Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Özəl > Yaxın Şərq idarə olunan qeyri-sabitlik məngənəsində

Yaxın Şərq idarə olunan qeyri-sabitlik məngənəsində


Dünən, 13:38. Yazar: sevinc1
Yaxın Şərq idarə olunan qeyri-sabitlik məngənəsində
Yaxın Şərq regionu 2025-ci ilin payızında qlobal siyasətin əsas gərginlik və diplomatik fəaliyyət mərkəzi olaraq qalır. Hazırda bu coğrafiyanın mənzərəsini İsrail-Fələstin münaqişəsinin bitməyən dramı və İran İslam Respublikasının mürəkkəb daxili və xarici siyasət strategiyası formalaşdırır. Mövcud vəziyyət, bütün siyasi proseslərlə birlikdə, sistemli və davamlı sülh mexanizmlərinin həyati zərurətə çevrildiyini bir daha qabardır.
Oktyabr ayında Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti, Qəzza zolağındakı faciəvi humanitar böhranı dayandırmaq və münaqişəyə dialoq əsaslı həll tapmaq üçün beynəlxalq səylərin kulminasiya nöqtəsi idi. Tədbir, hər nə qədər uzunmüddətli sülh zəmanəti verməsə də, böhranın tamamilə nəzarətdən çıxmasının qarşısını alan mühüm bir platforma oldu. Böyük Britaniya, Fransa və Kanada kimi əsas Qərb dövlətlərinin Fələstini dövlət kimi tanıma ehtimalı barədə verdiyi bəyanatlar isə beynəlxalq ictimaiyyətin "İki dövlətli həll" prinsipinə sadiqliyinin artdığını göstərir. Bu diplomatik təzyiq, münaqişənin həlli üçün yeni və həlledici siyasi stimul yarada bilər. Eyni zamanda, regionun ərəb dövlətləri – xüsusən də Misir, İraq və İordaniya daxilində iqtisadi və energetika sahələrində artan əməkdaşlıq cəhdləri, regional güc balansını dəyişdirə biləcək yeni bir güc mərkəzinin formalaşmasına işarə edir.
İranın Yaxın Şərqdəki rolu onun "Müqavimət Oxu" strategiyası ilə birbaşa bağlıdır. Bu strategiya regionda sadəcə təsir dairəsini genişləndirmir, həm də münaqişələrin dərinləşməsində katalizator rolunu oynayır. HƏMAS, Hizbullah və Husi qruplaşması kimi proksi qüvvələrə edilən hərbi və maliyyə dəstəyi İranın regional gərginliyi idarə etmək və qlobal rəqiblərə qarşı daim təzyiq yaratmaq üçün istifadə etdiyi əsas alətlərdir. İranın hərbi imkanları, xüsusilə də "Shahed-136" dronlarının istehsalı, təkcə Yaxın Şərqə yox, Rusiya vasitəsilə Avropa sərhədlərinə qədər uzanan real bir təhdidə çevrilib. Nüvə proqramına gəlincə, 60\%-dək zənginləşdirilmiş uran ehtiyatlarının artırılması ilə İran, nüvə silahı yaratmaq üçün texniki məsafəni "bir addımlıq" qədər azaldan təzyiq aləti qazandırır. Bu "nüvə qumarı" Tehrana diplomatik masada güc verir, lakin hərbi müdaxilə riskini təhlükəli dərəcədə yüksəldir.
Lakin İranın regional ambisiyaları illərlə davam edən sanksiyalar və daxili siyasi qeyri-sabitlik səbəbindən ciddi maliyyə zərbəsi altındadır. ABŞ və BMT sanksiyalarının bərpası, iqtisadiyyatın kiçilməsi proqnozları və yüksək inflyasiya (52\%-ə çatmışdı) nəticəsində əhalinin həyat səviyyəsi kəskin şəkildə pisləşir. Sanksiyalar neft sektoruna zərbə vuraraq, investisiya cəlb etmək imkanlarını məhdudlaşdırır. Prezident Məsud Pezeşkian reformist siyasətçi kimi, köhnəlmiş və korrupsiyalaşmış dövlət sistemini "silkələmək" və iqtisadiyyatı rasionalizasiya etmək niyyətindədir. O, Qərblə münasibətləri normallaşdırmaqla ölkəni iqtisadi böhrandan xilas etməyə çalışır. Lakin Pezeşkianın islahatçı gündəliyi, SEPAH daxilindəki radikal qrupların və mühafizəkar elitanın amansız müqaviməti ilə üzləşir. Siyasi istefalar, impiçmentlər və Prezidentə qarşı aparılan mənfi kampaniyalar daxili çəkişmələrin kəskinliyini göstərir. Bu mübarizə, Pezeşkianın siyasətini iflic edərək, ölkəni yenidən radikal və təklənmiş yola qaytara biləcək ən böyük daxili riskdir.
Nəticədə, Yaxın Şərq idarə olunan qeyri-sabitlik dövrünə qədəm qoyub. İranın regional təsirini saxlamaq səyləri onun iqtisadi çöküşü və daxili parçalanması ilə qarşılaşır. Pezeşkianın reformasiya səyləri sistemi xilas etmək üçün son diplomatik cəhd olsa da, daxili güc strukturları buna mane olur. Qlobal oyunçular üçün əsas vəzifə isə, regionda böyük müharibənin qarşısını almaqla yanaşı, İranın nüvə və regional ambisiyalarını məhdudlaşdıracaq balanslaşdırılmış, lakin kəskin bir strategiya tapmaqdan ibarətdir.

Şəmsi QOCA

Geri dön