Ana Sayfa > Siyasət > Azərbaycan–Qazaxıstan tərəfdaşlığı etibarlı və strateji əsaslara söykənir

Azərbaycan–Qazaxıstan tərəfdaşlığı etibarlı və strateji əsaslara söykənir


Dünən, 12:57. Yazar: azer
Azərbaycan–Qazaxıstan tərəfdaşlığı etibarlı və strateji əsaslara söykənir

Cənab Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi geniş müsahibə təkcə Azərbaycan–Qazaxıstan münasibətlərinin dərinliyini göstərmir, həm də Türk dünyasının gələcək inkişaf yoluna dair strateji baxışın ifadəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu müsahibə siyasi, iqtisadi və mədəni-mənəvi müstəvilərdə iki ölkə arasında qurulan tərəfdaşlığın sabit, dayanıqlı və strateji əsaslara söykəndiyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan və Qazaxıstan arasında əlaqələr qarşılıqlı etimada, dostluğa və qardaşlığa əsaslanır.” Bu fikir sadəcə diplomatik ritorika deyil, əsrlərin sınağından çıxmış, ortaq tarix və mədəni dəyərlərlə möhkəmlənmiş qardaşlıq fəlsəfəsinin dövlət səviyyəsində təsdiqidir. Cənab Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin bu qədər güclü olması təsadüfi deyil. Son üç ildə dövlət başçılarının qarşılıqlı yeddi səfərinin həyata keçirilməsi, bir çox mühüm sazişlərin imzalanması və Ali Dövlətlərarası Şuranın yaradılması bu əməkdaşlığın hərtərəfli və sistemli şəkildə inkişaf etdiyini sübut edir. Onun “bu mənim qardaş ölkəyə yeddinci səfərimdir” ifadəsi isə sadəcə bir fakt yox, liderlər arasında formalaşmış sarsılmaz etimadın, qarşılıqlı anlayışın və Türk birliyinə sədaqətin göstəricisidir.

Azərbaycan–Qazaxıstan münasibətlərinin əsas istiqamətlərindən biri iqtisadi və ticarət əlaqələrinin yüksələn xətt üzrə inkişafıdır. Müsahibədə təqdim edilən rəqəmlər bu əməkdaşlığın real nəticələrini aydın göstərir: 2025-ci ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 547 milyon dollara çatıb — bu, ötən ilin göstəricisindən üç dəfə çoxdur. Hazırda Azərbaycanda Qazaxıstan kapitallı təxminən 250 şirkət fəaliyyət göstərir, qarşılıqlı sərmayələr sürətlə artır, “Aktau–Ceyhan” marşrutu üzrə neft tranziti ilə bağlı yeni razılaşmalar isə iqtisadi əlaqələri daha da möhkəmləndirir. Bu göstəricilər arxasında yalnız iqtisadi maraqlar deyil, həm də strateji inkişaf konsepsiyası dayanır. Prezident İlham Əliyevin də dediyi kimi, bu əməkdaşlığın gücü təkcə “Orta Dəhliz”in logistik imkanları ilə deyil, liderlər arasında mövcud olan siyasi iradə ilə formalaşıb.
Azərbaycan və Qazaxıstanın təşəbbüsü ilə inkişaf etdirilən Transxəzər Orta Dəhlizi bu gün Avrasiyanın geoiqtisadi xəritəsində mühüm strateji mövqeyə malikdir. Prezident İlham Əliyev müsahibəsində bu layihənin uğurla davam etməsi üçün infrastrukturun yenilənməsi, tarif siyasətinin uyğunlaşdırılması və rəqəmsallaşmanın vacibliyini xüsusi vurğulayıb. Xəzərin dibi ilə çəkilən sualtı fiber-optik kabelin tikintisi, limanların modernləşdirilməsi və yükdaşımaların 20 faiz artması kimi faktlar göstərir ki, Azərbaycan–Qazaxıstan əməkdaşlığı regionda yeni liderlik səviyyəsinə yüksəlib. Bu istiqamətdə atılan addımlar Türk dövlətləri arasında “Türk marşrutu” adlandırıla biləcək yeni nəqliyyat-fəlsəfi konsepsiyanın formalaşmasına zəmin yaradır. Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas istiqamətlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yeni razılaşmalar regionun enerji strukturunu dəyişdirmək gücünə malikdir. Bu, yalnız texnoloji tərəqqi deyil, həm də Türk dövlətlərinin ekoloji məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin göstəricisidir.

Cənab Prezident İlham Əliyev, həmçinin, Türk Dövlətləri Təşkilatının (TDT) regional əməkdaşlıqda rolunu önə çəkərək bildirib ki, TDT “siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi və humanitar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır.” Azərbaycanın Naxçıvandan başlayan Türk birliyi ideyasına sədaqəti, Şuşa və Qəbələ zirvə görüşlərində qəbul edilən qərarlar, eləcə də Türk Akademiyasının təşəbbüsləri Türk dünyasının yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Prezident İlham Əliyevin Xəzər dənizinin dayazlaşması ilə bağlı fikirləri isə ekoloji diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır. Onun “Xəzər yalnız su hövzəsi deyil, ortaq məsuliyyətimizin simvoludur” sözləri bu məsələni sadə ekoloji problemdən çıxararaq regional əməkdaşlıq müstəvisinə gətirir. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan və Qazaxıstan Xəzəri həm iqtisadi, həm də ekoloji baxımdan qorumaq niyyətindədirlər. İki xalq arasındakı mədəni əlaqələr də bu münasibətlərin vacib tərkib hissəsidir. Mədəniyyət günlərinin təşkili, ədəbi layihələrin həyata keçirilməsi, eləcə də Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi xalqlar arasında mənəvi bağları daha da möhkəmləndirir. Bu, sadəcə mədəniyyət mübadiləsi deyil, türk xalqlarının bir-birini daha yaxından tanıması və ortaq gələcəyə birgə baxış formalaşdırması prosesidir. Cənab Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də ortaq dəyərlərə, qardaşlığa və strateji baxışa əsaslanır. Bu əlaqələr etimadın, birliyin və Türk dünyasının inteqrasiyasının ən parlaq nümunəsidir.

Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.

Geri dön