Ana Sayfa > Siyasət > Qubadlılar doğma yurdlarına qayıdıb

Qubadlılar doğma yurdlarına qayıdıb


Bu gün, 12:03. Yazar: azer
Qubadlılar doğma yurdlarına qayıdıb

Vətən müharibəsinin ən mühüm və strateji uğurlarından biri məhz Qubadlının işğaldan azad olunması idi. Əlbəttə, azad edilən hər bir torpaq parçası bizim üçün dəyərlidir, çünki 1992–1993-cü illərdə itirilmiş ərazilərimiz əsgər və zabitlərimizin qanı, xalqımızın qətiyyəti hesabına geri qaytarıldı. O torpaqlar şəhidlərimizin ruhu, qazilərimizin igidliyi ilə yoğrulub. Buna görə də hər bir kəndin, qəsəbənin və şəhərin azad edilməsi xalqımız üçün böyük mənəvi və tarixi dəyərə malikdir. Strateji məqsədlərə çatmaq üçün aparılan hərbi əməliyyatlar diqqətlə planlaşdırılır, onların əhəmiyyəti və nəticələrinin önəmi nəzərə alınırdı. Bu baxımdan Qubadlı əməliyyatı həm zəruri, həm də qaçılmaz idi. Onun uğurla həyata keçirilməsi ordu rəhbərliyindən yüksək hərbi bilik və peşəkarlıq, əsgərlərdən isə cəsarət, iradə və vətənpərvərlik tələb edirdi. Qubadlının azadlığı peşəkarlıqla milli ruhun vəhdətindən doğan böyük bir qəhrəmanlıq nümunəsi idi. Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması tariximizin ən faciəli səhifələrindən biridir. Bu işğal Ermənistana növbəti hədəflərinə daha rahat çatmaq imkanı verirdisə, Azərbaycanın Qubadlı əməliyyatını həyata keçirməsi Qarabağın tam azadlığı və nəzarətin təmin olunması baxımından eyni dərəcədə vacib idi. Düşmən Qubadlıya həm Ermənistan istiqamətindən, həm də Laçın və Şuşa tərəfdən hücum etmişdi. İşğaldan sonra rayon tamamilə dağıdılmış, infrastruktur yerlə-yeksan edilmiş, bütün kommunikasiya xətləri məhv edilmiş, ərazidəki dəyərlər talan olunmuşdu. Ermənilər yalnız Xanlıq kəndində saxta “qəsəbə” yaradaraq xaricdəki erməniləri orada yerləşdirmişdilər ki, bu da Cenevrə konvensiyasının açıq şəkildə pozulması demək idi. Qubadlıda törədilən bu vandalizm aktlarına görə Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini və onun kəndlərini işğaldan tam azad etdi, bununla da Laçın və Şuşa istiqamətinə strateji yol açıldı. Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciət edərək Vətən müharibəsinin Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdığını elan etdi. Xalq bu xəbəri böyük qürur və sevinc hissi ilə qarşıladı. 2023-cü il 31 iyul tarixli Sərəncamla 25 oktyabr “Qubadlı Şəhəri Günü” elan edildi, həmçinin 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olundu.
Qubadlı Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ən zəngin bölgələrindən biridir. Rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəngdaşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində isə əqiq yataqları yerləşir. İşğaldan öncə Qubadlının 13 min hektardan çox meşə sahəsi olmuş, ərazidə müxtəlif dərman bitkiləri bitmişdir. Rayon əhalisi əsasən taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıqla məşğul idi.
Bu gün tam əminliklə demək olar ki, Qubadlı yenidən Azərbaycanın ən abad və iqtisadi cəhətdən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda üçrəngli bayrağımızı ucaldaraq qürurla dalğalandırması bu torpaqların azadlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Dövlət başçısının Qubadlıya hər səfəri mühüm infrastruktur obyektlərinin açılışı və yeni layihələrin təməlqoyma mərasimləri ilə yadda qalır.
Hazırda Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Rayonun gələcək inkişafı üçün real layihələr icra olunur. Azad edilmiş torpaqlarda yeddi yeni yarımstansiya tikilib ki, bu da Qubadlının 2050-ci ilə qədər dayanıqlı enerji təminatını və iqtisadi inkişafını təmin edəcək. Növbəti 20 ildə şəhərin əhalisinin sayının 14 min nəfərə çatdırılması planlaşdırılır. Rayonun təbii potensialı ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafına geniş imkanlar açır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qubadlıda bütün infrastruktur layihələri uğurla həyata keçiriləcək. Qubadlıya yeni həyat, yeni nəfəs qayıdır – bu torpaq yenidən Azərbaycanın çiçəklənən, abad və yaşamalı bölgələrindən birinə çevriləcək.

Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.

Geri dön