Ana Sayfa > Siyasət > Bayrağımız milli kimliyimizdir

Bayrağımız milli kimliyimizdir


Bu gün, 11:56. Yazar: azer
Bayrağımız milli kimliyimizdir

Azərbaycanın mavi göylərində dalğalanan üçrəngli bayraq yalnız parça deyil; o, xalqımızın azadlıq arzularının, milli iradəsinin və dövlətçilik əzminin simvoludur. Hər bir Azərbaycan vətəndaşı üçün bu bayraq həm keçmişin qəhrəmanlıqlarını, həm də gələcəyin ümidini daşıyan müqəddəs rəmzdir. 9 noyabr tarixi isə bu müqəddəs rəmzin əhəmiyyətini bir daha vurğulayan gün kimi xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub.

Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu qərar həm də Əmək Məcəlləsinin 105-ci maddəsinə əsaslanaraq bayramın qeyri-iş günü kimi təsbit edilməsini təmin etdi və xalqımızın milli rəmzlərə hörmətini rəsmi qaydada əks etdirdi.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayraq milli istiqlal ideyalarının simvolu oldu. Mavi, qırmızı və yaşıl zolaqların hər biri azadlıq, milli birlik və islam dəyərlərini təcəssüm etdirir. Bu ideyaların müəllifi, görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə, xalqımıza milli azadlıq yolunda nizamlı və davamlı bir məfkurə miras qoymuşdur. Üçrəngli bayraq, hər birimizin qəlbində azadlıq eşqi və dövlətçiliyə sadiqliyin əyani sübutu olaraq dalğalanır.
Ulu Öndər Heydər Əliyev 1990-cı illərdə milli dövlətçilik ənənələrimizin möhkəmlənməsində tarixi rol oynadı. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində onun təşəbbüsü ilə üçrəngli bayraq rəsmi Dövlət Bayrağı elan edildi. Ardınca 1991-ci ilin fevral ayında Azərbaycan Respublikasının Ali Soveti bu bayrağı yenidən dövlət atributu kimi təsdiqlədi. Heydər Əliyevin uzaqgörən siyasəti, milli iradəyə verdiyi önəm sayəsində, Azərbaycan xalqı müstəqillik dövründə milli rəmzlərinə sahib çıxdı və dövlətçilik ənənələrini qorudu. Onun qərarları milli dövlətçiliyimizin təməl sütunlarını möhkəmləndirdi, xalqın milli qürurunu artırdı və gələcək nəsillərə örnək oldu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi isə bayrağımızın simvolik əhəmiyyətini daha da möhkəmləndirdi. Dövlət başçısı çıxışlarında bayrağımızın həm milli qürur, həm də dövlətçilik rəmzi olduğunu vurğulayıb: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. O, milli suverenliyimizin və azadlığımızın rəmzidir.” 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qələbəsi nəticəsində işğaldan azad edilən torpaqlarda üçrəngli bayrağımızın dalğalanması xalqımızın birliyini, dövlətimizin gücünü və milli qürurumuzu əbədiləşdirdi.

Dövlət Bayrağı, həmçinin milli həmrəylik və azərbaycançılıq məfkurəsinin təməl daşıdır. Onun hər bir vətəndaşın qəlbindəki yeri əvəzolunmazdır. Bayrağa hörmət göstərmək, onun əzəmətini qorumaq hər birimizin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət rəmzlərinə hörmətsizlik hüquqi məsuliyyətə səbəb olur və milli-mənəvi dəyərlərimizə sahib çıxma öhdəliyimizi gücləndirir.

Bugünkü müstəqil Azərbaycan, Ulu Öndərin irsini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə qoruyub möhkəmləndirir. Üçrəngli bayraq yalnız tarixi bir simvol deyil; o, xalqımızın birliyinin, gələcəyə olan ümidinin və milli azadlığın rəmzidir. Hər bir evdə, hər bir küçədə, hər bir dövlət qurumunda dalğalanan bu bayraq, Azərbaycan xalqının qəlbindəki əbədi qürurun ifadəsidir.
Bayrağımızın hər dalğalanışı xalqımıza milli kimliyimizin möhkəmliyini xatırladır, gələcək nəsillərə vətənpərvərlik hissini aşılayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı əmin edir ki, bu bayraq həmişə yüksəklərdə dalğalanacaq, milli iradə və dövlətçilik gücümüzün simvolu olaraq daim işıqlı gələcəyə istiqamət verəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön