Ana Sayfa > Manşet / Siyasət > Göydəniz Qəhrəmanov: “Zəngilanın yol infrastrukturunun şaxələndirilməsi bölgədə digər sahələrlə yanaşı turizmin də inkişafına güclü təkan verəcək”

Göydəniz Qəhrəmanov: “Zəngilanın yol infrastrukturunun şaxələndirilməsi bölgədə digər sahələrlə yanaşı turizmin də inkişafına güclü təkan verəcək”


Bu gün, 15:45. Yazar: azer
Göydəniz Qəhrəmanov: “Zəngilanın yol infrastrukturunun şaxələndirilməsi bölgədə digər sahələrlə yanaşı turizmin də inkişafına güclü təkan verəcək”

“1988-ci ildən 1993-cü ilin noyabrınadək erməni işğalçı ordusunun hücumlarına şiddətli müqavimət göstərən, yüzlərlə şəhid verən Zəngilan qonşu Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşdükdən sonra yerli əhali çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks halda Azərbaycan ikinci Xocalı faciəsini yaşamalı olacaqdı. Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşməklə mühüm strateji əhəmiyyətə malikdir. 27 il ərzində erməni işğalçıları qəsb etdikləri digər rayonlar kimi Zəngilanın da təbii sərvətlərini talan etmiş, qiymətli ağac növlərini, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətləri daşıyaraq aparmışlar. Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngin olmuşdur. İşğal dövründə onlarla məscid, ziyarətgah və tarixi-memarlıq abidələri tamamilə dağıdılmışdır.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Daha sonra deputat belə bir məqamı diqqət mərkəzinə gətirib ki, Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədinin tam bərpa edilməsi xüsusi önəm daşıyan bir hadisə oldu: “Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başladığı Vətən müharibəsinin gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vuruldu və 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyat başlandı. Bundan cəmi iki gün sonra, oktyabrın 20-də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə bağlı ən mühüm məqamlardan biri də budur ki, həmin əməliyyat nəticəsində Azərbaycan-İran sərhədi də tam bərpa edildi. 132 kilometrlik sərhəd zonası yenidən Azərbaycanın nəzarətinə keçdi və bu, əlbəttə ki, çox böyük nailiyyətdir. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yeddi minə yaxın hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”

Sonda G.Qəhrəmanov bunu da qeyd edib ki, bölgənin yol infrastrukturunun şaxələndirilməsi bölgədə digər sahələrlə yanaşı turizmin inkişafına da güclü təkan verəcək: “Bu gün Azərbaycan beş il bundan əvvəl işğaldan azad etdiyi ərazilərində bütün dünyanın gözü qarşısında möhtəşəm bərpa-quruculuq işləri aparmaqla, həmin bölgələri sürətlə inkişaf etdirməklə özünün beynəlxalq nüfuzunu artırmaqda, mövqelərini daha da möhkəmləndirməkdədir. Hazırda Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası sürətlə davam etdirilir və tezliklə beynəlxalq nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Məlum olduğu kimi, bu layihə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və oradan da həmin dəmir yolu İran və Türkiyəyə keçərək, Avropaya çatacaq. Xüsusi olaraq qeyd olunmalıdır ki, Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin inkişafı baxımından böyük önəm kəsb edir. Bu amil gələcəkdə Zəngilanda xarici turistlərin də sayının artmasını təmin edəcək. Çünki füsunkar təbiəti, meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan Azərbaycanın ən gözəl guşələrindən biridir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Geri dön