Ana Sayfa > Manşet / Siyasət > Strateji müttəfiqlik münasibətləri yeni dinamik inkişaf mərhələsində
Strateji müttəfiqlik münasibətləri yeni dinamik inkişaf mərhələsindəBu gün, 12:30. Yazar: azer |
![]() Oktyabrın 21-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən məsələlər, qarşılıqlı münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub. Dövlət başçılarının görüşü dostluq və qardaşlıq əlaqələrinə əsaslanan strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyib. Qazaxıstan beynəlxalq arenada etibarlı tərəfdaş və öz milli maraqları əsasında siyasət yürüdən nüfuzlu dövlət kimi tanınır. Azərbaycanla dostluq və qardaşlıq münasibətləri isə bu yüksəlişin mənəvi dayaqlarından biridir. Hər iki ölkə ortaq tarixi, mədəni və mənəvi köklərə əsaslanan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Qazaxıstan və Azərbaycan arasında siyasi qarşılıqlı etimad, iqtisadi inteqrasiya və humanitar əlaqələrin genişlənməsi regional sabitliyə mühüm töhfə verir. Mətbuata bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması region üçün yeni perspektivlər açır. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan imzalama mərasimi uzun illər davam edən münaqişəyə son qoyaraq, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın yeni dövrünə zəmin yaradıb. Qazaxıstan həmin tarixi hadisəyə ilk reaksiya verən ölkələrdən biri olub. Bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin sülh prosesinə münasibəti və göstərdiyi mənəvi dəstək Qazaxıstanın regionun gələcəyinə məsuliyyətli yanaşmasının göstəricisidir. Azərbaycan tərəfindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Qazaxıstan taxılının bu marşrutla daşınması isə sülhün praktik təzahürüdür. Azərbaycan və Qazaxıstan xalqları ortaq mənəvi, tarixi və mədəni köklərlə bir-birinə bağlıdır. Dövlətlərarası münasibətlərin təməli məhz bu bünövrə üzərində qurulub. Son illərdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi və sahə nazirliklərinin səmərəli fəaliyyəti əməkdaşlığın praktik nəticələrini nümayiş etdirir. Azərbaycan–Qazaxıstan əməkdaşlığı bu gün yalnız ikitərəfli deyil, həm də regional və qlobal səviyyədə əhəmiyyət kəsb edir. Astanada keçirilən görüşlərdə nəqliyyat və logistika sahəsində əməkdaşlıq əsas mövzulardan biri olub. Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir və gələn ilin ortalarına qədər Azərbaycan ərazisində avtomobil və dəmir yolu bağlantısı tam hazır olacaq. Bu layihə Orta Dəhliz çərçivəsində Asiya ilə Avropanı birləşdirən yeni marşrutlar açacaq, region ölkələri üçün iqtisadi səmərə və strateji üstünlüklər yaradacaq. 2028-ci ilin sonuna qədər dəhlizin tam fəaliyyətə başlaması planlaşdırılır. Bununla da Avrasiya məkanında yeni iqtisadi əlaqələr, sabitlik və əməkdaşlıq zənciri formalaşacaq. Prezident İlham Əliyev Qazaxıstanın Qarabağın dirçəlişində göstərdiyi qardaş köməyini minnətdarlıqla qeyd edib. Füzuli şəhərində açılışı edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu həmrəyliyin təzahürünə çevrilib. Mərkəz həm təhsil və yaradıcılıq məkanı, həm də xalqlar arasında dostluq və qarşılıqlı hörmətin təntənəsidir. Bu təşəbbüs Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyi bir vaxtda qardaş Qazaxıstanın humanitar missiyasını əyani şəkildə nümayiş etdirir. Səfər çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi də əsas müzakirə mövzularından olub. Tərəflər Birgə İnvestisiya Fondunun fəaliyyətini, həyata keçirilməkdə olan layihələri və yeni təşəbbüsləri nəzərdən keçiriblər. Əmtəə dövriyyəsinin artması və biznes strukturları arasında əməkdaşlığın genişlənməsi ölkələr arasındakı iqtisadi münasibətləri daha da dərinləşdirir. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, danışıqların gedişində iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi, razılığa gəldik ki, ən yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsini ikiqat artıraq və onu 1 milyard dollara çatdıraq. Dövlətimizin başçısı vurğulayıb ki, kənd təsərrüfatı, energetika, emal sənayesi, inşaat sektoru, rəqəmsallaşma sahələrində böyük imkanlar mövcuddur. Energetika sektorunda, xüsusilə Xəzər dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli layihə əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bununla yanaşı, iki ölkə arasında mədəni əlaqələr də ardıcıl inkişaf etdirilir. Hər iki ölkədə keçirilən Mədəniyyət Günləri xalqların bir-birini daha yaxından tanımasına və ortaq dəyərlərin təbliğinə xidmət edir. Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birilərinə dəstək verirlər. Türk Dövlətləri Təşkilatında, BMT və digər platformalarda nümayiş etdirilən vahid mövqe iki ölkənin strateji birliyini daha da gücləndirir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitləri əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Astanada keçirilən görüşlər Azərbaycan–Qazaxıstan münasibətlərinin tarixi mərhələsini müəyyənləşdirib. İmzalanan sənədlər, aparılan müzakirələr və qarşılıqlı dəstək hər iki xalqın gələcəyə inamla baxdığını göstərir. Bu əməkdaşlıq bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi inteqrasiya və sülhün möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Asif Əsgərov Milli Məclisin deputatı Geri dön |