Ana Sayfa > Siyasət > Bu Zəfər əbədi bizimlədir
Bu Zəfər əbədi bizimlədirBu gün, 13:47. Yazar: azer |
![]() Azərbaycan xalqı artıq beş ildir ki, 8 Noyabrı – Zəfər Gününü böyük qürur və iftixar hissi ilə qeyd edir. Bu gün təkcə qələbə bayramı deyil, həm də xalqımızın iradəsinin, birliyinin və dövlətimizin gücünün təntənəsidir. 2020-ci ilin payızında Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Hər şey Ermənistanın 2020-ci ilin 27 sentyabrında növbəti təxribatları ilə başladı. Düşmən ordusu yenidən dinc yaşayışı, mülki əhalini hədəfə aldı. Lakin bu dəfə Azərbaycan dövləti sarsılmaz qətiyyət nümayiş etdirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “İrəli!” əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Xalq 30 il ərzində bu əmri gözləmişdi və həmin gün milli ruh, Vətən sevgisi birləşərək tarixi səlnaməmizi dəyişdi. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı təkcə hərbi qələbə deyildi. Bu, həm də xalqın mənəvi dirçəlişi idi. Ordumuz hər gün irəliləyir, hər gün yeni kəndlər, şəhərlər azad olunurdu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa... Bu adlar artıq qələbənin sinoniminə çevrilib. Azərbaycan əsgəri döyüş meydanında yalnız torpağı deyil, həm də xalqının qürurunu, ləyaqətini geri qaytardı. Eyni zamanda şanlı ordumuz düşmənin illərlə qurduğu mifləri darmadağın etdi. Ermənistan ordusu, texnikası və mənəvi dayaqları tamamilə məhv edildi. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, öz gücünə, öz xalqına arxalanan dövlət üçün heç bir maneə yoxdur. Vətən müharibəsi yalnız döyüş meydanında deyil, həm də informasiya və diplomatiya cəbhəsində qazanıldı. Cənab Prezident İlham Əliyev 44 gün ərzində dünyanın ən aparıcı media orqanlarına 30-dan çox müsahibə verərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bu müsahibələr təkcə informasiya deyil, həm də siyasi silah idi. Məhz bu silah beynəlxalq ictimaiyyətin diqqətini reallığa yönəltdi. Dövlət başçısının çıxışları həm xalqı ruhlandırır, həm də düşmənin və onu dəstəkləyən qüvvələrin planlarını pozurdu. Cənab Prezidentin hər bir sözü xalqın ürəyindən gəlirdi və bu səbəbdən milyonlarla insan həmin nitqlərdə öz hisslərini, öz arzularını gördü. Müharibə zamanı igidlik göstərən 160 minə yaxın hərbçi dövlət tərəfindən orden və medallarla təltif edilib. Şəhidlərin xatirəsi xalqın yaddaşında əbədi yaşayır. Onların qanı ilə yazılan bu Zəfər gələcək nəsillərə milli qürur, vətənpərvərlik və azadlıq sevgisi aşılayır. İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında dayanan Türkiyə qardaşlığı bu qələbənin mənəvi dayaqlarından biri oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı xalqımıza əlavə güc verdi. Bu birlik sonradan Şuşa Bəyannaməsi ilə rəsmiləşərək iki ölkəni müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu gün regionda sülh və sabitliyin əsas təminatçısı da məhz bu sarsılmaz Azərbaycan–Türkiyə birliyidir. Vətən müharibəsi xalqımızın birliyinin nə qədər möhkəm olduğunu bir daha göstərdi. Ön cəbhədə döyüşən əsgərimizlə yanaşı, arxa cəbhədə milyonlarla insan – könüllülər, jurnalistlər, həkimlər, vətəndaşlar – bir məqsəd uğrunda səfərbər oldu. Siyasi partiyalar fərqli baxışlara malik olsalar da, hamısı Ali Baş Komandanın ətrafında birləşdi. Bu birlik və həmrəylik “Dəmir yumruq” kimi xalqın iradəsini, dövlətin gücünü simvollaşdırdı. Qələbə Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Cənab Prezident İlham Əliyev azad edilmiş torpaqlara səfərləri ilə həm sevincini xalqla bölüşdü, həm də həmin ərazilərin dirçəldilməsi istiqamətində konkret tapşırıqlar verdi. Qısa müddətdə yollar, hava limanları, məktəblər, xəstəxanalar, məscidlər bərpa olunur. “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib və keçmiş məcburi köçkünlər doğma yurdlarına dönürlər. Cənab Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 Noyabr Zəfər Günü kimi təsis edildi. Hər il bu gün ölkəmizin hər bir guşəsində qürurla, minnətdarlıqla qeyd olunur. Zəfər Günü bizim milli tariximizin ən şanlı səhifəsidir. Bu gün biz təkcə qələbəni deyil, həm də milli ruhumuzu, müstəqilliyimizin sarsılmazlığını qeyd edirik. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin, Ali Baş Komandanın iradəsi sayəsində Azərbaycan dünyaya öz sözünü dedi: Bu torpaqlar bizimdir, bu Zəfər əbədi bizimlədir! İlham Abbasov, Goranboy rayon İcra Hakimiyyəti başçısının Börü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, YAP Goranboy rayon təşkilatının Börü ərazi partiya təşkilatının sədri. Geri dön |