Ana Sayfa > Siyasət > Dostluq və əməkdaşlıq missiyası

Dostluq və əməkdaşlıq missiyası


Bu gün, 14:52. Yazar: azer
Dostluq və əməkdaşlıq missiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 21-də Prezident Kasım-Jomart Tokayevlə keçirilən geniştərkibli görüşdən sonra dövlət başçıları mətbuat qarşısında bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında iki qardaş ölkə arasındakı münasibətlərin əsrlərə söykənən dostluq, qardaşlıq və ortaq mədəni dəyərlər üzərində formalaşdığını vurğulayıb. O, Qazaxıstanın son illərdə Kasım-Jomart Tokayevin uzaqgörən rəhbərliyi ilə sürətli modernləşmə, rəqəmsallaşma və süni intellekt sahəsində islahatlar həyata keçirdiyini, bu islahatların ölkənin inkişafına və beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. Prezident İlham Əliyev Qazaxıstanın qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınmasını məmnunluqla qeyd edib.
Cənab Prezident çıxışında Azərbaycanın ən ağır dönəmlərində Qazaxıstanın daim qardaşlıq dəstəyi göstərdiyini xüsusi minnətdarlıqla xatırladıb: “Xalqımız, ölkəmiz üçün ən çətin anlarda biz həmişə qardaş Qazaxıstanın dəstəyini hiss etmişik.” O, Qazaxıstanın işğal illərində bütün beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini, sülh prosesinə daim töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyev həmçinin Ermənistanla sülh sazişinin 8 avqustda Vaşinqtonda paraflanmasından sonra Prezident Tokayevin dərhal verdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Ali Dövlətlərarası Şuranın iclasında bu razılaşmaların regionda sabitliyin və nəqliyyat-logistika əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyi xüsusi vurğulanıb. Bu çərçivədə Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması da sülhün praktik təzahürü kimi dəyərləndirilib. Prezident İlham Əliyev Qazaxıstandan Ermənistana taxıl daşınmasının məhz bu əməkdaşlığın real nəticəsi olduğunu bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Qazaxıstanı dərin tarixi köklər, mənəvi yaxınlıq və ortaq mədəni irs birləşdirir. Son üç ildə baş tutan ondan artıq qarşılıqlı səfər əlaqələrin intensivliyinin və məhsuldarlığının göstəricisidir. Ali Dövlətlərarası Şuranın ikinci iclasının nəticələri iki xalqın və bütövlükdə regionun maraqlarına xidmət edir. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, yeni nəqliyyat marşrutlarının açılması sayəsində Cənubi Qafqaz və Mərkəzi Asiya regionları bir-biri ilə daha sıx inteqrasiya olunur və vahid iqtisadi-coğrafi məkana çevrilir. Cənab Prezident vurğulayıb ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar – BMT, Türk Dövlətləri Təşkilatı və digər qurumlar çərçivəsində daim bir-birini dəstəkləyir. O, gələn il Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Qazaxıstanın təşəbbüsü ilə yaradılmış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitlərinə Prezident Tokayevin fəxri qonaq qismində dəvət olunacağını bildirib.
Bəyanatda “Orta Dəhliz” layihəsi ilə yanaşı, “Zəngəzur Dəhlizi”nin də mühüm strateji əhəmiyyətə malik olduğu qeyd olunub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazisində avtomobil və dəmir yolu bağlantısına dair bütün işlər gələn ilin ortalarına qədər tamamlanacaq. Əgər digər ölkələrdə də layihə eyni sürətlə davam etdirilərsə, Zəngəzur Dəhlizinin 2028-ci ilin sonuna qədər istifadəyə verilməsi mümkündür. Həmçinin Prezident “TRIPP” (“The Trump Route for International Peace and Prosperity”) adlı yeni beynəlxalq təşəbbüsün Orta Dəhlizin marşrutunu genişləndirəcəyini, Zəngəzur xətti üzrə illik 15 milyon ton yük dövriyyəsi potensialı yaradacağını bildirib.
Astana sammitinin nəticələri bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstanın strateji müttəfiqliyi təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də bütövlükdə Avrasiya məkanında iqtisadi tərəqqi, nəqliyyat əlaqələrinin möhkəmlənməsi və regional sabitliyin təmin edilməsinə mühüm töhfə verir. Hər iki liderin siyasi iradəsi sayəsində formalaşan bu yeni əməkdaşlıq mərhələsi regionda inteqrasiya, tərəfdaşlıq və türk dünyasının birliyinə doğru atılmış mühüm addım kimi tarixə düşür.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.

Geri dön