Ana Sayfa > Siyasət > Ortaq dəyərlər və strateji məqsədlər

Ortaq dəyərlər və strateji məqsədlər


Dünən, 16:50. Yazar: azer
Ortaq dəyərlər və strateji məqsədlər

Azərbaycan-Qazaxıstan münasibətləri təkcə coğrafi yaxınlıqla deyil, həm də ortaq dəyərlər və strateji məqsədlər əsasında formalaşan regional əməkdaşlıq nümunəsidir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri ərəfəsində "Kazinform" agentliyinə verdiyi müsahibə bu münasibətlərin nə qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi. Şübhəsiz ki, bu əlaqələrin əsasını qarşılıqlı siyasi etimad təşkil edir. Liderlər arasında davamlı dialoq və açıq siyasi koordinasiya hər iki ölkənin bir-birinə strateji tərəfdaş kimi yanaşdığını göstərir. Bu münasibətlər ortaq regional baxışlarla da möhkəmlənir. Prezident müsahibəsində açıq şəkildə bildirdi ki, iqtisadi tərəfdaşlıq artıq getdikcə daha real və praktik nəticələr verir. Orta Dəhliz boyunca əməkdaşlıq, liman infrastrukturunun inkişafı və ticarət dövriyyəsinin artması iki ölkənin Avrasiya nəqliyyat xəritəsində mühüm rol oynadığını sübut edir. Bu isə iqtisadi inteqrasiyanın və regional güc mərkəzinin formalaşmasının göstəricisidir. Energetika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan vasitəsilə Qazaxıstan neftinin ixracı, eyni zamanda bərpaolunan enerji layihələrində ortaq fəaliyyət hər iki ölkənin gələcəyə yönəlmiş enerji siyasətini əks etdirir. Bu əməkdaşlıq həm iqtisadi, həm də ekoloji baxımdan uzunmüddətli hədəflərə xidmət edir. Bu sahələr üzrə əlaqələrin daha da dərinləşməsi Türk Dövlətləri Təşkilatının təqdim etdiyi platforma çərçivəsində daha geniş imkanlar qazanır. Bu təşkilat Azərbaycan və Qazaxıstan üçün yalnız ortaq mədəni və tarixi dəyərlər deyil, eyni zamanda geosiyasi mövqelərinin gücləndirilməsi üçün də mühüm vasitədir. Xəzər dənizinə dair ortaq ekoloji narahatlıqlar əməkdaşlığın başqa bir istiqamətini önə çıxarır. Suyun səviyyəsinin azalması və ətraf mühitə təsirlərlə bağlı məsələlər ortaq tədbirlər, elmi araşdırmalar və siyasətlərin koordinasiyasını zəruri edir. Prezident müsahibəsində Azərbaycan və Qazaxıstan arasında mədəni və humanitar əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd etdi ki, xalqları birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlər bu münasibətlərin möhkəmlənməsində əsas rol oynayır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafını əks etdirir. Qazax yazıçısı Kemel Tokayevin əsərinin Azərbaycan dilində nəşri və Mir Cəlal Paşayevin yubileyi münasibətilə təşkil olunan beynəlxalq konfranslar bu sahədə əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir. Azərbaycan-Qazaxıstan münasibətləri təkcə iki ölkə üçün deyil, bütövlükdə bütün Türk dünyasının gələcəyini müəyyən edən ortaq strateji xəritənin əsas istiqamətlərindən biridir. Bu münasibətlər Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə və qarşılıqlı etimada əsaslanan inteqrasiya modelinin formalaşmasına töhfə verir.

Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru
Geri dön