Ana Sayfa > Siyasət > Regional idarəetmə sistemində yeni bir məsuliyyət və keyfiyyət erası başlandı
Regional idarəetmə sistemində yeni bir məsuliyyət və keyfiyyət erası başlandıBu gün, 11:58. Yazar: azer |
![]() Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən çıxışı, regionların sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinin konturlarını cızdı. Dövlət başçısı bu yüksək vəzifələrə təyin olunan şəxslərə böyük etimad göstərildiyini vurğulayaraq, bu etimadı yalnız işlə, əməklə doğrultmağın zəruriliyini bildirdi. Cənab Prezident İlham Əliyev yeni rəhbərlər üçün iş prinsiplərini açıq şəkildə müəyyənləşdirdi: "İlk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq". Bu prinsip Cənab Prezidentin illərdir yürütdüyü xalq-dövlət birliyi siyasətinin təməlini təşkil edir. Məmur korpusundan tələb olunan ən vacib keyfiyyət isə təvazökarlıqdır. Dövlət başçısı məmurun, onun ailə üzvlərinin və yaxın qohumlarının həyatda elə davranmasını tələb etdi ki, ümumi işə zərər vurulmasın. Cənab Prezident ifrat təkəbbürlülük, özünü xalqdan üstün tutma cəhdlərini kəskin pisləyərək, belə halların həm məmurun nüfuzunu, həm də dövlətin siyasətini ləkələdiyini bildirdi. Çıxışda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə xüsusi yer verildi. Cənab Prezident qətiyyətlə bəyan etdi ki, əyri yola gedən hər bir dövlət məmuru qanun qarşısında cavab verməli olacaq və heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. "Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçməkdir." Mərkəzi icra orqanlarında aparılan islahatların vəziyyəti böyük dərəcədə sağlamlaşdırdığı vurğulandı, eyni zamanda, yerli rəhbərlərə mərkəzdən gələ biləcək hər hansı qanunsuz tapşırıq barədə dərhal dövlət başçısına məlumat vermək tapşırığı verildi. Cənab Prezident İlham Əliyev xüsusilə torpaqlardan qanunsuz istifadə, zəbt etmə və kateqoriyaların dəyişdirilməsi kimi neqativ halların qarşısının alınmasını tələb etdi. Əsas prinsip isə sosial ədalət olaraq qaldı. Cənab Prezident İlham Əliyev son illərdə dövlət investisiya proqramları sayəsində bölgələrdə böyük infrastruktur dönüşünün baş verdiyini qeyd etdi. Elektrik enerjisi, magistral və kənd yolları, içməli su, suvarma layihələri, qazlaşdırma, sosial obyektlərin (məktəblər, xəstəxanalar) tikintisi kimi əsas infrastruktur istiqamətlərinin demək olar ki, başa çatması bölgələrin canlanmasına güclü təkan vermişdir. Doqquz beynəlxalq hava limanının, yenilənmiş dəmir yollarının mövcudluğu regionların müasir standartlara cavab verdiyinin bariz nümunəsidir. Bu fonksional infrastruktur təməli üzərində iqtisadi inkişafın təmin edilməsi prioritet məsələdir. Cənab Prezident İlham Əliyev bölgələrdə məşğulluq məsələsinin əsas prioritetlərdən biri olduğunu bildirdi. Yerli rəhbərlər iş yerlərinin yaradılmasına çalışmalı, sahibkarlara güzəştli kreditlər verilməsinə, özünüməşğulluq proqramının uğurla icra edilməsinə şərait yaratmalıdırlar. Kənd təsərrüfatı və turizmin inkişafı, xüsusilə turizm üçün cəlbedici bölgələrdə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olmalıdır. Dövlət başçısı bölgələrdə ekoloji tarazlığın qorunmasına və ətraf mühitə böyük diqqət göstərilməsinə dair konkret tapşırıqlar verdi. O, Bakı və Sumqayıtda uğurla həyata keçirilən ekoloji təmizləmə (Məsələn, Qara şəhərin Ağ şəhərə çevrilməsi) təcrübəsini xatırladaraq, bölgələrdə qanunsuz fəaliyyətin, xüsusən çayların məcralarının dəyişdirilməsi və qanunsuz tikinti mallarının istehsalının qarşısının qətiyyətlə alınmasını tələb etdi. Cənab Prezident İlham Əliyev yeni təyin olunan məmurlara uğurlar arzulayaraq, onlardan yalnız öz işləri ilə etimadı doğrultmağı və xalqın rəğbətini qazanmağı tələb etdi. Bu çıxış Azərbaycanın regional idarəetmə sistemində yeni bir məsuliyyət və keyfiyyət erasının başlandığının əsas göstəricisidir. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |