Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “25 oktyabr – Qubadlı şəhəri günü azadlığın, müstəqilliyin, və ümumxalq birliyinin möhtəşəm rəmzlərindən biridir”
Azər Kərimli: “25 oktyabr – Qubadlı şəhəri günü azadlığın, müstəqilliyin, və ümumxalq birliyinin möhtəşəm rəmzlərindən biridir”Dünən, 17:55. Yazar: azer |
![]() “Azərbaycanın ən yeni tarixi parlaq Zəfər səhifələri ilə zəngindir. Hər bir azad edilmiş şəhər, hər bir qaytarılmış kənd milli qürurumuzun, dövlətimizin iradəsinin və xalq birliyinin təcəssümüdür. Bu baxımdan 25 oktyabr – Qubadlı şəhəri günü xüsusi rəmzi məna daşıyır. Bu gün təkcə bir şəhərin azad olunmasının ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin parlaq nəticəsinin, milli iradənin təntənəsinin simvoludur. Qubadlı 27 il işğal altında qalmış, talan edilmiş, mədəni və iqtisadi həyatı məhv edilmiş bir rayon idi. Lakin 2020-ci ilin 25 oktyabrında Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu torpaqları düşməndən təmizləyərək üçrəngli bayrağımızı ucaltdı. Həmin gün təkcə bir şəhər azad edilmədi – həm də xalqın qəlbində 30 illik həsrətin yerini qürur və sevinc hissi aldı. Qubadlı əməliyyatı 44 günlük Vətən müharibəsinin ən mühüm döyüşlərindən biri kimi tarixə yazıldı və müharibənin ümumi gedişatında dönüş nöqtəsinə çevrildi.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib. Daha sonra millət vəkili Qələbənin əbədiləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyev tərəfindən azad edilmişərazilərdə şəhər günlərinin təsis edilməsinin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr tarixi “Qubadlı şəhəri günü” kimi təsis edildi. Bu qərar bir daha göstərdi ki, dövlətimiz təkcə torpaqları azad etmir, həm də bu qələbələrin mənəvi dəyərini, xalqın yaddaşındakı əhəmiyyətini qoruyur. Qubadlı şəhəri günü həm şəhidlərimizin xatirəsinə ehtiramın, həm də azadlıq ideallarına sədaqətin rəmzidir. Bu gün Qubadlıda aparılan bərpa və yenidənqurma işləri bu əlamətdar günün ruhuna uyğun şəkildə həyata keçirilir. Azad olunmuş torpaqlarda həyat yenidən qaynayır. Qubadlının yeni siması – müasir şəhər infrastrukturu, təmiz enerji layihələri, avtomobil yolları və sosial obyektləri ilə formalaşır. “Qubadlı” gömrük postunun, yarımstansiyaların və mühüm avtomobil yollarının inşası bu bölgəni yaxın illərdə Cənubi Qafqazın iqtisadi və logistika mərkəzlərindən birinə çevirəcək. 25 oktyabr təkcə dövlət təqvimində deyil, həm də xalqın qəlbində xüsusi yer tutur. Bu tarix bizə azadlığın, müstəqilliyin, həmrəyliyin və birliyin dəyərini xatırladır. Hər il bu gün qeyd olunarkən Qubadlı uğrunda döyüşən qəhrəmanların, şəhidlərin və qazilərin xatirəsi ehtiramla anılır. Onların igidliyi sayəsində bu torpaqlarda həyat, sülh və inkişaf bərqərar olub. Qubadlı şəhəri günü həm də gələcəyə inam günüdür. Bu gün Qubadlıya qayıdan hər bir insan doğma yurdunda quruculuq aparmaqla, yeni həyat qurmaqla Vətənə xidmət edir. Bu şəhər Azərbaycan xalqının yenilməzliyinin, dövlətin qüdrətinin və tarixi ədalətin bərpasının canlı sübutudur” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb. Geri dön |