Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: “Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatına mühüm təsir göstərib”

Tamam Cəfərova: “Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatına mühüm təsir göstərib”


Dünən, 13:47. Yazar: azer
Tamam Cəfərova: “Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatına mühüm təsir göstərib”

“Bu gün Füzuli rayonunun işğaldan azad olunmasının beşinci ildönümünü qeyd edirik. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. İlk növbədə, mən də Füzuli şəhəri günü münasibətilə başda Füzuli sakinləri olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsinin gedişində cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli istiqamətində düşmənlə təmas xəttində yerləşən bir neçə müdafiə zolağının yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Buna görə də Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatına mühüm təsir göstərib.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır.

Daha sonra Tamam Cəfərova Vətən müharibəsinin gedişində Füzuli rayonunun tam azad olunmasından bəhs edərək bunları deyib: “Rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri Şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Buna baxmayaraq, Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və şücaəti sayəsində qısa müddətdə Füzuli rayonu düşmən işğalından azad olundu. Tarixi torpaqlarımızın və eləcə də çoxsaylı mədəniyyət abidələrimizin düşmən işğalından azad olunması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və fərəh hissi oyatdı.”

Dövlət Başçısının Füzuli rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Tamam Cəfərova qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi, Füzuli rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir: “Cənab Prezident İlham Əliyevin azad edilmiş ərazilərə etdiyi bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilir. Xüsusilə qeyd etməliyik ki, cəmi 8 ayda inşa olunmuş “Qarabağın hava qapısı” olan Füzuli Beynəlxalq Hava Limanı həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasını əyani şəkildə göstərir. Onu da qeyd etmək lazımdır ki, 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Əlbəttə, keçmiş məcburi köçkünlərin vətən həsrətinə son qoyulması Azərbaycan xalqının qəlbində sonsuz senvinc və fəxarət hissi oyadır. Xalqımız öz ata-baba yurdlarına qayıdan həmvətənlərimizlə onların sevincini bölüşərək, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. Füzuli rayonunda həyata keçirilən mühüm quruculuq işləri fonunda Azərbaycan və Özbəkistan, eləcə də Qazaxıstan dövlətləri arasında dostluq rəmzi olan Mirzə Uluqbəy adına olan məktəbi və  Kurmanqazı adına Uşaq Yaradıcılıq mərkəzini xüsusilə qeyd etməliyik. Hər iki müəssisə dost və qardaş dövlətlərin başçılarının təşəbbüsü ilə inşa olunmuşdur. Bu isə şübhəsiz ki, dövlətlərimiz və xalqlarımız arasında tarixdən gələn dostluğun, qardaşlığın rəmzidir. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdırlar. İşğaldan azad olunmuş torpaqlarımızı yenidən görə bilməyən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahatdır”. Millət vəkili Tamam Cəfərova belə deyib.
Geri dön