Ana Sayfa > Karusel / Manşet / Gündəm / Özəl / Yazar1 > "BOZ KARDİNAL"IN TƏHSİLDƏKİ UZANTILARI VƏ "MİRASI"

"BOZ KARDİNAL"IN TƏHSİLDƏKİ UZANTILARI VƏ "MİRASI"


Bu gün, 16:41. Yazar: sevinc1
"BOZ KARDİNAL"IN TƏHSİLDƏKİ UZANTILARI VƏ "MİRASI"
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində irəli sürülən ağır ittihamlar və onun "boz kardinal" fəaliyyəti, illərlə dövlət idarəçiliyində, xüsusən də təhsil sistemində yaradılan qeyri-şəffaf kadr şəbəkəsini yenidən gündəmə gətirib. Cəmiyyətdə geniş yayılmış fikirlər ondan ibarətdir ki, Ramiz Mehdiyevin təhsilə vurduğu zərbə təkcə Misir Mərdanovun nazirliyi dövründə baş verən idarəetmə krizisləri ilə məhdudlaşmır, bu təsir hələ də Bakı şəhəri təhsilinin idarəetməsində özünü göstərir.
Lakin maraqlıdır ki, bu gün təhsildə müşahidə olunan ciddi nöqsanlara görə hələ də sabiq nazir Misir Mərdanov hədəf seçilir, sosial şəbəkələrdə onu günahlandıran rəylər və yazılar intensiv şəkildə yayılır.
Araşdırmalarınızın göstərdiyi kimi, Misir Mərdanovu hədəf alan bu tənqidi axının arxasında, indiki Elm və Təhsil Nazirliyinin (ETN) bəzi rəhbər şəxslərinə trol çəbəkəsi durur. Nazir Emin Əmrullayevin rəhbərliyi ilə əlaqələndirilən, "FETÖ-çü" kimi xarakterizə edilən bu şəxslər, konkret olaraq Nazirliyin mətbuat xidmətinin rəhbəri Səbuhi Rzayevin (vaxtilə sədaqətli nurçu olan Elnur Aslanovun köməkçisi olduğu, Fətullah Gülənə yazılmış məşhur mesajın müəllifi olduğu məlumdur) və ARTİ-nin direktoru, təhsilin "boz kardinalı" tituluna namizəd sayılan Elnur Əliyevin trolları kimi təqdim olunur. Bu qüvvələr, öz fəaliyyətlərini pərdələmək və ictimai diqqəti başqa istiqamətə yönəltmək üçün Misir Mərdanovu günah hədəfinə çevirirlər.
İndi gəlin o dövrə ekskurs edərək əlahəzrət faktlara müraciət edək, görək təhsildəki nöqsanlarda Misir Mərdanovun günahı nə qədərdir?
2006-2013-cü illərdə BŞTİ-nin STPKİ sektorunda (indiki İnsan Resursları Sektoru) aparıcı məsləhətçi vəzifəsində işləyirdim. Müşahidələrim və eşidib gördüklərimndən belə nəticəyə gəlmişdim ki, Misir Mərdanovun bəzi məsələlərdə göstərdiyi "dikbaşlıq", “boz kardinal”a qarşı müqaviməti ona qarşı sərt reaksiyaya səbəb olur. Mərdanovu əzmək və Təhsil Nazirliyinin səlahiyyətlərini məhdudlaşdırmaq üçün istifadə olunan ən mühüm mexanizmlərdən biri, məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) Nazirliyin tabeliyindən çıxarılaraq Rayon (şəhər) İcra Hakimiyyətlərinə, Bakı şəhərində isə Ramiz Mehdiyevin "1 nömrəli kadrı" olduğu iddia edilən Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi oldu. Bu qərar nəticəsində, məktəb və bağçaların tikinti-təmir işləri kimi gəlirli sahələr Nazirliyin nəzarətindən çıxarılaraq başqa maraqlara xidmət edən strukturların ( yenə də Hacıbala Abutalıbovun) əlinə keçdi və bu da təhsil sisteminə ciddi zərbə vurdu. Boz kardinal paralel olaraq ictimai fikri təmir-tikinti sahəsində olan nöqsanları bu sahədə heç bir səlahiyyəti olmayan Təhsil nazirliyinin, xüsusən Misir müəllimin əleyhinə yönəltməklə bir güllə ilə iki dovşan vurmağı bacarmışdı.
Əksəriyyətin yadındadır ki, 2011-ci ilin iyul ayında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə "2011–2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyası yaradılmışdı., Misir Mərdanov bu Komissiyanın iclaslarında iştirak edən, hesabat verən və çıxış edən şəxslərdən biri idi.
Misir Mərdanovun özünün etirafları da bu Komissiyanın mahiyyətini təsdiqləyir:
Misir Mərdanov qeyd edir ki, Ramiz Mehdiyev onun işinə mane olurdu və "öz otağında alternativ Təhsil Nazirliyi yaratmışdı".Sabiq nazir açıq şəkildə bildirib: "Təhsil komissiyası yaratmışdı, təhsil sahəsində atılan hər bir addım onun nəzarətində idi. İldə bir neçə dəfə mənim məruzələrim onun qarşısında olurdu. Axırda elə vəziyyət yarandı ki, dedim, 'Ramiz Mehdiyev məgər bu ölkədə Təhsil Nazirliyindən başqa nazirlik yoxdurmu? Mən hər dəqiqə sənə hesabat verməliyəm?'"
Bu Komissiya formal olaraq strategiya hazırlamaq məqsədi daşısa da, faktiki olaraq Ramiz Mehdiyevə Təhsil Nazirliyinin fəaliyyəti üzərində birbaşa, gündəlik və icbari nəzarət hüququ verirdi. Bu vəziyyətdə Misir Mərdanovun səlahiyyətləri kəskin şəkildə məhdudlaşırdı və təhsillə bağlı bütün əsas qərarlar bu Komissiya (və ya Komissiyanın sədri olan Ramiz Mehdiyev) səviyyəsində həll olunurdu.
Mərkəzi qərarların Komissiyada verilməsi, lakin icranın məsuliyyətinin nazir olaraq Misir Mərdanovun üzərinə qalması (çünki təhsil qanunvericiliyinə görə məsuliyyət Nazirin üzərindədir) təhsil sistemindəki nöqsanların birbaşa onun ayağına yazılmasına şərait yaradırdı. Mərdanovun özünün də qeyd etdiyi icra başçıları ilə bağlı məsələ, bu mərkəzləşdirilmiş nəzarət modelinin tərkib hissəsi idi:
“Təhsil Qanunu”nda birmənalı şəkildə məktəb direktorunun Təhsil naziri tərəfindən təyin edilməsi yazılsa da, qanun qalmışdı bir kənarda, “boz kardinal”ın təlimatı keçmişdi başa. Ramiz Mehdiyevin təlimatı ilə direktor təyin ediləcək şəxs üçün mütləq Rayon (şəhər) İcra Hakimiyyəti başçısının razılığı tələb olunurdu. Bu təlimat nəticəsində Misir Mərdanov yalnız nominal nazirə çevrilmişdi. Nazir bir məktəbə peşəkar direktor təyin edə bilirdisə, rayon və şəhər icra başçıları bu təlimata əsaslanaraq beş qeyri-peşəkar kadrı "soxuşdurmağa" nail olurdu. İcra başçılarının razılığı Mehdiyevin əlində təhsilə kadr yerləşdirmək üçün ən güclü rıçaq idi. Misir Mərdanovun dövründəki nöqsanlar məhz bu siyasi təzyiq və səlahiyyət bölgüsünün pozulmasının təbii nəticəsi idi. Bakı məktəblərinə direktor təyinatlarının bütün təqdimatlarını hazırlayan şəxs kimi deyim ki, bu təyinatların 90%-i Misir müəllimin iradəsindən kənar olurdu və BŞTİ-də də narazılıqla qarşılanırdı. Lakin nə etməli? Nazir peşəkar kadrların təyin edilməsi ilə bağlı israrlı olsa da, icra başçılarının verdiyi qeyri-peşəkar kadrların məsuliyyəti Nazirin fəaliyyəti kimi qiymətləndirilirdi. Bu gün də bu siyasət davam edir və geniş trol çəbəkəsi dayanmadan təhsildəki neqativləri Misir Mərdanovun ayağna yazmaqda israrlı görünür. Halbuki, Misir Mərdanovun nazir vəzifəsindən azad edilməsindən 13 il keçir.
Əgər Misir Mərdanov dövründə qüsurların əsas səbəbi Ramiz Mehdiyevin təlimatları və onun uzantıları olan İcra başçılarının təzyiqi idisə, bəs indi vəziyyət necədir?
Hazırda Elm və Təhsil Naziri Emin Əmrullayevin (İcra başçıları tərəfindən hər hansı təqdimat tələb olunmadığı üçün) əlinin üstündə siyasi əl yoxdur. Nazir və onun komandası kadr siyasətini müstəqil şəkildə formalaşdırmaq səlahiyyətinə malikdir. Lakin bu müstəqilliyə baxmayaraq, təhsil sistemindəki ziddiyyətli vəziyyət daha acınacaqlı formada davam edir:
• Niyə direktor vəzifələri kütləvi şəkildə vakantdır?
• Niyə hələ də iki məktəbə (bəzi hallarda üç məktəbə) bir direktor rəhbərlik edir?
• Niyə hər 4 məktəbdən birinin direktoru, 6 məktəmdən birinin direktor müavini vəzifəısi illərdir ki, vakantdır? ( Bakıda hətta elə məktəb var ki, 6 müavin vəzifəsi vakantdır )
• Niyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi uzun müddətdir ki, müvəqqəti icrada qalır (Nərminə Hüseynova)?
• Niyə baza təhsili qeyri-pedaqoji olanlar (memar, mühəndis, baytar) təhsil sistemində at oynadır və hətta nazirin yaxın ətrafının himayəsi ilə müdafiə olunur?

Bu suallar göstərir ki, Ramiz Mehdiyevin birbaşa təzyiqi aradan qalxsa da, onun yaratdığı "kadr yerləşdirmə mədəniyyəti" və "şəxsi sədaqət" prinsipləri hələ də sistemdə qalmaqdadır. Qeyri-peşəkar kadrların təyin olunması ya şəxsi maraqların, ya da Nazirliyin özündə formalaşan və Ramiz Mehdiyev dövrünün "mehdiyevçi" siyasətini davam etdirən gizli şəbəkələrin təsiri ilə baş verir.
Nazirliyin aparatı, Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), Regional Təhsil İdarələri (RTİ) səviyyəsində "dostumun dostu, dostumun rəfiqəsi, sevgilisi, qonşusu, tələbə yoldaşı" metodu ilə kadr seçilməsi geniş vüsət almışdır. Nəticədə, ali pedaqoji təhsili olan və uzun illərin təcrübəsinə malik pedaqoqlar təhsildən uzaqlaşdırılaraq, yerləri "şərabçı", "gəmiçi", "pesoksatan" kimi təhsilə kənar sahələrdən gələn şəxslərlə əvəz olunmuşdur.




Ramiz Mehdiyev-Əli Həsənov-Məhəbbət Vəliyeva- Mehriban Vəliyeva xətti ilə təhsilə daraşmış bu adamların fəaliyyəti nəticəsində məktəblərin əksəriyyətinin direktor və direktor müavini vəzifələri illərlə vakant saxlanılır. Bundan başqa, ixtisasca memar, rəssam, zootexnik, baytar kimi qeyri-pedaqoji təhsilli şəxslərin məktəb direktoru təyin edilməsi halları da geniş yayılmışdır. Hərçənd, qanunvericilikdə məktəb direktoru olmaq üçün şəxsin ən azı beş il pedaqoji staja, ali pedaqoji(!) və ya idarəetmə təhsilinə malik olması tələb olunur. Lakin bu tələblərə əməl olunmadan yüzlərlə şəxsin təyin edilməsi təhsildə kadr böhranının və qeyri-şəffaflığın ən bariz nümunəsidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) iddia olunan "mehdiyevçi" kadr şəbəkəsinin və Məhəbbət Vəliyevanın davam edən təsirinin xronologiyası, uzun illər boyu formalaşan iyerarxiyanın nə dərəcədə möhkəm olduğunu göstərir:
1. Məhəbbət Vəliyeva: Nazir müavini olarkən öz keçmiş müavinini, hazırkı deputat Mehriban Vəliyevanı BŞTİ-nin müdiri vəzifəsinə təyin etdirməklə Bakı təhsilinə nəzarətini qorumuşdur.
2. Mehriban Vəliyeva: O da öz növbəsində özünün sabiq müavini Anar Məmmədovu mühüm vəzifələrə gətirmişdir.
3. Anar Məmmədov: Onun seçimi ilə İnsan Resursları Sektorunun müdiri kimi mühüm posta gətirilən Aygün Bayramovanın "dəyərli" kadr olaraq bu zənciri davam etdirməsi iddia olunur.


4. Nərminə Hüseynova və Aygün Bayramova: Hazırda BŞTİ müdiri vəzifəsini icra edən Nərminə Hüseynovanın Aygün Bayramovanın təsir dairəsinə düşməsi ilə, bu iyerarxiya davam etdirilir və Bakı şəhəri təhsili "mehdiyevçilərin" əlində qalır. Nəticə olaraq, Bakı məktəblərinin və təhsilinin "bərbad gündə" olduğu vurğulanır. Nazir Emin Əmrullayevin gənclik dostu, tələbə yoldaşı, bəlkə də əqidə dostu olduğu iddia edilən Nərminə Hüseynovanın, məhz Məhəbbət Vəliyevanın kadrları olan qeyri-pedaqoji təhsilli direktorların müdafiəçisinə çevrilməsi bu şəbəkənin dərinliyini və Elm və Təhsil Nazirliyi səviyyəsində də bu neqativ təsirin davam etdiyini göstərir.
"Mehdiyevçi" himayədarlığın akademik mühitdə də özünü göstərməsi ilə bağlı iddialar da var. Yasılan informasiyaya görə (babalı deyənlərin boynuna) Nərminə Hüseynovanın anası, Bakı Dövlət Universitetinin kimya fakültəsində müəllim işləyən Gülnar xanım Məmmədbağırova, ilin yarısını Tailandda, oğlunun yanında keçirir və dərsə gəlmir. Lakin BDU rəhbərliyi tərəfindən ona qarşı heç bir intizam tədbiri görülmür. Bu fakt, "mehdiyevçi" şəbəkəyə bağlı olan şəxslərin qohumlarının da xüsusi imtiyazlardan faydalandığı və qaydalara məhəl qoyulmadığı barədə ictimaiyyətdə yaranan fikirləri gücləndirir.
Ramiz Mehdiyevin fəaliyyətinin ən ciddi nəticələrindən biri də sorosçular, FETÖ-cülər, süleymançılar və digər lazımsız təriqətlərin onun himayəsi altında təhsilə ciddi zərbələr vurmasıdır. Bu qruplar, milli təhsil sisteminə və dövlət ideologiyasına yad olan kadrları və ideyaları yerləşdirməklə, gənc nəslin yetişdirilməsi prosesinə mənfi təsir göstərmiş, bununla da Azərbaycanın gələcəyinə yönəlmiş zərbələr vurmuşlar.
Bu, Ramiz Mehdiyev sisteminin fiziki olaraq getməsinə baxmayaraq, onun ruhunun və prinsiplərinin ETN-dəki bəzi şəbəkələr vasitəsilə davam etdirildiyini göstərən ən böyük ziddiyyətdir. Trolların Misir Mərdanovu hədəfə alması isə daxili şəbəkələrin indiki nöqsanların məsuliyyətindən yayınmaq üçün cəhdidir.
Misir Mərdanovun nazir vəzifəsindən uzaqlaşmasından 13 il keçməsinə baxmayaraq, indiki nöqsanların hələ də onun ayağına yazılması, sistemdəki dərin köklü problemləri və iddia olunan kadr şəbəkəsinin manipulyativ fəaliyyətini göstərir.
Nazir Emin Əmrullayev və ARTİ direktoru Elnur Əliyevin "Kaspi" Təhsil Mərkəzindən gəlməsi, onların Əli Həsənovla əlaqəsi, Əli Həsənovun isə Ramiz Mehdiyevlə bağlılığı – "mehdiyevçi" şəbəkənin təhsil sistemindəki uzantılarının necə mürəkkəb və dolaylı olduğunu göstərən çox mühüm detal və ciddi iddialardır.
Misir Mərdanovun nazir olduğu dövrdə Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus olduğu iddia edilən "Şərq-Qərb" ASC nəşriyyatına illərlə dərslik və poliqrafiya sifarişlərinin verilməsi məcburi idisə, bu gün də analoji prosesin davam etməsi səbəbindən belə suallar yaranır:
"Niyə indi də ETN-in 40 milyonluq sifarişi 10 milyon vergi borcu olan 'Şərq-Qərb' nəşriyyatına verilir? Bu sifarişin arxasında hansı mətləblər durur?"
Bu sual, nəşriyyat üzərindəki köhnə nəzarətin və maliyyə maraqlarının yeni rəhbərlik dövründə də davam etdiyini göstərən ən ciddi iddialardan biridir.
Məhəbbət Vəliyevanın şəbəkənin bir qolu olub-olmaması ilə bağlı şübhələri gücləndirən digər bir fakt onun istefasından sonrakı fəaliyyətidir:
"Əgər belə deyilsə (şəbəkə bağlılığı yoxdursa), əvvəlcə inzivaya çəkilən Məhəbbət Vəliyeva sonradan hansısa təlim mərkəzində oturub mənasız təlimlərə ETN-dən qrantları necə alır?"
Bu, Nazirlikdən getmiş bir şəxsin özəl qurum vasitəsilə Nazirlikdən maliyyə vəsaiti almasının arxasında sistem daxilində qalan təsir rıçaqlarının olduğunu göstərir.
Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi, uzun illər boyu formalaşmış, şəxsi maraqlara və qeyri-peşəkarlığa əsaslanan bir idarəetmə modelinin çökməsinin başlanğıcı kimi qiymətləndirilir. Lakin Bakı şəhəri təhsilində davam edən kadr siyasəti ilə bağlı iddialar, bu "kölgə iyerarxiyası"nın hələ də aktiv olduğunu və təhsil sisteminin bərbad vəziyyətinin aradan qaldırılması üçün köklü və qətiyyətli islahatların zəruriliyini bir daha göstərir. Təhsilin keyfiyyətinin bərpası, peşəkar kadrların irəli çəkilməsi və sistemdə şəffaflığın tam təmin olunması yeni dövrün ən vacib çağırışlarından biridir.
(ardı var)
Şəmsi Qoca
Geri dön