Ana Sayfa > Siyasət > Qubadlının azad olunması həlledici mərhələlərdən biri oldu
Qubadlının azad olunması həlledici mərhələlərdən biri olduBu gün, 11:12. Yazar: azer |
![]() Qubadlının strateji əhəmiyyəti onun həm zəngin təbii sərvətlərə malik olması, həm də əlverişli coğrafi mövqeyi ilə müəyyən olunur. Rayon ərazisində çoxsaylı faydalı qazıntı yataqları yerləşir: Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daşı, Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində isə əqiq yataqları mövcuddur. Bundan başqa, rayon təbii dərman bitkiləri ilə də zəngindir. Təəssüf ki, 27 illik işğal dövründə bu sərvətlərdən demək olar ki, heç nə qalmamış, erməni işğalçıları Qubadlının yeraltı və yerüstü sərvətlərini talamış, mədəni irsimizi və tarixi abidələrimizi dağıdıb məhv etmişlər. Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən tam işğal olunmuşdur. Ancaq buna qədər – 1988-ci ildən etibarən rayon Ermənistan ordusu və separatçı dəstələrin mütəmadi hücumlarına məruz qalmış, dinc əhaliyə qarşı çoxsaylı terror aktları törədilmişdi. 44 günlük Vətən müharibəsində Qubadlının azad olunması həlledici mərhələlərdən biri oldu. Bu səbəbdən 25 oktyabr tarixi tarixi Qələbə günlərindən biri kimi qeyd olunur. Qubadlının azadlığı uğrunda əməliyyat bir neçə gün davam edib. Əvvəlcə şəhərin ətrafındakı strateji yüksəkliklər düşməndən azad olunmuş, ordumuzun qarşısını almaq üçün yaradılan gücləndirilmiş atəş nöqtələri məhv edilmişdir. Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq göstərərək, şəhərə nəzarəti təmin edən mövqeləri ələ keçirmiş, ardınca ətraf kəndləri və digər mühüm yüksəklikləri azad etmişdir. Nəticədə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri düşməndən tam təmizlənmiş, iki həftə ərzində isə daha 38 kənd azad edilmişdir. Ümumilikdə, Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunmuşdur. Tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə qəbul edilən qərarlar mühüm siyasi məna daşıyır. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmiş və on beş mindən çox igid hərbçimiz bu medalla təltif olunmuşdur. Eyni zamanda, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilmiş, 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunmağa başlanmışdır. Hazırda Qubadlıya doğma sakinlər geri dönür, rayonda bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Dövlət başçısının azad edilmiş digər ərazilərlə yanaşı Qubadlıya da mütəmadi səfərləri burada aparılan işlərin dövlət səviyyəsində daim diqqət mərkəzində saxlandığını bir daha sübut edir. Zaur Mehdiyev, YAP Gədəbəy rayon təşkilatının sədr müavini. Geri dön |