Ana Sayfa > İdman / Manşet > Aqil ABBAS: BİZİMKİLƏR QIRILIB QURTARIB Kİ?!

Aqil ABBAS: BİZİMKİLƏR QIRILIB QURTARIB Kİ?!


22-02-2017, 14:54. Yazar: admin
Aqil ABBAS: BİZİMKİLƏR QIRILIB QURTARIB Kİ?!

Ağdamın Ağdam vaxtı idi, Qədir Rüstəmovun Qədir Rüstəmov vaxtı idi, Seyran Səxavətin də Seyran Səxavət vaxtı idi. Seyran Səxavətin elə yenə Seyran Səxavət vaxtıdı, amma day nə Ağdamın Ağdam vaxtıdı, nə də Qədir Rüstəmovun Qədir Rüstəmov vaxtı. Seyran durub yollanmışdı Ağdama, min bir müsibətlə Qədir Rüstəmovu tapmışdı və qeyri-adi bir müsahibə almışdı Qədirdən. O Qədirdənki müsahibə verməyi xoşlamırdı. Həmin müsahibəni jurnalistika fakültəsində dərs kimi də keçmək olar. Çalışacam Seyranın köməkliyi ilə həmin müsahibəni tapıb qəzetdə çap edim. Bizim istedadlı gənc jurnalistlərə bir xeyiri dəymiş olar. Müsahibənin adı da belə idi: «Ağdamda Qədir Rüstəmovla atüstü söhbət». «Ulduz» jurnalında çap olunmuşdu.
Bir zamanlar Azərbaycanda hərəsi bir məktəb olan qeyri-adi, Sovet buxovlarına sığmayan publisistlərimiz vardı: Səyavuş Sərxanlı, Tofiq Abdin, Nüsrət Kəsəmənli, Şahmar Əkbərzadə, Vaqif İbrahim, Vidadi Məmmədov, Vidadi Paşayev (qəbirləri nurla dolsun), Fazil Rəhmanzadə, Seyran Səxavət (Allah ömür versin). Bunların yarısı «Qobustan»da qan eləyirdi, yarısı «Ulduz» jurnalında, bəziləri də «Azərbaycan gəncləri»ndə.
Seyranın Qədirlə müsahibəsində belə bir yer vardı. Seyran soruşur ki, Qədir, yəqin uşaqlara arvad qohumlarından da ad qoymusan?
Qədir Rüstəmov:
- Niyə, bizimkilər qırılıb qurtarıb ki?!
İndi söhbət nə Qədir Rüstəmovdan gedir, nə də Seyran Səxavətdən. Tamamilə fərqli bir mövzudan danışmaq istəyirəm: futboldan.
Dünən mətbuatda oxudum ki, «Şəmkir» futbol klubuna yeni bir baş məşqçi gəlir Gürcüstandan. Və bu gürcü qardaş əvvəllər də Azərbaycanın müxtəlif klublarında ikinci məşqçi kimi çalışıb və Tovuzun «Turan» komandasında da baş məşqçi olub. Çox gözəl. Dünyanın hər bir yerində komandalara xaricdən məşqçilər dəvət edirlər. Bu da bir futbol mədəniyyətidi. Amma o məşqçiləri ölkələrinə dəvət edirlər ki, onlar futbolda sözlərini deyə bilirlər, söz sahibidirlər, əvvəlki klublarında yüksək nailiyyətlər əldə ediblər və sair və ilaxır. Həmin məşqçi həm öz ölkəsinin futbol mədəniyyətini gətirir gəldiyi ölkəyə, həm də bir öhdəlik götürüb o öhdəliyi yerinə yetirir, götürdüyü komandanı əvvəl işlədiyi klubların səviyyəsinə qaldırır. Yəni «Barselona» səviyyəsinə, «Real» səviyyəsinə. «Arsenal» səviyyəsinə və sair və ilaxır.
Biz də xaricdən məşqçilər dəvət edirik. Çox yaxşı, gəlsinlər, Azərbaycan futboluna töhfə versinlər. Amma o töhfəni verə bilirlərmi? Bir Foks vardı, axırda da bizi şantaj elədi. Nə isə… Dəvət olunan məşqçilərdən yalnız Roman Qriqorçuku istisna etmək olar. Düzdür, «Qəbələ» elə yarandığı gündən bəri bir inkişaf yolu tutub, Azərbaycan futbolunda yeni bir mərhələdi. Qriqorçukun gəlməsiylə komanda daha bir fərqli oyun nümayiş etdirməyə başladı. Yəni Qriqorçuk «Qəbələ»də öz sözünü deyə bildi.
Bizim futbol qapılarımız qonşu Gürcüstanın məşqçilərinin üzünə həmişə açıqdı. Neynək! Gələndə də hərəsi özüylə bir «Kamaz» gürcü futbolçu gətirir. Bizim istedadlı gənclərimiz də ya əvəzedici heyətlərdə top qovalayır, ya da «zalatoy zapas»da oturur. Bu «zalatoy zapas»da çox naqolay bir şeydi. Öz təcrübəmdən bilirəm, orta məktəbdə oxuyanda məktəbi elə «zalatoy zapas»da otura-otura bitirdim.
Mən yenə təkrar edirəm, xaricdən nə məşqçinin, nə də futbolçuların gətirilməsinə qarşı deyiləm. Gətirin, amma baxın kimi gətirirsiz.
İndi «Şəmkir»ə dəvət olunan gürcü qardaşımız. O əvvəl «Turan»da işləyəndə hansı nailiyyətlərə imza atmışdı ki? «Turan»ı hara qaldırdı – Azərbaycan çempionu elədi, yoxsa Avropaya apardı?! Özü də əslində Tovuz futbolun qaymaq yeridi. Tovuzda həmişə futbol olub, özü də yüksək səviyyədə. Yəni orda güclü bir komanda yaratmaq elə də böyük bir problem deyil.
Məsələn, Qəbələdə problem idi, yəni əvvəllər Qəbələdə futbol elə də inkişaf eləməmişdi. Həm komandanın sahibləri, həm də Ramiz Məmmədovdan başlayaraq komandanın məşqçiləri can qoydular Qəbələdə futbol yaratdılar, akademiya yaratdılar. İndi «Qəbələ» başqa klublara oyunçular da verir.
Şabanın yaxşı bir filmi var ey, basketbol klubudu, Şaban nə qədər çalışır onu komandaya götürmürlər. Sonra gedir üz-gözünə, bədəninə kömür sürtüb qaraldıb zənci kimi gəlir. Məşqçi onu çiynində gəzdirir, komandanın lideri olur və sair və ilaxır.
«Qarabağ»ın, «Neftçi»nin və digər klublarımızın ən ağır günlərində bütün ağırlığı çiyinlərində daşıyan, həmin klubları çempion eləyən, o klublarla Avropanın qapılarını açan Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Vaqif Sadıqov, Ramiz Məmmədov, Arif Əsədov, Nazim Süleymanov…
Bunlar həm futbolçu kimi öz sözlərini deyiblər, həm də məşqçi kimi.
Ağasəlim Mircavadov vaxtilə elə «Şəmkir» komandasını iki dəfə Azərbaycan çempionu eləyib.
Bir Taxaber Sxadadze vardı ey, 7-8 il «İnter»ə baş məşqçilik elədi. Deyəsən, o da oğlunu, əmisi oğlun-zadın yığıb gətirmişdi. Bəlkə də 100 milyon dollaradək «İnter»ə pul xərclədi. Nə oldu? Komandanı batırdı, çıxdı getdi.
… Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Vaqif Sadıqov, Ramiz Məmmədov, Arif Əsədov, Nazim Süleymanov…
İndi Qədir Rüstəmovun sözü olmasın, bunlar qırılıb qurtarıb ki, gedib ordan-burdan məşqçilər, özü də heç bir nailiyyəti olmayan məşqçilər yığıb gətiririk?

(Adalet.az)

AİA.az
Geri dön