Ana Sayfa > Siyasət > Azərbaycan–Qazaxıstan əməkdaşlığının mühüm istiqamətləri

Azərbaycan–Qazaxıstan əməkdaşlığının mühüm istiqamətləri


Bu gün, 10:37. Yazar: azer
Azərbaycan–Qazaxıstan əməkdaşlığının mühüm istiqamətləri

Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr bu gün sadəcə diplomatik münasibətlər səviyyəsində deyil, türk dünyasının birliyini, qardaşlıq və qarşılıqlı etimad ruhunu əks etdirən möhkəm təməllərə əsaslanır. Cənab Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi geniş müsahibə bu dostluğun və strateji tərəfdaşlığın dərinliyini bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğulayıb ki, “Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr qarşılıqlı hörmət və etimad üzərində qurulub.” Bu etimadın kökü ortaq tariximizə, oxşar mədəni dəyərlərə və xalqlarımızın bir-birinə olan sarsılmaz dəstəyinə dayanır. Prezident İlham Əliyevin dediyi kimi, “bu gün biz əsl strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.”
Son illərdə bu əməkdaşlıq misilsiz inkişaf yolu keçib. Yalnız üç il ərzində Prezident İlham Əliyev Qazaxıstana yeddi, Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər edib. Bu intensiv görüşlər iki ölkə liderləri arasında etimada, səmimiyyətə və qarşılıqlı anlayışa əsaslanan dialoqun yüksək səviyyəsini əks etdirir. Məhz bu qarşılıqlı təmaslar nəticəsində Azərbaycan–Qazaxıstan münasibətləri formal diplomatik çərçivəni aşaraq praktiki və çevik əməkdaşlıq modelinə çevrilib. İmzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə” isə artıq 20 ildir ki, bu münasibətlərin hüquqi və siyasi dayağı kimi öz aktuallığını qoruyur.
İqtisadi əməkdaşlıq da bu münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan və Qazaxıstan Avrasiya məkanında strateji dəhlizlərin formalaşmasında bir-birini tamamlayan tərəfdaş kimi çıxış edirlər. Cənab Prezident İlham Əliyev qeyd edib: “2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 470 milyon dollar olub, 2025-ci ilin ilk səkkiz ayında isə bu göstərici 547 milyon dollara çataraq üçqat artım nümayiş etdirib.” Bu göstəricilər Orta Dəhlizin səmərəli fəaliyyəti, yenilənmiş infrastruktur və nəqliyyat-logistika sahəsində birgə səylərin nəticəsidir. Azərbaycanın Qazaxıstana yatırdığı 225 milyon dollarlıq, Qazaxıstanın isə Azərbaycana yönəltdiyi 136 milyon dollarlıq sərmayə qarşılıqlı iqtisadi etimadın və uzunmüddətli tərəfdaşlığın bariz sübutudur. Bu əməkdaşlıq regionun sabitliyinə, iqtisadi inteqrasiyasına və davamlı inkişafa töhfə verir.
Nəqliyyat və enerji sahəsindəki əlaqələr iki ölkə münasibətlərinin strateji istiqamətini təşkil edir. Prezident İlham Əliyev bu barədə bildirib: “Nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional inteqrasiya üçün yeni imkanlar yaradır.” Aktau və Ələt limanları bu əməkdaşlığın əsas mərkəzləri hesab olunur. SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu ilə neft nəqli barədə əldə edilmiş razılaşma enerji sahəsində yeni mərhələnin başlanğıcıdır. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji və elektrik şəbəkələrinin inteqrasiyasına dair layihələr regionun “yaşıl enerji” xəritəsində mühüm addım kimi çıxış edir.

Azərbaycan–Qazaxıstan münasibətləri həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıqla güclənir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Türk Dövlətləri Təşkilatı türk xalqları arasında həmrəyliyin və əməkdaşlığın vacib dayağına çevrilib.” Bu təşkilat artıq yalnız mədəni platforma deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik istiqamətində regionun strateji mərkəzidir. Naxçıvanda təməli qoyulan, Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri türk birliyinin yeni mərhələsinə yol açıb. Prezidentin vurğuladığı kimi, “TDT çərçivəsində irəli sürülən təşəbbüslər türk birliyinin siyasi, iqtisadi və mədəni gücünü artırır.” İki xalqı birləşdirən mədəni əlaqələr də bu münasibətlərin vacib sütunlarından biridir. Cənab Prezident İlham Əliyevin sözləri ilə, “mədəni əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlayışın və dostluğun möhkəmlənməsinə xidmət edir.” 2023–2024-cü illərdə keçirilmiş Mədəniyyət Günləri, ədəbi və elmi tədbirlər, Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfranslar bu istiqamətdə atılan əhəmiyyətli addımlardır.

Cənab Prezident İlham Əliyev müsahibəsində Xəzər dənizinin ekoloji problemlərinə də toxunaraq bildirib: “Xəzərin səviyyəsi tədricən azalır və bu, yalnız iqlim dəyişiklikləri ilə bağlı deyil.” Bu vəziyyət həm ekoloji, həm də iqtisadi baxımdan region üçün ciddi çağırış yaradır. Azərbaycan və Qazaxıstan bu sahədə birgə layihələr həyata keçirərək Xəzərin bioloji tarazlığının qorunması istiqamətində mühüm addımlar atır.
Beləliklə, Azərbaycan–Qazaxıstan münasibətləri bu gün türk coğrafiyasında siyasi, iqtisadi və mədəni gücün birləşdiyi strateji tərəfdaşlıq modelidir. Hər iki ölkə Orta Dəhlizin, enerji təhlükəsizliyinin, ekoloji sabitliyin və türk həmrəyliyinin əsas dayaqları kimi çıxış edir.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Geri dön