Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: ,"Azərbaycan–Qazaxıstan münasibətlərində yeni mərhələ və ortaq tarixdən müasir həmrəyliyə gedən yol "

Eltun Süleymanov: ,"Azərbaycan–Qazaxıstan münasibətlərində yeni mərhələ və ortaq tarixdən müasir həmrəyliyə gedən yol "


Bu gün, 12:53. Yazar: azer
Eltun Süleymanov: ,"Azərbaycan–Qazaxıstan münasibətlərində yeni mərhələ və ortaq tarixdən müasir həmrəyliyə gedən yol "

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bu gün sadəcə diplomatik əməkdaşlıq nümunəsi deyil, eyni zamanda türk dünyasının birliyini, qardaşlıq ruhunu və qarşılıqlı etimadı ifadə edən möhkəm təmələ çevrilib. Cənab Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın dərinliyini bir daha təsdiqlədi. Dövlət başçımız bu münasibətləri belə dəyərləndirdi: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr yüksək etimad və qarşılıqlı hörmət üzərində qurulub.” Bu etimadın kökləri ortaq türk tarixinə, oxşar mədəni ənənələrə və xalqlarımızın bir-birinə sarsılmaz dəstəyinə dayanır.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “biz bu gün əsl strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.” Bu müttəfiqlik son illərdə misilsiz inkişaf tempi qazanıb. Cəmi üç il ərzində Azərbaycan Prezidentinin Qazaxıstana yeddinci, Kasım-Jomart Tokayevin isə Azərbaycana altıncı səfəri iki ölkə liderləri arasında səmimi dialoqun və qarşılıqlı anlayışın səviyyəsini göstərir. Bu davamlı təmaslar nəticəsində Azərbaycan–Qazaxıstan münasibətləri formal diplomatiya çərçivəsini aşaraq praktik və çevik əməkdaşlıq modelinə çevrilib. İki ölkə arasında imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə” isə bu əməkdaşlığın hüquqi və siyasi dayağını formalaşdıran sənəd kimi artıq 20 ildir öz aktuallığını qoruyur. Azərbaycan və Qazaxıstan iqtisadi münasibətlər sahəsində bir-birini tamamlayan tərəfdaşlardır. Onlar Avrasiya məkanında mühüm strateji dəhlizlərin bərqərar olmasında aparıcı rol oynayır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin ilk səkkiz ayında isə bu rəqəm 547 milyon dollara çataraq üçqat artım nümayiş etdirib.” Bu dinamika Orta Dəhlizin səmərəli fəaliyyətindən, infrastrukturun yenilənməsindən və nəqliyyat-logistika sahəsində birgə səylərin nəticəsindən xəbər verir. Azərbaycanın Qazaxıstana yönəltdiyi 225 milyon dollarlıq investisiya və Qazaxıstanın Azərbaycana yatırdığı 136 milyon dollarlıq sərmayə qarşılıqlı iqtisadi etimadın və uzunmüddətli maraqların göstəricisidir. Bu münasibətlər həm də regionun iqtisadi inteqrasiyası baxımından nümunəvi əməkdaşlıq modelidir — elə bir model ki, sabitliyə, dayanıqlığa və inkişaf perspektivinə xidmət edir. Nəqliyyat və enerji əməkdaşlığı Azərbaycan–Qazaxıstan münasibətlərinin əsas strateji xəttini təşkil edir. Cənab Prezident İlham Əliyev bu barədə deyir: “Nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar yaradır.” Aktau və Ələt limanları bu strateji xəttin əsas qovşaqlarıdır. SOCAR və “KazMunayQaz” şirkətləri arasında Aktau–Ceyhan marşrutu ilə neft nəqlinə dair razılaşma isə enerji əməkdaşlığında yeni səhifə açıb. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji və elektrik sistemlərinin birləşdirilməsi sahəsində əməkdaşlıq planları regionun “yaşıl enerji” xəritəsində yeni imkanlar yaradır.

E. Süleymanov onu da deyib ki, Azərbaycan–Qazaxıstan əməkdaşlığının mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəaliyyətlə bağlıdır. Cənab Prezident İlham Əliyev bu təşkilatın əhəmiyyətini belə ifadə edib: “Türk Dövlətləri Təşkilatı türk xalqlarını birləşdirən həmrəyliyin və əməkdaşlığın mühüm dayağına çevrilib.” Bu gün TDT artıq yalnız mədəni platforma deyil, siyasi, iqtisadi və təhlükəsizlik müstəvisində regionun mühüm strateji mərkəzinə çevrilib. Naxçıvanda təməli qoyulan, Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri isə bu təşkilatın türk birliyinin güc mərkəzinə çevrilməsi istiqamətində yeni mərhələ açıb. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürülən təşəbbüslər türk birliyinin siyasi, iqtisadi və mədəni gücünü artırır.” Azərbaycan və Qazaxıstan xalqlarını birləşdirən mədəni əlaqələr tarix boyu dostluğun və mənəvi birliyin təməlində dayanıb. Bu gün də həmin ruh qorunur və yeni məzmun qazanır. Cənab Prezident İlham Əliyev bildirir: “Mədəni əlaqələrin inkişafı xalqlarımız arasında qarşılıqlı anlayışı və yaxınlığı möhkəmləndirir.” 2023–2024-cü illərdə keçirilən Mədəniyyət Günləri, ədəbiyyat və elmi tədbirlər, eləcə də Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, Mir Cəlal Paşayevin yubileyinə həsr olunan konfranslar iki ölkə arasında ədəbi və intellektual körpülərin qurulduğunu göstərir. Cənab Prezident İlham Əliyev müsahibəsində Xəzər dənizinin ekoloji təhlükələri barədə xəbərdarlıq edərək deyib: “Xəzər dənizində suyun səviyyəsi getdikcə azalır və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.” Bu vəziyyət yalnız ekologiya üçün deyil, həm də region iqtisadiyyatı üçün çağırışdır. Azərbaycan və Qazaxıstan bu istiqamətdə birgə layihələr həyata keçirərək Xəzərin bioloji tarazlığını qorumaqda öncül rol oynayır.
Bu münasibətlər türk coğrafiyasında iqtisadi, siyasi və mədəni gücün artmasına xidmət edir. Azərbaycan və Qazaxıstan bu gün Orta Dəhlizin, enerji təhlükəsizliyinin, ekoloji sabitliyin və türk həmrəyliyinin iki əsas dayağına çevrilib-deyə E. Süleymanov fikrini tamamlayıb.
Geri dön