Ana Sayfa > Ölkə > Qubadlı – Qarabağın dirçələn incisi
Qubadlı – Qarabağın dirçələn incisiBu gün, 09:51. Yazar: azer |
![]() 25 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının yaddaşına Qubadlının azad edildiyi, torpaqlarımızın bütövlüyünə bir addım da yaxınlaşdığımız gün kimi həkk olunub. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ümumi sahəsi 802 kvadrat kilometr olan bu ərazi təbiəti, coğrafiyası və torpaq ehtiyatları ilə zəngin diyardır. Rayon qərbdən Ermənistanla sərhəddə yerləşir, şimalda Laçın, şərqdə Cəbrayıl, cənubda isə Zəngilanla həmsərhəddir. Qubadlının kəndlərinin çoxu Həkəri və Bərgüşad çaylarının sərin vadilərində yerləşir, bu da bölgəni kənd təsərrüfatı üçün əlverişli edir. İşğala qədər Qubadlı rayonunun 79 min hektardan artıq torpaq fondu mövcud idi. Bu torpaqların böyük hissəsi əkin, örüş, bağçılıq və meşə sahələrindən ibarət idi. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar düzənliklərdə taxıl, üzüm, tütün, bostan və tərəvəz məhsulları becərilirdi. Qubadlı həm də heyvandarlığın, arıçılığın, bağçılığın inkişaf etdiyi bir bölgə idi. Ərazidəki təbii sərvətlər – mərmərləşmiş əhəng daşı, əqiq, mişar daşı və digər yataqlar rayonun sənaye potensialını da artırırdı. Lakin bu təbii gözəlliklər və zənginliklər 1993-cü ildə işğal nəticəsində məhv edildi. Ermənistanın 1988-ci ildən başlayan təcavüzü nəticəsində Qubadlı rayonu 31 avqust 1993-cü ildə tamamilə işğal olundu. Min illərlə azərbaycanlıların yaşadığı bu diyar xarabalığa çevrildi. 29997 nəfər Qubadlı sakini öz doğma torpaqlarından didərgin düşdü, 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 64 inzibati bina, yüzlərlə sosial və mədəniyyət obyekti dağıdıldı. Məscidlər yerlə yeksan edildi, 16 körpü, 1080 kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 4830 km elektrik xətləri və digər infrastruktur tamamilə məhv edildi. Rəsmi İrəvan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirərək, xaricdən gətirdiyi erməniləri yerləşdirməklə beynəlxalq hüququ kobud şəkildə pozdu. Ancaq 2020-ci il payızında Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın birliyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu zülm dolu tarix sona çatdı. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlər xüsusi hərbi peşəkarlıq və fədakarlıq nümunəsi oldu. Şəhər ətrafında düşmən tərəfindən güclü istehkamlar qurulmuşdu, yüksəkliklərdə erməni silahlı birləşmələri yerləşdirilmişdi. Azərbaycan əsgəri bu sədləri bir-bir aşaraq, strateji yüksəklikləri ələ keçirdi, Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad olundu. Nəhayət, 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri düşməndən təmizləndi. Bu, Vətən müharibəsinin taleyini dəyişən dönüş nöqtələrindən biri idi. Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Bu medalla 15 mindən çox Azərbaycan hərbi qulluqçusu təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edildi. Bu qərar Qubadlının azadlıq tarixinin, xalqın mübarizə ruhunun və əbədi Zəfərin simvoluna çevrildi. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri geniş miqyasda aparılır. 2021-ci ilin oktyabrında istifadəyə verilən 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası rayonun enerji təminatını tam bərpa etdi. 76 kilometr uzunluğunda çəkilmiş “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri təkcə enerji deyil, həm də yüksək sürətli internetlə Qubadlını ölkənin ümumi sisteminə bağladı. Eyni zamanda Qubadlıda yeni yaşayış məntəqələrinin tikintisinə başlanıb. Mahruzlu və Zilanlı kəndlərinin layihələndirilməsi və tikintisi artıq davam edir. Bu kəndlərdə ilkin mərhələdə yüzlərlə ailənin məskunlaşdırılması planlaşdırılıb. Qubadlı rayonunun Baş planı təsdiqlənib və 2040-cı ilədək rayonun tam bərpası, 47 mindən artıq sakinin daimi yaşayışının təmin edilməsi nəzərdə tutulur. Qubadlıda mühüm infrastruktur layihələri həyata keçirilir. Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yollarının tikintisi bölgənin strateji əhəmiyyətini artırır, eyni zamanda iqtisadi canlanmanı təmin edir. Dövlət başçısının 2023-cü il sərəncamı ilə bu layihələr üçün 20 milyon manat vəsait ayrılıb. 2021 və 2022-ci illərdə enerji, yol və hərbi infrastrukturun təməlqoyma və açılış mərasimlərində iştirak edən dövlət başçısı 2023-cü ilin mayında Qubadlı şəhərinin, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etdi. Həmin gün Qubadlıda məktəb, xəstəxana və inzibati bina layihələrinin təməli qoyuldu. Bu gün Qubadlıda yenidənqurma və inkişaf prosesi ardıcıl şəkildə davam edir. Yeni evlər, yollar, məktəblər, sosial obyektlər inşa edilir, kəndlərə həyat qayıdır. Qubadlı artıq dağıdılmış torpaq deyil – dirçələn, müasir və qüdrətli Azərbaycanın simvoluna çevrilib. 25 oktyabr – Qubadlı şəhəri günü isə bu dirçəlişin, qəhrəmanlığın və tarixi ədalətin təntənəsidir. Nənəxanım Ağayeva, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Vüqar Ağayevin anası Geri dön |