Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Azərbaycan–Qazaxıstan münasibətləri qardaşlığın, etimadın nümunəsidir "

Səttar Möhbalıyev: "Azərbaycan–Qazaxıstan münasibətləri qardaşlığın, etimadın nümunəsidir "


Bu gün, 11:32. Yazar: azer
Səttar Möhbalıyev: "Azərbaycan–Qazaxıstan münasibətləri qardaşlığın, etimadın nümunəsidir "

Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün təkcə iki ölkə arasında əməkdaşlığın nümunəsi deyil, həm də türk dünyasında qardaşlıq və etimadın təcəssümüdür. Cənab Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibə bu münasibətlərin dərinliyini, çoxşaxəliliyini və gələcəyə yönəlmiş strateji mahiyyətini bir daha nümayiş etdirdi.
Dövlət başçısının sözləri ilə desək, “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.”
Bu etimad tarixi köklərdən qaynaqlanır və ortaq türk kimliyi, oxşar mədəni ənənələr, mənəvi dəyərlər və ən əsası, bir-birinə sarsılmaz dəstək ruhu ilə daha da möhkəmlənir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.”

Bu müttəfiqlik son illərdə xüsusi dinamika qazanıb. Azərbaycan Prezidentinin son üç ildə Qazaxıstana yeddinci səfəri, eləcə də Prezident Kasım-Jomart Tokayevin Azərbaycana altı dəfə səfəri liderlər arasında yüksək səviyyəli siyasi dialoqun göstəricisidir. Azərbaycan–Qazaxıstan münasibətləri artıq formal diplomatiyanı aşaraq strateji əməkdaşlığa çevrilib. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə imkan verir.” Bu dialoq regionda sabitliyin və qarşılıqlı dəstəyin əsas sütunlarından biridir. Dövlətlərarası münasibətlərin hüquqi bazasını möhkəmləndirən “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə” 20 ildir iki qardaş ölkə arasında əməkdaşlığın möhkəm təməlini təşkil edir. Azərbaycan və Qazaxıstan iqtisadi əlaqələrdə təkcə ticarət partnyoru deyil, həm də Avrasiya məkanında strateji nəqliyyat arteriyasının qurucularıdır. Cənab Prezident İlham Əliyev qeyd edir ki, “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar–avqust aylarında isə bu rəqəm üç dəfə çox olmaqla 547 milyon dollara çatıb.”
Bu artım, Orta Dəhlizin səmərəli işləməsinin və nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsinin nəticəsidir. Azərbaycanın Qazaxıstana yatırdığı 225 milyon dollarlıq investisiya və Qazaxıstanın Azərbaycana yönəltdiyi 136 milyon dollarlıq sərmayə tərəflərin iqtisadi etimadının göstəricisidir. Bu, həm də regionun iqtisadi inteqrasiyası baxımından nümunəvi əməkdaşlıq modelidir.

Millət vəkili onu da bildirib ki, cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açır.” Orta Dəhliz — yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu — bu gün həm Avropa, həm də Asiya arasında körpü rolunu oynayır. 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında tranzit daşımalarının 20 faiz artması bu əməkdaşlığın real nəticəsidir. Aktau və Ələt limanları bu sistemin strateji mərkəzinə çevrilib. SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə neft tranziti barədə imzalanan saziş isə enerji əməkdaşlığında yeni mərhələ açıb. Prezident İlham Əliyev qeyd edir ki, bu istiqamətdə “tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması” barədə razılaşmalar regionda iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi və bərpaolunan enerji mənbələrinin təşviqi üzrə razılaşmalar regionun ekoloji və iqtisadi sabitliyinə mühüm töhfə verir. Bunlarla yanaşı Azərbaycan–Qazaxıstan münasibətlərinin mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıqdır. Cənab Prezident İlham Əliyev TDT-nin rolunu belə xarakterizə edir: “Təşkilat türk xalqları arasında həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verir.” TDT artıq təkcə mədəni bir platforma deyil, siyasi, iqtisadi və təhlükəsizlik baxımından güc mərkəzinə çevrilməkdədir. Azərbaycanın Naxçıvanda əsasını qoyduğu bu təşkilat, Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri ilə yeni strateji mərhələyə qədəm qoyub. Bu görüşlər Türk dünyasının inteqrasiyasına, ortaq dəyərlərin siyasi platformaya çevrilməsinə və qlobal arenada bir güc kimi formalaşmasına yol açır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan təşəbbüslər türk birliyinin siyasi, iqtisadi və mədəni gücünü artırır.” Azərbaycan və Qazaxıstanı birləşdirən mədəni bağlar isə tarixdən gəlir, amma bu gün də eyni dərinliklə davam edir. Cənab Prezident İlham Əliyevin sözləri ilə, “mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayır.” 2023–2024-cü illərdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yazıçı və alimlərin yubileylərinə həsr olunan tədbirlər bu əlaqələrin canlılığını göstərir. Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfranslar ədəbi mübadilənin qardaşlıq dəyərləri ilə yoğrulduğunu sübut edir. Cənab Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan məsələlərdən biri də Xəzər dənizinin ekoloji vəziyyətidir. O, xəbərdarlıqla bildirir: “Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.”
Bu, həm ekoloji, həm də iqtisadi təhlükədir. Ona görə də Azərbaycan və Qazaxıstan bu istiqamətdə birgə elmi və praktiki tədbirlər həyata keçirməklə Xəzərin ekoloji tarazlığının qorunmasında lider mövqe tutur.
Cənab Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri sıradan diplomatik əlaqələr deyil – bu, “tarixi qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq” üzərində qurulmuş, türk dünyasının gələcəyinə yönəlmiş bir modeldir. Bu münasibətlər təkcə iki ölkənin deyil, bütün Türk coğrafiyasının siyasi, iqtisadi və mədəni gücünün möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan bu gün Orta Dəhlizdə, TDT çərçivəsində, Xəzər dənizinin qorunmasında və enerji təhlükəsizliyində bir-birini tamamlayan iki sütun kimi dayanır. Elə bu səbəbdən də cənab Prezident İlham Əliyevin dediyi kimi, “Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir”-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Geri dön