Ana Sayfa > Siyasət > Ucalan Bayraq – Ucalan Vətənimizin Rəmzi !

Ucalan Bayraq – Ucalan Vətənimizin Rəmzi !


Bu gün, 10:27. Yazar: azer
Ucalan Bayraq – Ucalan Vətənimizin Rəmzi !

Azərbaycanın milli kimliyini, müstəqilliyini və qürurunu simvolizə edən Dövlət Bayrağı hər bir azərbaycanlı üçün müqəddəsdir. 9 Noyabr – Dövlət Bayrağı Günü bu müqəddəsliyin, milli birliyimizin, dövlətçiliyimizin təntənəsidir. Bu gün üçrəngli bayrağımızın ucaldığı hər bir yerdə xalqımızın azadlıq eşqi, milli ruhu və dövlət suverenliyinə sarsılmaz inamı dalğalanır.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilən üçrəngli bayraq yalnız bir parça parça deyil, bütöv bir xalqın tarixini, keçmişini və gələcəyə inamını ifadə edir. Mavi rəng – türk mənşəyimizi, yaşıl – İslam mədəniyyətinə mənsubiyyətimizi, qırmızı isə müasir sivilizasiyaya və inkişafa olan yönümüzü əks etdirir. Hilal və səkkizguşəli ulduz isə Azərbaycan adının, milli dəyərlərimizin, iman və zəka işığımızın rəmzidir.
Sovet dövründə bu bayraq unudulmaq istənsə də, xalqımızın yaddaşından silinmədi. O, ürəklərdə yaşadı, mübarizə ruhuna çevrildi. 1991-ci ildə müstəqilliyimiz bərpa olunanda, məhz həmin üçrəngli bayraq yenidən dövlət rəmzi kimi qaldırıldı. Bu, həm də azadlıq uğrunda canından keçən şəhidlərin ruhuna ehtiramın, xalqın iradəsinin və dövlətin əzminin təntənəsi idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqəddəs simvol bu gün ən yüksək məkanlarda – Qarabağ səmasında, Şuşa qalasında, Zəngilanda, Laçında və Xankəndidə dalğalanır. Bu, təkcə torpaqların deyil, həm də milli ləyaqətin, tarixi ədalətin bərpasıdır. 2020-ci il Zəfərindən sonra hər bir azərbaycanlının qəlbində bu bayrağın mənası daha da dərinləşdi: o, qələbənin, birlik və həmrəyliyin, milli qürurun rəmzinə çevrildi.
Dövlət Bayrağı Günü təkcə rəsmi təqvimdəki bayram deyil, xalqın ruhuna hopmuş bir dəyər, gələcək nəsillərə ötürülən milli mirasdır. Bu gün məktəblərdə, universitetlərdə, hərbi hissələrdə, dövlət müəssisələrində bayrağımız qarşısında sədaqət andı içən gənclər Azərbaycanın gələcəyinə inamla boylanır. Çünki bayrağa sədaqət – Vətənə sədaqətdir.
Hər bir azərbaycanlı üçün üçrəngli bayraq müqəddəs əmanətdir. Onu qorumaq, ucalarda saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Çünki bu bayraq altında biz azad olmuşuq, bu bayraq altında müstəqil dövlətimizi qurmuşuq, bu bayraq altında gələcəyə addımlayırıq.
Bayraq –millətin varlıq nişanəsidir. Hər dalğalanışı ilə o,bizə bir daha xatırladır: Azərbaycan əbədi,müstəqil və bölünməz dövlətdir!
Ucal bayrağım,ucal daim,Sənin rənglərin bizim varlığımızdır!

Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Geri dön