Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Avrasiyanın enerji və ticarət xəritəsində Azərbaycan və Qazaxıstanın mövqeləri getdikcə möhkəmlənir”
Novruzəli Aslanov: “Avrasiyanın enerji və ticarət xəritəsində Azərbaycan və Qazaxıstanın mövqeləri getdikcə möhkəmlənir”Dünən, 18:37. Yazar: azer |
![]() “Bu gün Azərbaycan–Qazaxıstan münasibətləri artıq təkcə dostluq və mədəni yaxınlıq əsasında deyil, həm də iqtisadi, siyasi və regional inkişaf məqsədlərinə yönəlmiş praqmatik əməkdaşlıq üzərində qurulur. Son illərdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin dinamik xarakter alması cənab Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin şəxsi münasibətlərinin və qarşılıqlı etimadın nəticəsidir. İqtisadi-ticari sahədə əldə olunan nailiyyətlər, qarşılıqlı investisiya təşəbbüsləri və nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi strateji tərəfdaşlığı daha da dərinləşdirib. Oktyabrın 21-də Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında müzakirə olunan məsələlər arasında Birgə İnvestisiya Fondunun fəaliyyəti və yeni layihələrin icrası xüsusi yer tutdu. Fond çərçivəsində reallaşdırılan təşəbbüslər iki ölkənin iqtisadi potensialının səmərəli birləşdirilməsinə xidmət edir. Bu, həm də Orta Dəhliz boyunca tranzit imkanlarının artırılmasına, Avrasiyanın enerji və ticarət xəritəsində Azərbaycan və Qazaxıstanın rolunun möhkəmlənməsinə şərait yaradır.” Bu sözləri aia.az açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Millət vəkili daha sonra bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında energetika sahəsində həm ənənəvi, həm də bərpaolunan enerji mənbələri üzrə geniş əməkdaşlıq imkanlarının mövcudluğu barədə yer alan fikirlər xüsusi əhəmiyyət kəsb edir: “Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi barədə imzalanmış üçtərəfli razılaşma regionun enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Bu layihə həm də “yaşıl enerji” marşrutunun yaradılması istiqamətində mühüm addımdır. Bununla yanaşı, humanitar əməkdaşlıq sahəsində əldə olunan nəticələr də diqqətəlayiqdir. Hər iki ölkədə Mədəniyyət Günlərinin qarşılıqlı şəkildə keçirilməsi xalqlar arasında mənəvi yaxınlığı möhkəmləndirir. Azərbaycan və Qazaxıstan mədəniyyətlərinin bir-birini tamamlaması, ortaq tarix və dəyərlərə əsaslanması bu əlaqələrin təməlini daha da möhkəmləndirir. Məlumdur ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini hər zaman dəstəkləyib. BMT, İƏT və Türk Dövlətləri Təşkilatı daxil olmaqla, müxtəlif platformalarda ortaq mövqedən çıxış edən Azərbaycan və Qazaxıstan bir-birinin təşəbbüslərini daim müdafiə edir. Bu, iki ölkənin strateji həmrəyliyinin təkcə regional deyil, həm də qlobal ölçüdə güclü olmasını göstərir. Beləliklə, Azərbaycan–Qazaxıstan tərəfdaşlığı yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də dayanıqlı təməl yaratmış olur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |