Ana Sayfa > Siyasət > Siyasi etimadın fonunda iqtisadi əlaqələr

Siyasi etimadın fonunda iqtisadi əlaqələr


Bu gün, 11:47. Yazar: azer
Siyasi etimadın fonunda iqtisadi əlaqələr

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşməsi regionda yeni geosiyasi reallıqların formalaşmasına ciddi təsir göstərir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı (TDT) iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi və çoxşaxəli inkişafında əsas rol oynayır. Cənab Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, TDT Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun inkişafı, iqtisadi əməkdaşlığın genişlənməsi və humanitar münasibətlərin güclənməsi üçün mühüm platformadır. Bu təşəbbüslər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, eyni zamanda bütün Türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstanın TDT çərçivəsindəki əməkdaşlığı həm strateji, həm də mədəni istiqamətlərdə mühüm nəticələr doğurur. Son illərdə Şuşa və Qəbələdə keçirilən Zirvə Görüşləri bu əməkdaşlığın uğurlu inkişafını təsdiqləyir. Həmin görüşlərdə qəbul olunan sənədlər Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına töhfə verir.
Mədəni-humanitar sahədə əlaqələr də dinamik şəkildə inkişaf edir. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlarımız arasında qarşılıqlı anlayışın və yaradıcılıq əlaqələrinin dərinləşməsinə şərait yaradıb. Prezident İlham Əliyev bu tədbirlərin xalqlarımızın mədəni irsinin qarşılıqlı zənginləşməsinə və gənc nəsillər arasında qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət etdiyini xüsusi vurğulayıb. Eyni zamanda, TDT çərçivəsində təhsil və elm sahəsində əməkdaşlıq da genişlənməkdədir. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi qurumlar vasitəsilə universitetlər, elmi-tədqiqat mərkəzləri və mədəniyyət müəssisələri arasında sıx əlaqələr qurulur. Bu əməkdaşlıq iki ölkə arasında yüksək səviyyəli etimadın göstəricisidir və gələcək nəsillərin birgə inkişafı üçün möhkəm zəmin yaradır.
Azərbaycan və Qazaxıstan üçün TDT həm də ortaq tarix və mədəni dəyərlərin qorunması baxımından strateji əhəmiyyət daşıyır. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay bu baxımdan mühüm tarixi hadisə kimi bu gün də aktuallığını saxlayır. Qarşıdan gələn ildə həmin Qurultayın 100 illiyinin TDT çərçivəsində qeyd edilməsi Türk dünyasının elmi, mədəni və humanitar potensialının beynəlxalq miqyasda təbliği üçün əvəzsiz imkan yaradacaq.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön