Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov : "Konstitusiya Müstəqil Azərbaycanın hüquqi varislik manifestidir"

Eltun Süleymanov : "Konstitusiya Müstəqil Azərbaycanın hüquqi varislik manifestidir"


Bu gün, 11:32. Yazar: azer
Eltun Süleymanov : "Konstitusiya  Müstəqil Azərbaycanın hüquqi varislik manifestidir"

Azərbaycan dövlətçiliyinin müasir tarixi səhifələri içərisində 12 noyabr xüsusi önəm daşıyır. Bu gün xalqın suveren iradəsini ifadə edən, müstəqilliyin hüquqi bünövrəsini formalaşdıran sənəd – Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Bu tarixi hadisə ilə ölkəmiz yeni bir mərhələyə – qanunun aliliyinə və hüquqi dövlət prinsiplərinə əsaslanan inkişaf dövrünə qədəm qoydu.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.


Müsahibimiz deyib ki, Azərbaycanın konstitusiya tarixi XX əsrin əvvəlindən başlayır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik arzusunu gerçəkləşdirdi, lakin qısa ömürlü olduğuna görə Əsas Qanun qəbul etmək imkanı tapmadı. Buna görə də Azərbaycan dövlətinin ilk Konstitusiyası sovet dönəminə təsadüf edir. 1921-ci il mayın 19-da keçirilmiş I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilən ilk Konstitusiya, daha sonra 1925, 1927 və 1937-ci illərdə qəbul olunan yeni redaksiyalarla dəyişdirildi. Lakin bu sənədlər Azərbaycanın gerçək dövlət iradəsini əks etdirmirdi – onlar mərkəzdən idarə olunan sovet sisteminin ideoloji çərçivəsində hazırlanmışdı. Azərbaycan tarixində dönüş yaradan hadisələrdən biri isə 1978-ci ildə qəbul edilmiş son sovet Konstitusiyası oldu. Həmin sənədin 73-cü maddəsinə “Azərbaycan dili dövlət dilidir” müddəasının daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsi idi. Bu addım milli kimliyimizin qorunması, ana dilimizin dövlət səviyyəsində hüquqi status qazanması baxımından mühüm tarixi mərhələ idi. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan üçün artıq yeni reallıq yaranmışdı. Dövlətin idarəetmə mexanizmini, vətəndaş-hakimiyyət münasibətlərini, insan hüquqlarının təminatını tənzimləyən müstəqil və milli ruhlu Konstitusiyanın qəbul edilməsi qaçılmaz idi. Bu vəzifənin həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin siyasi zəkası və uzaqgörənliyi ilə reallığa çevrildi. Onun rəhbərliyi ilə formalaşdırılmış Konstitusiya Komissiyası ölkənin hüquqi-siyasi sistemini müəyyən edən mütərəqqi sənədin layihəsini hazırladı. Ulu Öndər Heydər Əliyev o dövrün ictimai-siyasi şəraitində belə bir məqsəd qoymuşdu: “Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini ifadə etməli, onun dövlətçiliyinin sabitliyini, müstəqilliyinin əbədiliyini təmin etməlidir.” 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsində seçicilərin böyük əksəriyyəti yeni Konstitusiyanın lehinə səs verdi. Beləliklə, Azərbaycanın müstəqil dövlətçilik tarixində ilk milli Konstitusiya qəbul olundu və 27 noyabr 1995-ci ildə qüvvəyə mindi. Yeni Konstitusiya Azərbaycan Respublikasını demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdi, xalq hakimiyyətinin mənbəyini müəyyənləşdirdi. Hakimiyyətin qanunverici, icraedici və məhkəmə qolları arasında tarazlıq və qarşılıqlı məsuliyyət prinsipi formalaşdırıldı. Konstitusiyanın 48 maddəsi birbaşa insan hüquqları və azadlıqlarının qorunmasına həsr olunmuşdur. Bu müddəalar həm beynəlxalq hüququn əsas prinsiplərinə, həm də milli dəyərlərə söykənir. Azərbaycanda yaşayan bütün vətəndaşların – milliyyətindən, dinindən, dilindən asılı olmayaraq – bərabər hüquqlara malik olması Əsas Qanunda açıq şəkildə ifadə olunub. Ulu Öndərin bu sahədə fikirləri dərin hüquqi və siyasi fəlsəfəni özündə ehtiva edir: “Konstitusiya dövlətin əsas dayağıdır. O, xalqın iradəsini, cəmiyyətin inkişaf strategiyasını və milli kimliyini özündə cəmləşdirən sənəddir.” Zaman keçdikcə cəmiyyətin dəyişən reallıqları, iqtisadi və sosial islahatlar Konstitusiyanın mütəmadi təkmilləşdirilməsini zəruri etdi. 2002-ci il avqustun 24-də referendumla 24 maddəyə 29 dəyişiklik, 2009-cu il martın 18-də 25 maddəyə 30-a yaxın dəyişiklik, 2016-cı il sentyabrın 26-da isə 29 maddəyə 41 əlavə və düzəliş edildi. Sonuncu referendum nəticəsində Birinci vitse-prezidentlik institutu təsis olundu ki, bu da idarəetmə sistemində çevikliyi, məsuliyyət bölgüsünü və dövlətin sabit inkişafını təmin edən yeni mexanizm kimi qiymətləndirildi. Cənab Prezident İlham Əliyev Konstitusiyanın dəyərini belə ifadə etmişdir: “Heydər Əliyev tərəfindən hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanaraq, demokratik və hüquqi dövlətin təməlini qoydu.” Bu gün də Azərbaycan dövlətçiliyinin bütün hüquqi-siyasi sistemi həmin bünövrə üzərində inkişaf edir. Ulu Öndərin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə 12 noyabr – Konstitusiya Günü kimi təsbit olundu. Bu gün yalnız bir bayram deyil, həm də dövlət və xalq arasında qarşılıqlı məsuliyyətin, hüquq və azadlıqların təminatının, müstəqil dövlət quruculuğunun simvoludur. Əsas Qanunumuzda təsbit edilən prinsiplər — dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, insan hüquqlarının qorunması, hüquqi dövlətin qurulması — bu gün Azərbaycanın uğurlarının başlıca təminatçısıdır. Cənab Prezident İlham Əliyevin sözləri bu həqiqəti təsdiqləyir: “Azərbaycan Respublikası Konstitusiyası sabitliyi, inkişafı və milli iradəni təmin edən sənəddir. O, xalqın gələcəyinə inamını möhkəmləndirir, dövlətin gücünü artırır.”
Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi əsasını, dövlətçiliyimizin ideoloji dayağını təşkil edir. Bu sənəd yalnız qanunlar toplusu deyil, xalqın iradəsini, milli dəyərləri və dövlətin gələcək hədəflərini birləşdirən müqəddəs mətndir. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə qəbul edilmiş bu Əsas Qanun bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların, hüquqi sabitliyin və milli birliyin təməl daşıdır-deyə E. Süleymanov fikrini tamamlayıb.
Geri dön