Ana Sayfa > Siyasət > Müstəqilliyimizin və suverenliyimizin rəmzi

Müstəqilliyimizin və suverenliyimizin rəmzi


Bu gün, 17:10. Yazar: azer
Müstəqilliyimizin və suverenliyimizin rəmzi

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri


Azərbaycan xalqı üçün 9 noyabr tarixi təkcə təqvimdə sadə bir gün deyil, dərin mənəvi və tarixi məna daşıyan milli bayramdır. Hər il bu tarixdə biz dövlətçiliyimizin, milli kimliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızı böyük qürurla yad edir, onu ucaldan əcdadlarımızın xatirəsini hörmətlə anırıq. Bu gün Azərbaycan bayrağı xalqımızın azadlıq, birliy və qələbə ideallarını, minillik dövlətçilik tariximizin şərəfli simvolunu təcəssüm etdirir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli, ay-ulduzlu bayraq xalqımızın milli-mənəvi dəyərlərini, dünya görüşünü və gələcək arzularını özündə birləşdirdi. Cümhuriyyətin Nazirlər Şurası həmin gün tarixi qərar qəbul etdi və üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı elan olundu. Bu bayraq təkcə bir dövlət atributu deyil, azərbaycanlıların milli oyanışının, özünüdərkinin, mədəni kimliyinin və azadlıq idealının təntənəsi idi.

Bayrağımızın rəngləri dərin simvolik mənaya malikdir, Mavi rəng – türklüyü, xalqımızın etnik mənşəyini, soy-kökümüzü ifadə edir; Qırmızı rəng – müasirliyi, azadlıq ideallarını, demokratiyanı və inkişafı simvolizə edir; Yaşıl rəng – İslam mədəniyyətinə mənsubiyyətimizi, mənəvi dəyərlərimizə sədaqəti təcəssüm etdirir.

Bayrağımızın üzərindəki ay və səkkizguşəli ulduz isə Azərbaycan xalqının birliyini, sülhsevərliyini və gələcəyə olan inamını əks etdirir. Bu simvol həm də türk dünyası ilə mənəvi birliyin, həmrəyliyin nişanəsidir.

1918–1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, üçrəngli bayrağımız uzun illər boyu rəsmi dövriyyədən çıxarıldı. Lakin xalqımızın qəlbində o bayraq heç vaxt enmədi. Uzun illər boyu sovet hakimiyyəti şəraitində xalqımız azadlıq arzusunu yaşatdı, milli kimliyini qorudu.

1990-cı ilin noyabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən qaldırıldı. Bu qərar Azərbaycan tarixində dönüş nöqtəsi oldu xalqın müstəqillik arzusu dövlət səviyyəsində ifadə olundu. Naxçıvan Ali Məclisi üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi təsdiq etdi və SSRİ-nin rəmzlərini rədd etdi. Qısa müddət sonra 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə üçrəngli bayraq Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu aldı.

Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərinə xüsusilə bayrağımıza böyük sevgi və ehtiramla yanaşırdı. Onun məşhur sözləri bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır “Azərbaycan bayrağı sadəcə bir parça deyil, o, bizim tariximiz, şərəfimiz və qürurumuzdur.” Heydər Əliyev dövlət atributlarını gerb, himn və bayrağı müstəqil Azərbaycanın suverenliyinin rəmzləri kimi qəbul etdirdi. Onun siyasi uzaqgörənliyi nəticəsində dövlət bayrağımız dövlət idarələrində, məktəblərdə, səfirliklərdə və beynəlxalq təşkilatlarda uca dalğalanmağa başladı. Bu gün Azərbaycan vətəndaşı olmaqla yanaşı, üçrəngli bayrağın altında yaşamaq hər birimiz üçün böyük şərəfdir.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan çoxsaylı sınaqlardan keçdi.
Ən şərəfli dövrlərdən biri isə 2020-ci il 44 günlük Vətən müharibəsi oldu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad etdi və bu Zəfər günündə üçrəngli bayrağımız Qarabağ səmasında ucaldı.

O gün bayrağımız Şuşada, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında və Xankəndidə dalğalanaraq Azərbaycan xalqının qələbə əzmini, şəhidlərimizin qanı bahasına qazanılmış azadlığımızı təcəssüm etdirdi.
Prezident İlham Əliyev Şuşada bayrağı qaldırarkən söylədi “Bu bayraq Şuşada əbədi dalğalanacaq. Onu endirməyə heç kəsin gücü çatmayacaq.” Bu sözlər bayrağımızın artıq əbədi olaraq azad və qalib xalqın simvoluna çevrildiyini təsdiqlədi. Bu gün üçrəngli bayraq təkcə dövlətin deyil, xalqın ruhunun və milli birliyinin rəmzidir.
Hər bir vətəndaş üçün bayrağımız müqəddəsdir. Məktəblərdə, dövlət idarələrində, hərbi hissələrdə və hətta evlərimizin önündə dalğalanan bu bayraq müstəqilliyimizin, suverenliyimizin və gələcəyimizə olan inamın ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə 9 noyabr tarixi “Dövlət Bayrağı Günü” kimi təsis olundu. Həmin vaxtdan etibarən bu gün hər il ölkəmizin bütün bölgələrində, o cümlədən Şirvan şəhərində, gənclər təşkilatlarında, məktəblərdə və dövlət qurumlarında xüsusi tədbirlər, yürüşlər, maarifləndirici görüşlər keçirilir. Bu tədbirlər gənc nəslə vətənpərvərlik ruhunu, dövlət atributlarına dərin hörmət və sevgi hissini aşılayır.

Bu gün Azərbaycan bayrağı dünyanın bütün qitələrində, beynəlxalq təşkilatlarda, idman arenalarında və diplomatik təmsilçiliklərimizdə qürurla dalğalanır.
İdmançılarımızın qazandığı hər bir qələbədə, yüksələn hər bir medal kürsüsündə üçrəngli bayrağımız milli qürurumuzun təntənəsinə çevrilir. Bu anlar təkcə idman nailiyyəti deyil, həm də dövlətimizin gücünü, xalqımızın birliyini və möhkəm iradəsini nümayiş etdirir.

9 Noyabr – Dövlət Bayrağı Günü, Azərbaycan xalqının tarixi yaddaşının, azadlıq əzminin, milli birliyinin və müstəqil dövlətçiliyinin bayramıdır. Bu gün hər bir azərbaycanlı üçün ən böyük fəxr budur ki, üçrəngli bayrağımız azad torpaqlarımız üzərində əbədi dalğalanır.

Biz bu bayrağı qorumaqla yalnız bir simvolu deyil, dövlətimizi, şəhidlərimizin əziz xatirəsini və gələcəyimizi qorumuş oluruq. Gələcək nəsillər bu bayrağa baxaraq, keçmişin qəhrəmanlıq səhifələrini, bu günün vətənpərvərlik ruhunu və sabahın inamlı addımlarını görəcəklər.



Geri dön