Ana Sayfa > Siyasət > Tarixi Zəfərimizin Qubadlı zirvəsi.
Tarixi Zəfərimizin Qubadlı zirvəsi.Bu gün, 16:09. Yazar: azer |
![]() 25 oktyabr xalqımızın müasir tarixində qürurla qeyd olunan günlərdən biridir. Məhz bu tarixdə Qubadlı şəhərinin işğaldan azad olunması 44 günlük Vətən müharibəsində həlledici mərhələlərdən birinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu göstərdiyi peşəkarlıq və qəhrəmanlıq sayəsində Qubadlıya yenidən həyat bəxş edib. 1993-cü il avqustun 31-də Ermənistanın hücumu nəticəsində Qubadlı rayonu işğal olundu. Bu hadisə bölgənin tarixində ən faciəli səhifələrdən biri kimi yadda qaldı. İşğal nəticəsində minilliklər boyu formalaşmış mədəni irs dağıdıldı, yaşayış məntəqələri viran qoyuldu, iqtisadi və sosial infrastruktur tamamilə məhv edildi. Rəsmi İrəvanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də Cenevrə Konvensiyalarına zidd olaraq, Azərbaycanın tarixi ərazilərində etnik tərkibi süni şəkildə dəyişdirməyə yönəlmişdi. Qubadlı sakinləri doğma yurdlarından didərgin salınsa da, öz torpaqlarına qayıdacaqları günə olan inamlarını heç vaxt itirmədilər. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi xalqımızın şanlı Qələbəsi ilə nəticələndi. Müharibənin gedişatında Qubadlı istiqamətində gedən döyüşlər xüsusi strateji əhəmiyyətə malik idi. 2020-ci il oktyabrın 25-də qəhrəman Azərbaycan Ordusu Qubadlı şəhərini və bir sıra kəndləri işğaldan azad etdi. Bu hadisə həm hərbi əməliyyatların gedişində dönüş nöqtələrindən biri oldu, həm də Qubadlı sakinlərinin 27 illik həsrətinə son qoydu. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda mühüm mərhələ idi. Qubadlının işğaldan azad olunması ilə bölgənin yeni inkişaf dövrü başlandı. Dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Qubadlıda da həyat yenidən canlanıb. Prezident İlham Əliyevin Qubadlıya səfərləri və burada verdiyi mühüm tapşırıqlar bölgənin sürətli dirçəlişinə göstərilən diqqətin bariz ifadəsidir. Hazırda Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış məntəqələri inşa edilir, müasir infrastruktura malik sosial obyektlər, məktəblər və səhiyyə müəssisələri tikilir. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam bölgənin sosial-iqtisadi inkişafına xidmət edən strateji əhəmiyyətli sənədlərdəndir. “Qubadlı” gömrük postunun yaradılması isə rayonun iqtisadi həyatının bərpasına, regionlararası əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir. Bu gün Qubadlı rayonu sürətli inkişaf mərhələsini yaşayır. Tarixi torpaqlarımıza Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin mərhələli şəkildə köçürülməsi həyata keçirilir. Əhalinin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılır, infrastruktur sistemləri, nəqliyyat və enerji xətləri müasir standartlara uyğun şəkildə qurulur. Qubadlıda aparılan bərpa və tikinti işləri Azərbaycanın gücünü, iqtisadi potensialını və gələcəyə inamını ifadə edir. Qubadlı şəhəri günü xalqımız üçün yalnız bir rayonun azadlığını deyil, həm də dövlətimizin qüdrətini, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyini, Ordumuzun rəşadətini və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirir. Bu gün Qubadlı torpaqlarında yazılan yeni tarix ölkəmizin inkişaf, dirçəliş və əbədi Qələbə yolunun parlaq nümunəsidir. Saleh Məhərrəmov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Geri dön |