Ana Sayfa > Siyasət > İlham Əliyevin Zəngilan səfərlərinin strateji əhəmiyyəti

İlham Əliyevin Zəngilan səfərlərinin strateji əhəmiyyəti


Bu gün, 11:34. Yazar: azer
İlham Əliyevin Zəngilan səfərlərinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərə mütəmadi səfərlər edir. Bu səfərlər həm tarixi ədalətin bərpası, həm də dövlətin bölgənin inkişafına verdiyi əhəmiyyətin təzahürüdür. Bu kontekstdə, Prezident İlham Əliyevin Zəngilan rayonuna etdiyi səfərlər xüsusi əhəmiyyət daşıyır. Zəngilan rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və 2020-ci ilin 20 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Azad olunmuş ərazilərə edilən ilk səfərlərdən biri də məhz Zəngilana olmuşdur. Onun bu səfərləri zamanı əsas məqsəd həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olmaq, yeni layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak etmək, eləcə də Azərbaycan xalqına və dünya ictimaiyyətinə bu torpaqların sahiblərinin qayıtdığını göstərmək olmuşdur. Zəngilan rayonuna edilən ilk səfərlərdən birində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan şəhərində yeni tikiləcək infrastruktur obyektlərinin təməlini qoymuş, burada həyata keçiriləcək layihələrlə bağlı geniş məlumatlar təqdim olunmuşdur. Bu səfərlər çərçivəsində Prezident İlham Əliyev həm də Zəngilan Beynəlxalq Hava Limanının tikinti işlərinə start vermiş və sonrakı səfərlərində bu hava limanının açılışında iştirak etmişdir. Zəngilan Beynəlxalq Hava Limanı regionun logistik imkanlarını genişləndirən, Zəngilanın turizm, kənd təsərrüfatı və sənaye potensialını artıran mühüm infrastruktur layihəsidir. Dövlət başçısı bu açılış zamanı çıxış edərək bildirmişdir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bütün layihələr xalqın rifahı, ölkənin inkişafı və regionda sabitliyin təmin olunması məqsədi daşıyır. Prezident İlham Əliyevin Zəngilana səfərləri həm də strateji və siyasi əhəmiyyət daşıyır. Bu səfərlər zamanı o, hər zaman vurğulamışdır ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir və burada Azərbaycan qanunları tam şəkildə bərpa olunur. Dövlət başçısının Zəngilana etdiyi səfərlər çərçivəsində Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi də xüsusi önəm kəsb edir. Prezident İlham Əliyev dəfələrlə Ağalıya baş çəkmiş, burada məskunlaşmış sakinlərlə görüşlər keçirmiş, onların problemləri ilə maraqlanmış və yeni yaşayış evlərinin tikintisi ilə tanış olmuşdur. “Ağıllı kənd” layihəsi Zəngilanın müasir və dayanıqlı inkişaf modelinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Prezidentin Zəngilana səfərləri zamanı etdiyi çıxışlar və verdiyi mesajlar da ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. O, bu səfərləri zamanı bir daha sübut etmişdir ki, Azərbaycan dövləti öz torpaqlarında güclü şəkildə möhkəmlənmiş və burada heç bir qeyri-qanuni qüvvəyə, qanunsuz fəaliyyətə icazə verilməyəcəkdir. Səfərlər zamanı təqdim edilən yeni layihələr, təhsil, səhiyyə, infrastruktur və mədəniyyət sahələrində görülən işlər Zəngilanın yenidən dirçəlişinin bariz nümunəsidir.

Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının mühasibi
Geri dön