəxsi həyatdakı davranışı belə dövlətin nüfuzuna birbaşa təsir göstərir. Təvazökarlıq, ədalət, nizam-intizam və məsuliyyət hər bir rəhbər şəxsin fəaliyyətində əsas xətt olmalıdır. Tamam Cəfərova əlavə edib ki, Prezidentin korrupsiyaya qarşı qəti mübarizə və sosial ədalətin təmin olunması mövqeyi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. “Cənab Prezidentin “əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur” fikri göstərir ki, Azərbaycanda heç bir qanunsuz hərəkət cəzasız qalmır. Bu, həm dövlət qulluqçularına xəbərdarlıq, həm də cəmiyyətə inam mesajıdır”, – deputat qeyd edib. Millət vəkili bildirib ki, Prezidentin kadr siyasəti və məsuliyyətli idarəetmə ilə bağlı tapşırıqları yeni mərhələnin başlanğıcını qoyur. Cənab Prezidentin “kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz şəxsləri seçmək lazımdır” fikri idarəçilikdə şəffaflıq və dürüstlük prinsiplərinin prioritet olduğunu göstərir. Bu, həm də yeni təyin olunan icra başçılarına verilən böyük etimadın göstəricisidir. Məmur korpusunda aparılan sağlamlaşdırma və təmizləmə siyasəti idarəetmə sistemində şəffaflığın güclənməsinə gətirib çıxarıb. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, artıq mərkəzdən heç kimə qanunsuz tapşırıq verilməyəcək. Bu, dövlət idarəçiliyində ədalət və qanunçuluğun tam təmin olunmasına yönəlmiş prinsipial mövqedir. Deputat eyni zamanda Prezidentin çıxışında regionların sosial-iqtisadi inkişafı ilə bağlı prioritet istiqamətlərin xüsusi yer tutduğunu vurğulayıb. Cənab Prezidentin “Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb.” fikri göstərir ki, artıq regionların sosial-iqtisadi inkişafında yeni bir fazaya keçilib. Elektrik enerjisi, yollar, su təchizatı, kənd təsərrüfatı və sosial obyektlər sahəsində həyata keçirilən layihələr regionlarda insanların həyat səviyyəsini köklü şəkildə dəyişir. Tamam Cəfərova sonda vurğulayıb ki, Prezident İlham Əliyevin yeni təyin olunan icra başçıları ilə görüşdə səsləndirdiyi fikirlər sadəcə tövsiyə deyil, dövlət idarəçiliyinin gələcək yol xəritəsidir. “Bu çıxışda əks olunan əsas məqamlar – xalqa xidmət, şəffaflıq, ədalət və mənəvi məsuliyyət prinsipləri müasir Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişaf modelinin ideoloji bünövrəsini təşkil edir”, – millət vəkili qeyd edib. Geri dön |