Ana Sayfa > Manşet / Ölkə > Asif Əsgərov Zaqatalada şəhid mayorun xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib

Asif Əsgərov Zaqatalada şəhid mayorun xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib


Bu gün, 11:18. Yazar: azer
Asif Əsgərov Zaqatalada şəhid mayorun xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Şıxamir Qaflanovun xatirəsinə həsr olunmuş “Sənin adın bizim andımızdır” adlı anım tədbiri keçirilib. Tədbirdə millət vəkili Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov,Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov,şəhidin ailə üzvləri, döyüş yoldaşları, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanı Şıxamir Qaflanovun və bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər qəhrəman mayorun keçdiyi döyüş yolundan, göstərdiyi igidlik və qorxmazlıq nümunələrindən danışıblar. Şəhidin qardaşı, polis polkovnik-leytenantı Qurban Qaflanov çıxışında zabit olmağın şərəfli bir hiss olduğunu, qardaşı Şıxamir Qaflanovun da əsl zabit qeyrəti və mərdliyi ilə Vətən uğrunda canını fəda etdiyini vurğulayıb.

Millət vəkili Asif Əsgərov çıxışında Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu, rəhbərlik etdiyi “əfsanəvi tabor”un qəhrəmanlıqları haqqında danışaraq, onların göstərdiyi şücaətin Azərbaycan ordusunun güc və rəşadətinin bariz nümunəsi olduğunu bildirib. Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin edib.
Şıxamir Qaflanov kimi igidlərimizin həyat yolu, Vətənə sədaqəti və qəhrəmanlığı bu gün gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir. Onların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, göstərdikləri şücaət gələcək nəsillərə örnək olacaq.

Sonda şəhid ailəsi və tədbir iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Geri dön