Ana Sayfa > Manşet / Siyasət > Bədəl Bədəlov: "Zəngilan azad torpaqların dirçəliş rəmzinə çevrilib"
Bədəl Bədəlov: "Zəngilan azad torpaqların dirçəliş rəmzinə çevrilib"Bu gün, 10:47. Yazar: azer |
![]() "Zəngilan tarixi, təbiəti və strateji mövqeyi ilə Qarabağ bölgəsinin ən qədim yaşayış məntəqələrindən biridir. Bu diyar uzun illər düşmən işğalı altında qalsa da, xalqımızın Qələbə əzmi, dözümü və Vətən sevgisi sarsılmadı. Zəngilanın azad edilməsi ilə həm ədalət bərpa olundu, həm də tariximizin qəhrəmanlıq səhifəsinə yeni bir şanlı gün yazıldı". Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. Parlamentari xatırladıb ki, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində erməni silahlı birləşmələrinə qarşı qəhrəmancasına döyüşüblər. "1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etməklə, xalqımızın tarixində qürur və iftixar səhifəsi yazdı. Zəngilanın azad edilməsi yalnız strateji baxımdan deyil, həm də mənəvi-siyasi müstəvidə böyük əhəmiyyət daşıyırdı. Bu şanlı Qələbə ilə 132 kilometrlik dövlət sərhədimiz tam bərpa olundu, Azərbaycan-İran sərhəd xətti bütövlükdə nəzarətə götürüldü. Beləliklə, dövlətimizin ərazi bütövlüyü təmin olundu, Zəngilan isə azad torpaqların dirçəliş rəmzinə çevrildi. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi işğaldan azad olunmuş torpaqlarda müasir və dayanıqlı həyat modelinin parlaq nümunəsidir. Burada sosial xidmətlər, enerji təminatı, təhsil, səhiyyə və məşğulluq sahələri tam inteqrasiya olunmuş ekosistem daxilində fəaliyyət göstərir. Zəngilan Beynəlxalq Hava Limanı ICAO və IATA standartlarına uyğun şəkildə inşa edilib və həm sərnişin, həm də yük daşımalarına imkan yaradır. Hava limanı həm regional nəqliyyat şəbəkəsinin, həm də Zəngəzur dəhlizinin hava komponentinin əsas hissəsini təşkil edir. Eyni zamanda, Zəngilan-Horadiz avtomobil yolu və tunellər sistemi azad edilmiş ərazilərin inteqrasiyasını təmin edir, bölgənin sosial-iqtisadi inkişafına xidmət edir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis olunub. Bu tarix həm azadlığın, həm də yenidənqurma, dirçəliş və gələcəyə inamın təntənəsidir. 2024-cü ildə açılışı olan “Ağalı” hoteli Zəngilanın turizm infrastrukturuna yeni nəfəs gətirib. Həkəri çayı sahilində yerləşən, təbii mənzərələr və müasir rahatlıqla birləşən bu mərkəz ekoturizmin inkişafı üçün mühüm addımdır. Burada həyata keçirilən layihələr təkcə bir rayonun deyil, bütün Qarabağ və Şərqi Zəngəzurun inkişaf modelini formalaşdırır. Zəngilanın azadlıqdan quruculuğa aparan yolu dövlətin siyasi iradəsinin, xalqın birliyinin və Vətən sevgisinin parlaq təzahürüdür". Geri dön |