Ana Sayfa > Ölkə > Moskva məhkəməsindən yeniyetmələrə dair irqçi qərar - Bakıdan sərt təpki

Moskva məhkəməsindən yeniyetmələrə dair irqçi qərar - Bakıdan sərt təpki


Bu gün, 10:06. Yazar: sevinc1
Moskva məhkəməsindən yeniyetmələrə dair irqçi qərar - Bakıdan sərt təpki

Xəbər verdiyimiz kimi, Moskvada 2120 nömrəli məktəbin 9-cu sinif şagirdləri - Canpolat Quliyev və Elnar Nuriyev adi məktəb davasına görə “xuliqanlıq” maddəsi ilə məhkəmə qarşısına çıxarılıblar. İttiham aktına əsasən, guya onlar 8-ci sinif şagirdini geyim tərzinə görə ələ salıblar və aprelin 21-də həmin oğlana hücum edərək çənəsini sındırıblar.

Əslində burada milli nifrət, zorakılığın təbliği və ya sosial təhlükə kəsb edən davranış yoxdur. Bu, sırf məktəb daxilində baş vermiş bir insidentdir - istənilən ölkədə belə hallara qarşı pedaqoji və psixoloji tədbirlərlə reaksiya verilir. Lakin Rusiya hüquq-mühafizə orqanları bu hadisəni dərhal “xuliqanlıq” kimi qiymətləndirərək cinayət işinə çeviriblər. Uşaqlara 2 il şərti azadlıqdan məhrumetmə və 10 min rubl cərimə kəsilib.

Son illər Rusiyada azərbaycanlı və ya Orta Asiyadan olan gənclərlə bağlı hər hansı bu cür insident dərhal “ictimai təhlükəli davranış” kimi təqdim olunur. Eyni hadisə rus şagirdlər arasında baş verəndə isə bu, “münaqişə”, “emosional davranış”, “yeniyetmə səhvi” kimi izah edilir.

Rusiya mediasının da bu hadisəni şişirdərək təqdim etməsi, sosial şəbəkələrdə “onları Azərbaycana deportasiya etmək lazımdır” tipli çağırışların yayılması cəmiyyətdə mövcud olan ksenofobiyanın dərinliyini göstərir. Bu, təkcə iki yeniyetmənin deyil, bütövlükdə rus cəmiyyətində yaşayan azərbaycanlıların və digər müsəlman icmalarının ünvanına yönəlmiş təzyiq atmosferinin təzahürüdür.

Əslində bu cür hallar Rusiya dövlətinin “multikulturalizm” siyasətinin formal xarakter daşıdığını bir daha sübut edir. Moskva rəhbərliyi illərdir “bərabərlik” və “millətlərarası harmoniya”dan danışsa da, məhkəmə və istintaq orqanlarının davranışları tam əks istiqamətdə gedir.

Azərbaycanlı gənclərə qarşı çıxarılan hökm - iki il şərti azadlıqdan məhrumetmə və 10 min rubl cərimə - bəlkə də hüquqi baxımdan yüngül görünə bilər, lakin mənəvi və siyasi mənada bu, çox ağır siqnaldır. Çünki məsələ sadəcə iki uşağın davranışı deyil, Rusiya sisteminin kimə qarşı sərt, kimə qarşı yumşaq olmağının göstəricisidir.

Bakıvaxtı.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O bildirib ki, işin konkret detallarını, cinayət əməlinin necə tövsif olunduğunu bilmədən hakimin niyə bu qərarı verdiyini demək çətindir: “Şagirdlər arasında davanın olması mümkündür. Lakin kiminsə digərinə ağır xəsarət yetirməsinə, vurub çənəsini sındırmasına hüquq göz yuma bilməz. Bəli, yəqin ki, burada milli faktor da var. Təqsirləndirilən tərəf Azərbaycan övladlarıdır. Son vaxtlar Rusiyada hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara və qeyri-ruslara qarşı total, hüquq qaydalarına və beynəlxalq hüquq normalarına zidd addımların atıldığını müşahidə edirik. Bunların fonunda Moskvada belə bir hadisə yaşanır və 2 il şərti azadlıqdan məhrumetmə baş verir. Bu, artıq Rusiya qanunvericiliyi ilə tənzimlənir. Mən hansı maddə ilə ittiham irəli sürüldüyünü, o maddənin sanksiyasında şərtidən başqa cəza varmı, hakim yüngül formanı seçibmi deyə bu cür detalları bilmirəm. Uşaqların yaş həddini də dəqiq bilmirik, 9-cu sinifdə oxuya, 14 və ya 17 yaşı ola bilər.

Əgər zərərçəkən tərəfə ağır xəsarət yetirilibsə, bu, həm Azərbaycanda, həm də Rusiyada ağır məsuliyyət yaradan haldır. Amma davanın hansı səbəbdən olduğuna və ağırlıq dərəcəsinə diqqət etmək lazımdır. Bilməliyik ki, bu dava sadə davranış nəticəsində, yoxsa xüsusi qəddarlıqla baş verib.

Elə heab edirəm ki, Rusiya-Azərbaycan fonunda isti münasibətlərin formalaşması zəminində biz milli məsələləri həddindən çox qabartmamalıyıq. Amma təbii ki, haradasa sırf milli mənsubiyyətinə görə soydaşlarımıza qarşı hücumlar varsa, biz ona da laqeyd qalmamalıyıq.

Məktəblilərə şərti cəzanın verilməsi də başadüşülən deyil. Hadisə cərimə ilə yekunlaşa bilərdi. Şərti cəza artıq məhkumluq yaradan haldır. Məhkəmənin yeniyetmələrə qarşı niyə belə davrandığını dəqiq deyə bilmərəm. Hüquq elə bir elmdir ki, hadisəni, ittiham aktının nədən ibarət olduğunu dəqiq bilmədən, yekun nəticəyə görə münasibət bildirmək çətin olur".

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib ki, hadisənin ağırlığına nəzər salmaq lazımdır: “Elə hallar var ki, törədilən əməlin xarakterindən asılıdır. Fiziki xəsarətin yüngül və ağır olması da bu məsələdə böyük rol oynayır. Hazırda Azərbaycanda elə cinayətlər var ki, ona görə insanları məhkum etmirlər, qolbaq bağlayırlar və həmin şəxsləri nəzarətdə saxlayırlar. İnsanları həbsxanalara göndərməkdənsə, bu formada tərbiyə etmək daha yaxşıdır.

İstənilən halda tərəflərdən birinin Rusiya vətəndaşı və ya rus olması əsas götürülərək bu qərar verilib. Dava azərbaycanlı şagirdlər arasında olsaydı, bəlkə də heç qərar verməyəcəkdilər, məsuliyyət məsələsi olmayacaqdı. Tək Rusiyada deyil, hətta Gürcüstanda da biz bu hallarla qarşılaşırıq. Hər halda, bu məsələdə millətlərə qarşı olan münasibət də öz sözünü deyir. Tək bu deyil, bundanöncə baş verən hadisələr də göstərdi ki, məsələlər var.

Ümumilikdə isə verilən cəza ilə törədilən əməlin xarakterinə baxmaq lazımdır. Rusiyanın cinayət qanunvericiliyində belə bir hal nəzərdə tutulubmu, buna baxmaq lazımdır. Belə bir hal doğrudan da nəzərdə tutulubsa, verilmiş cəza cinayətin xarakterinə uyğundurmu? O halda biz irqçilikdən danışa bilmərik. Yox, qanunvericilikdə nəzərdə tutulmayıbsa, ağır cəza verilibsə, o halda biz ayrı-seçkiliyin olduğunu açıq ifadə edə bilərik".

Qeyd edək ki, şərti azadlıqdan məhrumetmə - cəza hüququnda işlədilən anlayış olub, şəxsin müəyyən müddətə azadlıqdan məhrum edilməsini, lakin bu cəzanın müəyyən şərtlərlə icra edilməməsini ifadə edir.

Sadə dillə desək, hakim şəxsə azadlıqdan məhrumetmə (məsələn, 2 il həbs) cəzası təyin edir, amma onun dərhal həbsxanaya göndərilməsini şərti olaraq təxirə salır.

Bu o deməkdir ki, məhkum müəyyən sınaq (müddət) dövrü ərzində yenidən cinayət törətməməli, qanunlara riayət etməli və məhkəmənin müəyyən etdiyi şərtləri yerinə yetirməlidir (məsələn, qeydiyyata gəlmək, yaşayış yerini dəyişməmək, cəmiyyətə yararlı əməl göstərmək və s.). Əgər bu şərtlərə əməl edərsə, həmin müddət bitdikdən sonra cəza icra olunmuş sayılır və şəxs həbsə düşmür. Amma əgər yenidən cinayət törədərsə və ya şərtləri pozarsa, məhkəmə qərarı ilə cəza qüvvəyə minir və şəxs faktiki olaraq həbs edilir.

aia.az
Geri dön