Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: "Düşmən üzərində əldə edilən hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi"
Tamam Cəfərova: "Düşmən üzərində əldə edilən hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi"Bu gün, 16:55. Yazar: azer |
![]() “Beş il əvvəl Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızı işğaldan azad etməklə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımızın çoxəsrlik arzusunu – Zəfər ideyasını gerçəyə çevirdi. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də Azərbaycan dövlətçiliyinin, milli birliyimizin və tarixi ədalətin bərpasının simvoluna çevrildi. Zəfərin beşinci ildönümünü bu gün böyük qürur və fərəh hissi ilə qeyd edirik. Bu beş il ərzində xalqımız bir daha gördü ki, Prezident İlham Əliyev verdiyi bütün vədləri əməli fəaliyyəti ilə həyata keçirən Liderdir. O, öz qətiyyəti, uzaqgörən siyasəti və sarsılmaz iradəsi ilə sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir, qərarları isə dövlətin və xalqın gələcəyini müəyyənləşdirən tarixi addımlardır. Bu gün biz həm Zəfərin, həm də onun yaratdığı yeni reallığın şahidiyik. Beş il öncə cəbhədə qazanılan qələbə bu gün diplomatiya, quruculuq və sülh müstəvisində davam edir. Məhz Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində dünya “Qarabağ Azərbaycandır!” həqiqətini qəbul etdi və Azərbaycan böyük Zəfərin müəllifi olan qalib xalq kimi tarixdə öz yerini əbədi möhkəmləndirdi”. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib. T.Cəfərova bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. “Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərarı Azərbaycan xalqı 30 ilə yaxın müddətdə həsrətlə gözləyirdi. 44 gündə düşmən üzərində əldə edilən hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi”. “Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə dövlət-ordu-xalq həmrəyliyinin əyani təzahürünün şahidi olduq. Xalqın güc və birlik rəmzinə çevrilmiş “dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail oldu” -deyə millət vəkili bildirdi. Vətən müharibəsi dövründə ölkəmiz bütün cəbhələrdə uğurla mübarizə aparıb qalib gəlmişdir deyən millət vəkili Tamam Cəfərova bildirib ki, bu dövrdə ölkə Başçısının informasiya cəbhəsində apardığı mübarizəni xalqımız xüsusilə qiymətləndirir. “Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xarici mətbuata müsahibələrində xüsusi peşəkar və vətənpərvər ritorikası ilə xalqın xüsusi rəğbətini qazanmışdır. Vətən müharibəsi dövründə cənab Prezidentin nitqi, işlətdiyi ifadələr Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuş və dillər əzbərinə çevrilmişdir. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər”. Tamam Cəfərova xüsusilə qeyd etdi ki, Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. “İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi. Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər”. Tamam Cəfərova bildirdi ki, Azərbaycanın qəti və prinsipial mövqeyi sayəsində tarixi ərazilərimizdə heç bir “boz zona”nın qalmasına imkan verilməmiş, Azərbaycan Respublikasının konstitusiya quruluşu və suverenliyi tam bərpa olmuşdur. “Xüsusilə qeyd etməliyik ki, bu istiqamətdə həyata keçirilən antiterror əməliyyatları olduqca mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda onu da qeyd etməliyik ki, Laçın rayonunun Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Bunlarla yanaşı, sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərinin başlaması Azərbaycanın növbəti hərbi- siyasi qələbəsi ilə nəticələnmişdir. Beləki, Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırılmışdır. 2003-cü ildə Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Bu şərəfli, tarixi gün cənab Prezidentin ötən illərdəki gərgin fəaliyyətinin zəfər zirvəsidir. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi”. “Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və konsolidasiya edir. Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir. Əminik ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və həyata keçirilən genişmiqyaslı quruculuq işlərində də öz bəhrəsini verəcək” -deyən millət vəkili Tamam Cəfərova fikirlərini tamamlayıb. Geri dön |