Ana Sayfa > Manşet / Siyasət > Aydın Hüseynov: "Zəngilan qələbənin, azadlığın və Böyük Qayıdışın simvoludur"

Aydın Hüseynov: "Zəngilan qələbənin, azadlığın və Böyük Qayıdışın simvoludur"


Bu gün, 12:51. Yazar: azer
Aydın Hüseynov: "Zəngilan qələbənin, azadlığın və Böyük Qayıdışın simvoludur"

2020-ci il Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olundu. Qərinələr dolansa belə, bu il həm Qələbənin, həm Zəfərin yazıldığı unudulmaz bir il kimi qalacaq. Çünki həmin il, cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Bu Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də qürurla yaşayır. Ən əsası isə, biz bütün tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə əbədi minnətdarıq.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 2020-ci ilin 20 oktyabrı həm xalqımız, həm də zəngilanlılar üçün əbədi həkk olunmuş gündür. Bu tarix, Zəngilanın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. 27 il davam etmiş işğala son qoyulmuş, Zəngilan xalqı bu tarixdə azadlıq gününü qeyd etməyə başlamışdır. 31 iyul 2023-cü il tarixli Prezident Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olunmuş və Zəngilanın azad edilmə günü – 20 oktyabr – rəsmi olaraq Zəngilan Şəhəri Günü elan edilmişdir. Zəngilanın azadlığı yalnız Qələbənin deyil, həm də xalqın tarixini qorumaq uğrunda apardığı mübarizənin nəticəsidir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Zəngilanı işğal edərkən 67 gün davam edən mühasirədə 235 şəhid və itkin verdikdən sonra zəngilanlılar müvəqqəti olaraq Azərbaycanın digər rayonlarında məskunlaşmışdır. İşğal dövründə rayonun tarixi-mədəni irsi dağıdılmış, İmam Hüseyn məscidi, Şərifan abidələri, Alban kilsələri və digər dini-mədəni obyektlər erməni vandalizminin qurbanına çevrilmişdir. 2020-ci ilin sentyabrından başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu strateji və məqsədyönlü əməliyyatlar nəticəsində Zəngilan şəhəri və 49 kəndi işğaldan azad etdi. Oktyabrın 20-də cənab Prezident İlham Əliyev xalqa müraciət edərək Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Bu əməliyyatlar ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmiş, işğal altında qalmış 132 kilometr sərhəd Azərbaycan dövlətinin nəzarətinə keçmişdir.
Millət vəkili onu da deyib ki, Zəngilanın azadlığı ilə başlayan Böyük Qayıdış layihəsi rayonun yenidən inkişafını təmin edir. Ağalı kəndində həyata keçirilən pilot layihə 200 evdən ibarət kəndi əhatə edir və burada məktəb, bağça, tibb məntəqəsi, dövlət xidmətləri – “ASAN”, “DOST”, kiçik və orta biznes üçün dəstək obyektləri fəaliyyət göstərir. Kənd sakinləri artıq doğma torpaqlarında məskunlaşmağa başlamış, ölkəmizin müasir kənd modelləri üzrə beynəlxalq səviyyədə nümunə göstərilən bir yaşayış məkanına çevrilmişdir. Zəngilan strateji baxımdan da böyük əhəmiyyət daşıyır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu bölgənin nəqliyyat qovşağı kimi inkişafına təkan verir. Zəngəzur dəhlizinin bərpası Naxçıvan və Qərbi Zəngəzuru birləşdirərək regionda yeni iqtisadi perspektivlər açacaqdır. Azərbaycanın milli və mənəvi irsi, Zəngilan məscidi və digər abidələrin bərpası ilə qorunur. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri, eləcə də aqropark və kənd təsərrüfatı layihələri Zəngilanın həm iqtisadi, həm də sosial inkişafını təmin edir. Burada qida təhlükəsizliyinə töhfə verən modern maldarlıq, yaşıl enerji və kənd təsərrüfatı layihələri aparılır. Cənab Prezident İlham Əliyevin Zəngilana səfərləri də bu Böyük Qayıdışın və rayonun dirçəlişinin əyani sübutudur. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini şəxsən yerində izləyir, sakinlərlə görüşür, onların problemlərini dinləyir və birbaşa dəstək göstərir. Hər səfər Zəngilanın inkişafının sürətlənməsinə təkan verir, burada həyata keçirilən layihələrin əhəmiyyətini beynəlxalq və milli ictimaiyyətə bir daha nümayiş etdirir. Cənab Prezidentin diqqət və qayğısı altında Zəngilan yalnız tarixi azadlığını deyil, həm də müasir infrastruktur, sosial təminat və iqtisadi rifah nümunəsi olaraq yüksəlir, gələcək nəsillərə qürurla göstəriləcək dirçəlmiş Vətən simvoluna çevrilir.
Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı Qələbə və Zəfəri daim qürurla xatırlayacaq, Zəngilan şəhəri isə əbədi olaraq azadlığın, dövlətçilik gücünün və Böyük Qayıdışın simvolu kimi tarixə həkk olunacaqdır-deyə Aydın Hüseynov fikrini yekunlaşdırıb.
Geri dön