Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov : "Ağdam Zəfərdən dirçəlişə uzanan qürur yoludur"

Eltun Süleymanov : "Ağdam Zəfərdən dirçəlişə uzanan qürur yoludur"


Dünən, 19:05. Yazar: azer
Eltun Süleymanov : "Ağdam  Zəfərdən dirçəlişə uzanan qürur yoludur"

Ağdam-bu ad artıq təkcə bir şəhərin deyil, bütöv bir xalqın iradəsinin, dözümünün və Zəfərinin simvoludur. On illərlə işğal altında qalan, xarabalığa çevrilən, ancaq heç vaxt xalqın yaddaşından silinməyən bu torpaq bu gün yeni doğuluş mərhələsini yaşayır. Hər daşında, hər ağacında, hər nəfəsində həm nisgilin, həm də qürurun izi var. Ağdam indi yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəliş ideyasının canlı nümunəsidir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, bu gün Ağdamda baş verənlər təsadüfi deyil. Bu, Azərbaycanın müasir dövlətçilik modelinin, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalqın birliyinin təntənəsidir. “Ağdamı elə bərpa edəcəyik ki, bütün dünya görsün, biz necə bir xalqıq” – deyən dövlət başçısının bu kəlamı artıq reallığa çevrilib. Qarabağın qapısı sayılan Ağdamda həyat yeni nəfəs, yeni ritm, yeni fəlsəfə ilə canlanır. İşğal dövründə “ruhlar şəhəri” adlandırılan Ağdam bu gün “Zəfərin paytaxtı”, “Qayıdışın simvolu” kimi tarixə yazılır. Burada salınan müasir infrastruktur, yaşıl enerji zonası, ağıllı şəhər modeli, ekoloji təmiz urbanizasiya prinsipləri Azərbaycanın gələcək inkişafının miniatür obrazına çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Ağdam şəhərinin Baş planı yalnız memarlıq sənədi deyil, həm də milli ideologiyanın ifadəsidir. Bu plan azadlığın planıdır, milli ruhun gələcəyə daşınmasıdır. Ağdamda salınan geniş prospektlər, parklar, müasir yaşayış massivləri, sənaye parkı və “Qayıdış kəndi” layihəsi göstərir ki, Azərbaycan bu torpaqlarda keçmişin ağrılarını unutmur, amma gələcəyə ümidlə baxır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdama hər səfəri bu torpağın taleyinə yeni bir nəfəs, yeni bir ümid gətirib. Onun “Ağdam bizim tariximizdir, şəhidlərimizin ruhu burada dolaşır” sözləri Ağdamın bərpasının yalnız iqtisadi yox, mənəvi missiyasını da ifadə edir. Bu səfərlər zamanı cənab Prezidentin iştirakı ilə Ağdam Sənaye Parkının, Zəfər parkının, Ağdam Cümə Məscidinin bərpa işlərinin, Ağdam–Bərdə avtomobil yolunun, müasir təhsil və mədəniyyət mərkəzlərinin təməli qoyulub. Hər bir layihə Azərbaycanın gələcək nəslinə verilən bir mesajdır – “biz dağıntılardan möcüzə yaradırıq.” Ağdam həm də yaddaşın bərpasıdır. Burada salınan hər yeni bina dağıdılmış bir evin yerinə tikilir, hər təmir olunan küçə bir ailənin xatirəsinə, hər açılan məktəb bir uşağın gələcəyinə işıq tutur. Bu, həm mənəvi borcun, həm də dövlət məsuliyyətinin göstəricisidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərdir” fikri bu gün Ağdamda gerçək mənada həyata keçir. Burada yaradılan təhsil ocaqları, idman kompleksləri, gənclər mərkəzləri bir məqsədə xidmət edir – qayıdan nəsil burada sadəcə yaşamasın, həm də yaratsın, inkişaf etsin. Ağdamın dirçəlişi bütövlükdə xalqın Zəfər ruhunun davamıdır. Bu, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin davamı, onun praktik ifadəsidir. Hər bərpa olunan bina, hər çəkilən yol, hər salınan park Vətən sevgisinin, xalqın dövlətinə inamının simvoludur.
Bu gün Ağdamda bir zamanlar səssiz qalan həyətlərin yerində uşaq səsləri, tikinti texnikasının sədaları, azadlıq nəğmələri eşidilir. Bu, xalqın ruhunun oyanışı, millətin gələcəyə yürüşüdür. Ağdam şəhər günü artıq bir bayrama çevrilib – azadlığın, qayıdışın, dirçəlişin bayramına. Bu gün burada keçirilən tədbirlər, dövlət səviyyəsində verilən mesajlar bir həqiqəti bir daha təsdiqləyir: Azərbaycan təkcə torpaqlarını deyil, həm də öz milli kimliyini bərpa edib. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Biz təkcə şəhərlərimizi deyil, ruhumuzu da azad etdik.” Bu ruhun dirçəliş məkanı isə Ağdamdır. Ağdamda tikilən hər bina, hər yol, hər park – millətin birliyinin, dövlətin qüdrətinin, xalqın iradəsinin abidəsidir. Ağdam bu gün bir daha sübut edir ki, Azərbaycan təkcə müharibədə qalib gəlməyi deyil, həm də sülh və quruculuqda qalib olmağı bacarır. Bu şəhər gələcək nəsillər üçün həm bir məktəb, həm də bir simvoldur. Zəfərin, qürurun və yenidən doğuluşun şəhəridir. Onu da demək lazımdır ki, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama çoxsaylı səfərləri şəhərin dirçəliş prosesinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Hər bir səfər konkret layihələrin icrası, yeni infrastruktur obyektlərinin təməli və strateji məqsədlərin açıqlanması ilə yadda qalıb. Cənab Prezidentin iştirakı ilə Ağdam şəhərinin Baş planı təsdiqlənib, “Ağdam Sənaye Parkı” fəaliyyətə başlayıb, “Zəfər parkı”, “Qayıdış məhəlləsi”, “Ağdam–Füzuli” və “Ağdam–Bərdə” avtomobil yolları, eləcə də müasir yaşayış kompleksləri, məktəblər və sosial infrastruktur obyektləri tikilib. “Ağdam Cümə Məscidi”nin bərpası, müasir mədəniyyət və incəsənət mərkəzlərinin inşası, idman və gənclər layihələrinin icrası da bu səfərlərin davamlı nəticələrindəndir. Cənab Prezident İlham Əliyevin “Ağdamı və bütün Qarabağı yenidən bərpa edəcəyik – bu, bizim şərəf borcumuzdur” sözləri bu gün reallığa çevrilib-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Geri dön