Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Regional inkişafın strateji yol xəritəsi
Regional inkişafın strateji yol xəritəsiDünən, 11:40. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Cənab Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixində Naxçıvan üzrə səlahiyyətli nümayəndənin və bəzi rayonlara yeni təyin edilən başçıların qəbulu zamanı etdiyi çıxış Azərbaycanda regional idarəetmənin təkcə inzibati yox, həm də etik-fəlsəfi transformasiyasının yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirilməlidir. Bu çıxış sadəcə yeni rəhbərlərə verilən tapşırıqlar toplusu deyil, "Qalib dövlət" ideologiyasının yerli idarəetmə səviyyəsində necə reallaşacağını göstərən fundamental sənəddir. Cənab Prezidentin nitqinin mərkəzində dayanan əsas fikir – məmurun xalqla birliyi – artıq sadəcə bir şüar deyil, dövlət siyasətinin əsas ideoloji dayağına çevrildiyinin təsdiqidir. Bu, idarəetmədə yalnız səmərəlilik yox, həm də sosial etimadın bərpası hədəfini ön plana çıxarır. Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsinin və yeni icra başçılarının təyinatı, Muxtar Respublikanın xüsusi strateji əhəmiyyəti fonunda, mərkəzi idarəetmənin yerlərdəki təmsilçiliyini gücləndirmək və idarəetməni daha çevik etmək niyyətini əks etdirir. Cənab Prezident İlham Əliyevin çıxışının ən kəskin hissəsi korrupsiya və təkəbbürlülük məsələlərinə həsr olundu. Dövlətimizin başçısı məmurların xoşagəlməz davranışlarını, qanunsuz varlanma cəhdlərini dövlətin siyasətinə birbaşa ləkə kimi qiymətləndirərək dedi: “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar.” Bu yanaşma, məhkəmə-hüquq müstəvisində aparılan cəza siyasəti ilə yanaşı, idarəetmə fəlsəfəsindəki dəyərlər islahatını simvolizə edir. Cənab Prezident məmurun peşəkar bacarığı ilə yanaşı, mənəvi təmizliyinin də əsas kadr meyarı olduğunu bəyan edərək, yerli rəhbərlərə kadr siyasətində bu prinsipi əsas götürməyi tapşırdı: “Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir”. Ən mühüm islahat hədəflərindən biri kimi, Cənab Prezident mərkəzi icra orqanlarından gələn qanunsuz tapşırıqlar problemini kökündən həll etmək niyyətini ortaya qoydu. Yerli rəhbərlərə mərkəzdəki qanunsuzluqları dərhal mərkəzə məruzə etmək səlahiyyətinin verilməsi idarəetmə iyerarxiyasında nəzarət mexanizminin yenidən qurulması kimi qiymətləndirilməlidir. Bu, məmurların yalnız yuxarı orqanlara deyil, həm də birbaşa Dövlət Başçısına və xalqa hesabatlılıq prinsipini gücləndirəcək, şəffaf idarəetməni stimullaşdıracaqdır.. Cənab Prezident İlham Əliyevin çıxışında infrastruktur layihələrinin "demək olar ki, başa çatması" barədəki qeydlər, iqtisadi inkişaf fokusunun makro-infrastrukturdan mikro-iqtisadiyyata və sosial inkişafa yönəldiyini göstərir. Artıq əsas məqsəd yol çəkmək və xətt çəkmək yox, mövcud infrastrukturu region iqtisadiyyatını canlandırmaq üçün istifadə etməkdir. Bu çərçivədə, turizm, kənd təsərrüfatı və məşğulluq əsas prioritetlər kimi irəli sürüldü. Dövlət başçısı məşğulluqla bağlı miqrasiya meyillərinin səbəblərini dərindən analiz edərək, yerli rəhbərlərə özünüməşğulluq proqramları və sahibkarlara dəstək vasitəsilə region sakinlərini yerindəcə işlə təmin etmək tapşırığını verdi: “Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir”. Ekoloji tarazlığın qorunmasına dair verilən ciddi göstərişlər, xüsusən çay yataqlarının qanunsuz istifadəsi kimi neqativ halların aradan qaldırılması tələbi Cənab Prezident İlham Əliyevin ölkənin "yaşıl iqtisadiyyat" kursunun yalnız enerji sektorunu əhatə etmədiyini, həm də yerli icra orqanlarının gündəliyinə daxil edildiyini bir daha təsdiqləmiş oldu. Sonda qeyd etmək lazımdır ki, ölkə başçısının bu çıxışı regional idarəetmədə yeni bir məmur modeli formalaşdırır: təvazökar, peşəkar, korrupsiyaya qarşı dözümsüz və tamamilə xalqa xidmətə köklənmiş bir məmur. Bu, Azərbaycanda dövlət idarəçiliyinin keyfiyyətini və xalqa yaxınlığını gücləndirmək, həmçinin regional inkişafı davamlı etmək üçün strateji bir yol xəritəsidir. Geri dön |