Ana Sayfa > Özəl > 8 Noyabr – Zəfər Günü: Qalib Azərbaycanın Şanlı Tarixi
8 Noyabr – Zəfər Günü: Qalib Azərbaycanın Şanlı TarixiBu gün, 11:39. Yazar: azer |
![]() 8 noyabr Azərbaycan tarixinin ən parlaq, ən şərəfli səhifələrindən biridir. Bu gün xalqımızın qəhrəmanlıq, birlik və dövlətçilik ruhunun təntənəsidir. 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Qələbə qazandı, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi və milli qürurumuzu bərpa etdi. 44 gün davam edən müharibə boyu ordumuz 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 8 noyabr 2020-ci ildə azad edilməsi isə müharibənin gedişini tam dəyişdi və Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu sənədlə noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana bir güllə atmadan qaytarıldı. Bununla da Azərbaycan yalnız döyüş meydanında deyil, həm də diplomatik və geosiyasi müstəvidə böyük uğura imza atdı. Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Elm və Təhsil Nazirliyi Fizika İnstititunun baş meneceri Xanlar Xanlarov deyib. Daha sonra X. Xanlarov sözlərinə davam edərək deyib ki, Şuşa uğrunda döyüşlər Azərbaycan Ordusunun rəşadətinin, xalqımızın iradəsinin və Prezident İlham Əliyevin müdrik liderliyinin təcəssümü idi. Sıldırım qayaları aşaraq, əlbəyaxa döyüşlərlə şəhəri azad edən qəhrəman əsgərlərimiz bir gün ərzində “alınmaz qala” hesab edilən Şuşanı düşməndən təmizlədilər. Bu döyüşlər xarici hərbi ekspertlər tərəfindən də “XXI əsrin müharibə möcüzəsi” adlandırıldı. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr “Zəfər Günü” elan edildi. Sərəncamda qeyd olunduğu kimi, Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynamış, xalqımızın döyüş əzmini və birliyini nümayiş etdirmişdir. Bu Zəfər həm də Azərbaycan dövlətinin gücünü, xalqımızın yenilməzliyini bütün dünyaya göstərdi. Zəfər Günü təkcə qazanılmış hərbi qələbənin deyil, həm də milli birliyin, Vətən sevgisinin, şəhidlərimizin müqəddəs ruhuna ehtiramın təntənəsidir. Bu gün Azərbaycan xalqı qürurla deyir ki, üçrəngli bayrağımız Şuşada, Laçında, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə və Xankəndidə dalğalanır. Bu Qələbə Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil dövlətin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Məhz bu siyasət sayəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib və Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş torpaqlarda nəhəng quruculuq işləri həyata keçirilir. X. Xanlarov sözlərini yekunlaşdıraraq deyib ki, Zəfər Günü bizim milli kimliyimizin, dövlət müstəqilliyimizin və azadlıq ruhumuzun rəmzidir. Bu gün biz qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin fədakarlığını ehtiramla yad edirik. Onların göstərdiyi şücaət Azərbaycan tarixinin ən möhtəşəm səhifələrinə qızıl hərflərlə yazılıb. Qalib Azərbaycan xalqı bu Zəfəri əsrlər boyu qürurla xatırlayacaq. 8 noyabr Zəfər Günü – Azərbaycan xalqının milli iradəsinin, Prezident İlham Əliyevin liderliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. aia.az Bayram Xudayarov Geri dön |