Ana Sayfa > Siyasət > Zəngilan – Zəngəzur dəhlizinin strateji qovşağı və regional inkişafın lokomotivi
Zəngilan – Zəngəzur dəhlizinin strateji qovşağı və regional inkişafın lokomotiviBu gün, 11:21. Yazar: azer |
![]() Zəngilan rayonunun 2020-ci il 20 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm strateji nailiyyətlərindən biri oldu. Füzuli və Cəbrayıl istiqamətində vurulan sarsıdıcı zərbələr nəticəsində yaranan imkan Zəngilan əməliyyatına şərait yaratdı və şəhər daxil olmaqla 4 qəsəbə və 49 kənd işğaldan azad edildi. Bu hərbi zəfər, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilən 6974 hərbi qulluqçunun şücaətini əbədiləşdirdi. Azadlığın ən vacib geostrateji nəticəsi isə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin tam bərpası və nəzarətə qaytarılması oldu. Bu hadisə regionda yeni nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması üçün təməl qoydu. Zəngilanın azad edilməsi onun mühüm nəqliyyat qovşağı kimi regional əhəmiyyətini yenidən aktuallaşdırdı. Zəngəzur dəhlizinin reallaşması perspektivində Zəngilan mərkəzi rol oynayır. Bölgənin inkişafı üçün mühüm faktor olan Zəngilan Beynəlxalq Hava Limanı qısa müddətdə ICAO və IATA standartlarına uyğun inşa edilmişdir. Hava limanı bütün növ, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Hava limanının strateji əhəmiyyəti onun həm Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsinə şərait yaratması, həm də Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından müstəsna rol oynamasıdır. Eyni zamanda, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası böyük strateji əhəmiyyətə malikdir. Bu dəmir yolu həm Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün həyati əhəmiyyət kəsb edəcək. Həmçinin, 124 kilometr uzunluğunda olan və illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq Zəngilan-Horadiz avtomobil yolu da sürətlə tikilir. Bu nəqliyyat arteriyaları Naxçıvana yol açacaq, Zəngilanı regional logistika mərkəzinə çevirəcək. Zəngilan iqtisadi potensialı sürətlə bərpa olunur və genişləndirilir. Bu proses iki əsas istiqamətdə cəmləşib: şəhərsalma və kənd təsərrüfatı. Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” bu pilot kənd təsərrüfatı layihəsi bölgənin iqtisadi inkişafının lokomotividir. Ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulması nəzərdə tutulan Aqropark, tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək. Layihə çərçivəsində 3500 baş cins qaramal gətirilmiş, 6 min hektar sahədə bitki mənşəli istehsal, maldarlıq, toxumçuluq və şitilçilik sahələri yaradılacaq. Ən əsası, burada qurulacaq inteqrasiya olunmuş ət emalı müəssisəsi və "Aqro Market" vasitəsilə Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması hədəflənir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” kompleks inkişaf strategiyasını müəyyən edir. Bu plan çərçivəsində bir neçə yaşayış layihəsi icra edilir, məktəb, uşaq bağçası, Konqres Mərkəzi və Zəngilan İstirahət Kompleksi kimi sosial-iqtisadi obyektlərin təməli qoyulmuşdur. Eyni zamanda, “AzərEnerji” və “Azərişıq” ASC-nin bir sıra su elektrik stansiyaları ("Zəngilan", "Şayıflı", "Sarıqışlaq", "Cahangirbəyli") istifadəyə verilmiş, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi açılmışdır. Bu layihələr regionun enerji təhlükəsizliyini və yaşıl enerji potensialını gücləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilana ardıcıl səfərləri (23.12.2020-ci ildən başlayaraq 03.10.2024-cü il tarixinədək) bərpa-quruculuq prosesinə dövlət səviyyəsində yüksək nəzarətin təzahürüdür. Bu səfərlər zamanı Azərbaycan bayrağının qaldırılması, Beynəlxalq Hava Limanının, Horadiz-Zəngilan-Ağbənd avtomobil və dəmir yollarının təməlqoyma mərasimləri, eləcə də “Ağıllı kənd” layihəsinin açılışı, “Dost Aqropark”ın təməlinin qoyulması və Su Elektrik Stansiyalarının açılışları həyata keçirilmişdir. Bu mütəmadi səfərlər Zəngilanın regional inkişaf üçün strateji əhəmiyyətini bir daha vurğulayır. Zəngilan rayonu, həm hərbi-siyasi, həm də iqtisadi-strateji baxımdan Azərbaycanın bərpası və Böyük Qayıdış erası üçün mühüm dayaq nöqtəsidir. Azadlığın bərpası ilə Azərbaycan-İran sərhədinin tam bərpa edilməsi, Beynəlxalq Hava Limanının inşası və Zəngəzur dəhlizinin reallaşması Zəngilanı Cənubi Qafqazın yeni logistika mərkəzinə çevirir. "Dost Aqropark" kimi nəhəng kənd təsərrüfatı layihələri və Baş plana əsaslanan şəhərsalma isə bölgənin iqtisadi potensialının açılmasına və dayanıqlı inkişafına zəmin yaradır. Azad və abad Zəngilan bu gün regional əlaqələrin bərpası və iqtisadi canlanmanın lokomotivinə çevrilməkdədir. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |