Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Zəngilanla birlikdə torpağa həyat, sabaha ümid və gələcəyə inam qayıtdı”

Azər Kərimli: “Zəngilanla birlikdə torpağa həyat, sabaha ümid və gələcəyə inam qayıtdı”


Dünən, 11:48. Yazar: azer
Azər Kərimli: “Zəngilanla birlikdə torpağa həyat, sabaha ümid və gələcəyə inam qayıtdı”

“Azərbaycanın ən yeni tarixində 20 oktyabr günü təkcə növbəti ərazimizin işğaldan azad olunması ilə deyil, həm də milli ruhun, əzmin və dövlət iradəsinin təntənəsi ilə əlamətdardır. Məhz bu gün, 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonu işğaldan azad olundu. Zəngilanın azad edilməsi Vətən müharibəsinin dönüş nöqtələrindən biri olmaqla yanaşı, həm də geosiyasi balansların dəyişməsinə səbəb olan mühüm strateji uğurdur. Zəngilan rayonu 1993-cü ildə düşmən tərəfindən işğal edilənə qədər, rayon əhalisi 67 gün mühasirədə qəhrəmanlıqla döyüşdü. Lakin qüvvələr qeyri bərabər idi. Buna görə də son nəticədə əliyalın əhalinin silahlı düşməndən canını qurtarmaq üçün Araz çayı üzərindən İran ərazisinə keçməsi zərurətə çevrildi. Bu, tariximizin həm faciəli, həm də qəhrəmanlıqla dolu bir səhifəsidir. O gündən zəngilanlılar 30 ilə yaxın bir müddətdə Vətən həsrəti ilə yaşadılar.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Azər Kərimli deyib.


Daha sonra deputat Zəngilanın azad olmasından və bundan sonra gedən proseslərdən bəhs edərək bunları deyib: “Zəngilanlıların Vətən həsrətinə 2020-ci ilin oktyabrında son qoyuldu. Cənab Prezident İlham Əliyevin xalqa müraciəti zamanı Zəngilan şəhəri və bir neçə kəndin işğaldan azad edildiyi müjdəsi ölkə boyu sevinc dalğası yaratdı. Nəticədə Zəngilan şəhəri, 4 qəsəbə və 49 kənd düşməndən təmizləndi. Azərbaycan-İran sərhədində 132 kilometrlik xətt bərpa olundu, bu da ölkəmizin suverenliyinin mühüm göstəricisidir. Zəngilan bu gün dövlətimizin diqqət mərkəzində olan əsas bölgələrdən biridir. Cənab Prezident İlham Əliyev bərpa-quruculuq prosesinə şəxsən rəhbərlik edir, mütəmadi olaraq Zəngilana səfərlər edir, yeni infrastruktur layihələrinin təməlini qoyur. Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan artıq təsdiqlənib, bu da gələcək inkişafın yol xəritəsidir. Ən böyük uğurlardan biri “Ağıllı kənd” konsepsiyasının ilk dəfə Zəngilanın Ağalı kəndində tətbiq edilməsidir. Layihə ekoloji və texnoloji baxımdan unikal nümunədir. Günəş panelləri, hidroenerji sistemləri, izolyasiyalı evlər, yüksək sürətli internet, tele-səhiyyə və e-təhsil imkanları ilə təchiz olunmuş bu kənddə artıq 175 ailə – 871 nəfər daimi məskunlaşıb. Dövlət qurumları onları işlə təmin edir, kənddə məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri fəaliyyət göstərir. Bu model gələcək qayıdışların nümunəsi kimi qiymətləndirilir. Eyni zamanda Zəngilanın iqtisadi potensialı da sürətlə genişlənir. “Dost Aqropark” layihəsi – Azərbaycan və Türkiyə tərəfdaşlığının nəticəsi olaraq – təkcə kənd təsərrüfatı sahəsində deyil, həm də regionda məşğulluğun artırılmasında mühüm rol oynayacaq. Layihə tam başa çatdıqda 500 nəfər daimi işlə təmin olunacaq. İnteqrasiya olunmuş ət emalı müəssisələri, toxumçuluq, heyvandarlıq təsərrüfatları bu bölgəni real iqtisadi mərkəzə çevirəcək. Digər tərəfdən isə, Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu bu regionu Şərqi Zəngəzurun nəqliyyat mərkəzinə çevirir. Bu infrastruktur layihələri Zəngəzur dəhlizinin gerçəkləşməsi istiqamətində atılan mühüm addımlardır. 20 oktyabr – Zəngilan şəhəri günü artıq bizim milli təqvimimizdə təkcə bir tarix deyil, həm də milli qürur günüdür. Bu günün yaranmasına səbəb olan qətiyyətli liderlik, dəmir iradə və xalq-iqtidar birliyi idi. Bu qələbənin arxasında cənab Prezident İlham Əliyevin güclü siyasi iradəsi və xalqın öz liderinə sonsuz inamı dayanır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön