Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “TDT-nin Azərbaycanda keçirilən Zirvə Görüşləri Türk dünyasının beynəlxalq səviyyədə təsir dairəsinin genişlənməsinə töhfə verir ”

Novruzəli Aslanov: “TDT-nin Azərbaycanda keçirilən Zirvə Görüşləri Türk dünyasının beynəlxalq səviyyədə təsir dairəsinin genişlənməsinə töhfə verir ”


Bu gün, 16:45. Yazar: azer
Novruzəli Aslanov: “TDT-nin Azərbaycanda keçirilən Zirvə Görüşləri Türk dünyasının beynəlxalq səviyyədə təsir dairəsinin genişlənməsinə töhfə verir ”

“Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi regional geosiyasi reallıqların formalaşmasına mühüm təsir göstərdiyi kimi, Türk Dövlətləri Təşkilatı da ölkələrimiz arasında münasibətlərin güclənməsində və şaxələnməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibəsində TDT-nin ölkələrimiz arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma olduğunu xüsusi qeyd etdi. Bu təşəbbüslər yalnız ikitərəfli deyil, həm də bütün Türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstanın TDT çərçivəsindəki əməkdaşlığı həm strateji, həm də mədəni aspektlərdə əhəmiyyətli nəticələr verir. Son illərdə Şuşada və Qəbələdə keçirilmiş Zirvə Görüşləri ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyini göstərir. Bu görüşlər nəticəsində imzalanmış bəyannamələr Türk dünyasının siyasi, iqtisadi və mədəni gücünün artırılmasına, eyni zamanda beynəlxalq səviyyədə təsirinin genişlənməsinə töhfə verir.”

Bu fikirləri aia.az-a açqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov ifadə edib.

Millət vəkili həmçinin bildirib ki, bu gün iki dost ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq da dinamik inkişaf edir: “2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlarımız arasında yaradıcılıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edib. Cənab Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, bu tədbirlər iki ölkənin mədəniyyətinin qarşılıqlı zənginləşməsini təmin edir və gənc nəsillər arasında qardaşlıq bağlarını möhkəmləndirir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində təhsil və elmi əməkdaşlıq da genişləndirilir. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi platformalar vasitəsilə universitetlər, tədqiqat mərkəzləri və mədəni qurumlar arasında sıx əməkdaşlıq təmin olunur. Bu isə ölkələrimiz arasında etimadın yüksək səviyyədə olduğunu göstərir və gələcək nəsillərin birgə inkişaf perspektivlərini möhkəmləndirir. Azərbaycan və Qazaxıstan üçün TDT həm də ortaq tarix və mədəniyyətin qorunması baxımından strateji platformadır. Hələ bir əsr bundan əvvəl, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti bu gün də aktualdır. Gələn il həmin qurultayın 100 illiyinin TDT çərçivəsində qeyd olunması, Türk dünyasının elmi, mədəni və humanitar potensialının beynəlxalq səviyyədə tanıdılması üçün unikal fürsət olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.
Geri dön