Ana Sayfa > Siyasət > Şuşa zəfəri milli qüdrətin və dirçəlişin təntənəsidir

Şuşa zəfəri milli qüdrətin və dirçəlişin təntənəsidir


6-11-2025, 11:36. Yazar: azer
Şuşa zəfəri milli qüdrətin və dirçəlişin təntənəsidir

2020-ci il noyabrın 8-i Azərbaycanın şanlı tarixinə Zəfər Günü kimi həkk olunmuşdur. Dörd il əvvəl, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın döyünən qəlbi – Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi an, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və xalqımızın misilsiz birliyinin təcəssümü olaraq, milli qürurumuzun ən yüksək zirvəsinə çevrildi. Şuşa əməliyyatı yolsuzluq, sıldırım qayalıqlar və çətin döyüş şəraitində yüngül silahlarla zirehli texnikaya qarşı qazanılmış, dünya hərb tarixinə düşən nadir peşəkarlıq və fədakarlıq nümunəsidir. Birmənalı şəkildə demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa dayanır.
Cənabn Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Şuşasız bizim işimiz yarımçıq qalar”. 44 günlük Vətən müharibəsinin hər günü şanlı bir dastan idi. Rəşadətli Ordumuz dayanmadan, inamla irəliləyərək bu xəyalı reallığa çevirdi. Bu Qələbə, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu güclü, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövləti quruculuğu siyasətinin məntiqi nəticəsi idi. Müasir silah-sursatla təmin olunmuş Ordu, yüksək döyüş qabiliyyəti və ən əsası, fədakar, vətənpərvər gənc nəsil bu müqəddəs missiyanın icrasına öz əvəzsiz töhfəsini verdi.
Döyüş meydanında qazanılan bu tarixi Qələbənin əhəmiyyətini cənab Prezident İlham Əliyev bu sözlərlə səciyyələndirdi: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox.” Bu zəfər, həm də "məğlubedilməz erməni ordusu" mifini dağıdan, düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimizin əbədi xatirəsinə hörmətin təntənəsidir. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, nümayiş etdirdiyi görünməmiş milli həmrəylik bu zəfəri labüdləşdirdi. Prezidentin simvolik olaraq göstərdiyi "Dəmir Yumruq" təkcə düşmənin başını əzən qüvvə deyil, həm də Azərbaycan xalqının əbədi birliyinin rəmzidir.

2023-cü ilin sentyabr ayında aparılan antiterror əməliyyatları isə Zəfər yürüşünün davamı oldu. Cəmi 23 saat 48 dəqiqə çəkən bu əməliyyat Ali Baş Komandanın qətiyyətini və Ordumuzun gücünü bir daha nümayiş etdirdi, Qarabağda separatizmin varlığına birdəfəlik son qoydu. Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızın ucaldılması ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.
Şuşanın azad edilməsi ilə şəhərə yenidən həyat qayıdıb. 28 illik ayrılıqdan sonra doğma Şuşa yeni bir ruh, yeni bir nəfəs alır.Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ildə Azərbaycanın Mədəniyyət Paytaxtı, 2022-ci ildə “Şuşa İli” elan edilən şəhər, həmçinin 2023-cü ildə “Türk dünyasının”, 2024-cü ildə isə “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilib. Bu gün Şuşada böyük quruculuq, təmir-bərpa işləri aparılır. İgidlərimizin dağları aşaraq açdığı cığır boyu salınan "Zəfər Yolu" (101 km) bu qayıdışın simvoludur. Tarix və mədəniyyət abidələri - məscidlər, ev-muzeylər, Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün bərpa edilmiş büstləri əvvəlki yerlərinə qoyulur, şəhərin tarixi siması qorunur.

Ali Baş Komandan İlham Əliyevin Şuşaya mütəmadi səfərləri, görülən işlərlə şəxsən tanış olması, xarici dövlət başçılarının iştirakı ilə keçirilən mühüm tədbirlər (Şuşa Bəyannaməsi, Qlobal Media Forumu, TDT Zirvə görüşü) şəhərin beynəlxalq əhəmiyyətini və dirçəlişini təsdiqləyir. Qanunvericilik bazası (“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun, Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması) Şuşanın gələcək inkişafının zəmanətidir.
Noyabrın 8-i –Şuşa şəhəri Günü – işğaldan azad edilmiş digər şəhərlərin günləri kimi, Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Biz xalqımızın öz Liderinin rəhbərliyi ilə tarix yazmağa davam etdiyi, xəyalların gerçəkləşdiyi qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olaraq qalacaq.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön