Ana Sayfa > Siyasət / Parlament > Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunub

Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunub


Dünən, 18:18. Yazar: azer
Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunub

Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iclası açaraq, tədbirdə “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
Parlamentin birinci viste-spikeri Konstitusiyamıza əsasən ölkənin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin, insanların rifahının yaxşılaşdırılmasının dövlətin ali məqsədlərindən olduğunu bildirib. Bununla yanaşı, Konstitusiyada dövlətin vəzifələrinin təsbit olunduğunu və onların həyata keçirilməsi üçün ölkə Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi və sosial strategiyanın əks olunduğunu qeyd edib. Eyni zamanda, hazırda Böyük Qayıdış layihəsinin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, 2026-cı il dövlət büdcəsinin layihəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün lazımi iqtisadi və maliyyə əsaslarının təmin edildiyini söyləyib.
Əli Əhmədov beynəlxalq aləmdə gedən mürəkkəb proseslərin iqtisadi sahədə də müəyyən çağırışlar yaratdığını deyib. O, bütün bunlara baxmayaraq, Azərbaycanda iqtisadi və sosial sahələrdə uğurların əldə edildiyini bildirib. Ölkəmizin 2026-ci il üçün dövlət büdcəsinin həm gəlirlərində, həm xərclərində artımın müşahidə edildiyini, bu büdcənin də ənənəvi olaraq sosialyönümlü olduğunu qeyd edib. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisinin 41 faiz olduğunu deyib. Büdcənin həyatın bütün sahələrində qarşıda qoyulan vəzifələrin icrası üçün lazımi təmimat yaratdığını bildirib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.
O, bildirib ki, növbəti ilin büdcəsi hazırlanarkən makroiqtisadi və fiskal dayanıqlıq, monetar sabitlik prinsipləri, habelə ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi məsələləri əsas götürülüb. Bununla yanaşı, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində tədbirlərin təmin edilməsi həm dövlət büdcəsi, həm də icmal büdcə çərçivəsində nəzərdə tutulub. Eyni zamanda, Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının inkişafı, keçmiş məcburi köçkünlərin bu ərazilərə geri qayıtması üçün maliyyə təminatı yaradılıb. İqtisadiyyatın inkişafı, davamlı kapital qoyuluşunun təmin edilməsi, infrastrukturun daha da yaxşılaşdırılması üçün geniş təminat nəzərdə tutulub. Büdcə zərfi çərçivəsində, həmçinin özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması, iqtisadiyyatın müxtəlif istiqamətlərinə dəstək tədbirləri təklif olunur. Layihədə neft gəlirlərindən asılılığın azaldılması, ölkənin valyuta ehtiyatlarının qorunmasına yönəlmiş tədbirlər də öz əksini tapıb.
Nazir əsas maktoiqtisadi göstəriciləri təqdim edərək bildirib ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri neft-qaz ÜDM-in 5,0 faiz artaraq 101,7 milyard manat təşkil edəcək. Xam neftin 1 barrelinin orta illik ixrac qiyməti 65 ABŞ dollar, orta illik inflyasiya 4,8 faiz müəyyən edilib. 2026-cı il üçün dövlət borcunun proqnozunun ÜDM-də nisbəti 21,8 faiz olaraq qiymətləndirilir. Ölkənin strateji valyuta ehtiyatları 1 noyabr tarixinə 81.5 milyard ABŞ dolları həcmindədir. 2026-cı ildə Neft Fondunun gəlir və xərcləri balanslaşdırılıb və Neft Fondundan büdcəyə transfert 1 milyard ABŞ dolları həcmidə azaldılıb. Ümumilikdə, dövlət büdcəsinin gəlirlərinin 57 faizi, icmal büdcənin gəlirlərinin 63 faizi qeyri neft-qaz gəlirləri hesabına təmin edilib. İcmal büdcədə növbəti ildə qeyri neft-qaz kəsirinin ÜDM-də nisbəti 19 faiz müəyyən edilib. Dövlət büdcəsinin cari xərclərinin 88 faizinin qeyri neft-qaz gəlirləri hesabına qarşılanacağı planlaşdırılır.
Sonra Sahil Babayev büdcənin xərcləri ilə bağlı məlumat verərək bildirib ki, icmal büdcə xərcləri ÜDM-in 36 faizinə, qeyri neft-qaz ÜDM-in 48 faizinə bərabər olacaq. Dövlət büdcəsinin 34 faizi investisiyayönümlü xərclərə yönəldilib. Ümumilikdə, icmal büdcənin xərcləri 48,8 milyard manat, dövlət büdcəsinin xərcləri isə 41,7 milyard manat olaraq proqnozlaşdırılır. Dövlət borcuna xidmətlə bağlı xərclər 2,5 milyard manat müəyyən edilib. Büdcənin müxtəlif istiqamətlər üzrə xərcləri barədə qeyd edilib ki, sosialyönlü xərclərə 17,1 milyard manat, təhsil sahəsində xərclər 5 milyard manat, sosial müdafiə və sosial təminat xərcləri 4.9 milyard manat, səhiyyə xərcləri dövlət büdcəsində 2 milyard manat, icmal səhiyyə xərcləri isə 3,7 milyard manat, ölkənin müdafiə və milli təhlükəsizliyi ilə bağlı xərcləri 8.7 milyard manat, iqtisadi fəaliyyət xərclərinə 7.9 milyard manat, kənd təsərrüfatı xərclərinə 1.2 milyard manat, ətraf mühitin və təbiətin mühafizəsi üzrə xərclər 420 milyon manat, beynəlxalq fəaliyyətlə bağlı xərclər 550 milyon manat məbləğində müəyyən edilib.
Büdcə gəlirləri ilə əlaqədar qeyd olunub ki, 2026-cı ildə icmal büdcənin gəlirləri 45.0 milyard manat, dövlət büdcəsinin gəlirləri isə 38.6 milyard manat təşkil edəcək. O cümlədən qeyri neft-qaz sektoru üzrə gəlirlər 22,2 milyard manat, neft-qaz sektoru üzrə gəlirlər 16,4 milyard manat, Dövlət Vergi Xidmətindən daxilolmalar 16,9 milyard manat, Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 6,9 milyard manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə gəlirlər 1 milyard 21 milyon manat, sair gəlirlər 531 milyon manat, Dövlət Neft Şirkətinin dividendlərindən isə 450 milyon manat gəlir proqnozlşadırılır. Qeyd olunub ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində qiymətləndirilir.
Nazir, habelə bildirib ki, 2026-cı ilin icmal büdcəsində Dövlət Neft Fondunun gəlir və xərcləri 13 milyard manat məbləğində proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri 483 milyon manat məbləğində müəyyən olunub.
O, dövlət büdcəsinin və icmal büdcənin 2026-ci il və 2026-2029-cu illər üzrə təqdim edilmiş layihəsinin ölkənin növbəti ildə və ortamüddətli dövrdə dayanıqlı inkişafı üçün lazımi təminatlar yaratdığını bildirib.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar sayəsində Azərbaycan sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Qeyd edilib ki, ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir.
Nazir müavini bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı nəzərdə tutulur. Qeyri neft-qaz sektorunda iqtisadi artımın 2,9 faiz təşkil etməsi nəticəsində ümumi iqtisadi artım 1,3 faiz olub. ÜDM-in növbəti ildə 2,9 faiz, 2026-2029-cu illərdə orta illik hesabla 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5 faiz ətrafında artacağı proqnozlaşdırılır.
Anar Axundov nəzərə çatdırıb ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətdə intensiv işlər görülür. Bu sənədlərin reallaşması ölkə iqtisadiyyatının mənzərəsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq, xüsusilə prioritet sahələrdə iqtisadi artım templəri sürətlənəcək, iqtisadi artımın və məşğulluğun dayanıqlığı daha da artacaq.
Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2026-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini açıqlayıb. O, bildirib ki, rəy 2026-cı il üçün dövlət büdcəsinə dair Qanun layihəsinin və layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir. Nəzərə çatdırılıb ki, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğunun təmin olunması dövlət büdcəsinin gəlir və xərclərinin düzgün uçotunun aparılması istiqamətində Hesablama Palatasının əvvəlki rəylərində göstərilmiş əksər məsələlər büdcə zərfində nəzərə alınıb, habelə bəzi düzəlişlər edilib. Qanun layihəsinin “Büdcə sismemi haqqında” Qanunun tələblərinə uyğun tərtib edildiyi qeyd olunub.
Palata sədri təqdim olunan rəydə qanun layihəsinə daxil edilən göstəricilərin maddələr üzrə təhlili edildiyini, bəzi maddələr üzrə təkmilləşdirmələrin aparılmasının məqsədəmüvafiq hesab olunduğunu, bununla yanaşı sənədin hazırlanması zamanı Hesablama Palatasının tövsiyələrinin nəzərə alındığını bildirib. O, qeyd edib ki, 2026-cı ilin baza ssenarisində olan proqnoza əsasən, ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən iqtisadiyyatda real artımın, məqbul inflyasiyanın, cari əməliyyatlar balansında profisitin və sabit məzənnənin təmin ediləcəyi gözlənilir.
Sonra Vüqar Gülməmmədov 2026-cı ilin büdcəsinə dair fiskal risklər, dövlət və icmal büdcələrin gəlir və xəcrlərinin təhlili, dövlət büdcəsinin kəsiri və kəsirin maliyyələşdirilməsinin təhlili üzrə əsas nəticələr, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini açıqlayıb, palatanın tövsiyələrini nəzərə çatdırıb.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək vurğulayıb ki, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, hər bir vətəndaşımıza layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədi ilə geniş islahatlar proqramı həyata keçirilir. Nəzərə çatdırılıb ki, son 7 ildə ölkədə 5 sosial islahat zərfi icra edilib və bu islahatların illik maliyyə tutumu 7,6 milyard manat təşkil edib. Cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində minimum əməkhaqqı, minimum pensiya, habelə sosial müavinətlərin, Azərbaycan Prezidentinin təqaüdlərinin, tələbə təqaüdlərinin məbləğləri, hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılıb. Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etməklə, illik əlavə maliyyə tutumu 885 milyon manat təşkil edib.
Bildirilib ki, növbəti ilin büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manat təşkil edəcək. Sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 41,1 faiz nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Nazirliyin fəaliyyət istiqamətləri üzrə isə gələn il 4 milyard 537 milyon manatın ayrılması nəzərdə tutulur və bu vəsaitin 98 faizi əhaliyə ödənişlərə sərf ediləcək.
Sonra nazir Dövlət Sosial Müdafiə Fondunun büdcəsi barədə məlumatında bildirib ki, Fondun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat proqnozlaşdırılır. Fondun növbəti il üçün xərcləri isə 8 milyard 483 milyon manat həcmində nəzərdə tutulub və bunun 96,6 faizi və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub.
Qeyd olunub ki, İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulub. Gəlirlərin 236,6 manatı və ya 99,3 faizi işsizlikdən sığorta haqlarından yığım hesabına formalaşacaq. Sığorta haqları üzrə yığımın 78 faizi qeyri-büdcə sektorunun payına düşəcək. Fondun növbəti il üçün xərclərinin 266,4 milyon manat həcmində olacağı proqnozlaşdırılır Xərclərin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 26 milyon manatı peşə hazırlığının və əlavə təhsilin təşkilinə, 28 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümlü məsləhət xidmətlərinin göstərilməsinə, 3,7 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 6 milyon manatı sosial iş yerlərində əməkhaqqının maliyyələşdirilməsinə, 2 milyon manatı sosial müəssisələrin yaradılmasına və məqsədli proqramların həyata keçirilməsinə, 1 milyon manatı isə digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcək. Ümumilikdə, 2026-cı ildə Fondun vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
Daha sonra səhiyyə naziri Teymur Musayev çıxış edib. O, qeyd edib ki, həyata keçirilən dövlət siyasətinin əsas məqsədi vətəndaşların sosial rifahının yüksəldilməsidir. Nazir vurğulayıb ki, sağlam vətəndaşlar ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bu məqsədlə səhiyyə sektoruna ayrılan büdcə vəsaitləri ildən-ilə artır, səhiyyə infrastrukturu yenilənir və müasir çağırışlara uyğunlaşdırılır.
Bildirilib ki, 2026-cı il dövlət büdcəsində səhiyyə bölməsi üzrə xərclər ümumi büdcə xərclərinin 4,9 faizini təşkil edir. O cümlədən, 2026-cı il üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Nazir bildirib ki, 2026-cı ildə beş dövlət proqramı çərçivəsində Səhiyyə Nazirliyinə 91,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Qeyd olunub ki, “2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” üzrə maliyyələşmə əvvəlki illə müqayisədə 6 milyon manat və ya 21,1 faiz artmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, uşaqların ən azı 90 faizinin peyvəndlə əhatə olunması hər bir ölkənin əsas səhiyyə göstəricilərindən biri sayılır. 2026-cı ilin sonunda ölkəmizdə bu göstəricinin 95 faizə çatdırılması nəzərdə tutulur.
Sonra iclasda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov səhiyyə, sosial, xarici siyasət və ekologiya sahələrinə ayrılan vəsaitlərin həcminin artırılmasını ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi kimi dəyərləndiriblər. Komitə sədrləri icbari tibbi sığortanın əhatə etdiyi müalicə, tibbi əməliyyat və dərman vasitələrinin sayının artırılması, Azərbaycanın sosial siyasət və xarici siyasət sahəsindəki uğurları, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin fəaliyyəti, ölkəmizdə yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi, meşə fondunun idarə olunması, bioloji müxtəlifliyin qorunması və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin deputatları Nigar Məmmədova, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Asim Mollazadə, Müşfiq Məmmədli, Vüqar Rəhimzadə, Asif Əsgərov, Rövşən Muradov, Naqif Həmzəyev, Jalə Əliyeva, Sevil Mikayılova, Pərvanə Vəliyeva, Elman Nəsirov və Nəsib Məhəməliyev 2026-cı ilin dövlət büdcəsindəki artımları yüksək qiymətləndiriblər, bir sıra məsələlər barədə təkliflərini diqqətə çatdırıblar.
Sonra maliyyə naziri Sahil Babayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.
İclasda iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deputatların səsləndirdikləri fikirlərə münasibət bildirib, onların suallarını cavablandırıb. Zaur Əliyev ölkəmizdə ilkin səhiyyə xidmətinin inkişafı sahəsində görülən işlər, həyata keçirilən pilot layihələr, kəndlərdə tibb məntəqələrinin yenidən qurulması sahəsindəki tədbirlər, kadr təminatının tənzimlənməsi və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.
Sonra səhiyyə naziri Teymur Musayev iclasda səhiyyə sahəsi ilə bağlı qaldırılan məsələlərə münasibətini açıqlayıb.
Tədbirə yekun vuran Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bu iclasda 2026-cı ilin dövlət büdcəsinin geniş müzakirə olunduğunu və büdcə layihəsi barədə dəyərli fikirlər səsləndirildiyini diqqətə çatdırıb.
İclasın sonunda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə tövsiyə olunub.
İclasda Milli Məclisin deputatları Fariz İsmayılov, Rizvan Nəbiyev, Elşad Musayev, Fatma Yıldırım, Bədəl Bədəlov, Afət Həsənova, Eyvaz Qurbanov, Əziz Ələkbərov, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov, Səttar Möhbalıyev, Anatoliy Rafailov, Qaya Məmmədov, Gülşən Paşayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, xarici işlər nazirinin müavini Samir Şərifov, Dövlət Gömrük Komitəsinin sədr müavini Fuad Məmmədov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
Geri dön