Ana Sayfa > Siyasət > MDB-nin gələcəyi və Prezident İlham Əliyevin perspektivli təşəbbüsləri
MDB-nin gələcəyi və Prezident İlham Əliyevin perspektivli təşəbbüsləriBu gün, 10:06. Yazar: azer |
![]() Müstəqil Dövlətlər Birliyi (MDB) ötən illər ərzində sabiq sovet məkanında yerləşən ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm platforma rolunu oynayıb. Bu təşkilatın qarşısında duran əsas vəzifə üzv ölkələr arasında sabitlik, qarşılıqlı etimad və davamlı inkişafın təmin edilməsidir. Son illərdə regionda baş verən geosiyasi dəyişikliklər, yeni çağırışlar və risklər MDB-nin fəaliyyətini daha çevik və məqsədyönlü hala gətirməyi zəruri edir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin MDB çərçivəsində irəli sürdüyü perspektivli təşəbbüslər təşkilatın gələcək inkişaf istiqamətlərinə dair önəmli töhfə kimi çıxış edir. Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclaslarında çıxışları zamanı səsləndirdiyi ideyalar təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə, iqtisadi inteqrasiyanın genişləndirilməsinə və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə yönəlib. O, xüsusilə qeyd edir ki, MDB-nin uğurlu gələcəyi üçün qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə riayət prinsipləri əsas meyar olmalıdır. Bu mövqe Azərbaycanın beynəlxalq hüququ əsas tutan siyasətinin təzahürüdür və təşkilatın dayanıqlı inkişafına töhfə verir. Prezident Əliyevin diqqət yetirdiyi digər mühüm sahə nəqliyyat və logistika sektorudur. Azərbaycanın təşəbbüsü ilə reallaşan Zəngəzur dəhlizi, Orta Dəhliz kimi layihələr MDB ölkələri üçün yeni imkanlar açır. Bu layihələr təkcə ölkələrarası ticarətin genişlənməsinə deyil, eyni zamanda regionun qlobal iqtisadi sistemə inteqrasiyasına xidmət edir. İlham Əliyevin bu sahədəki təşəbbüsləri MDB-nin iqtisadi dayaqlarını gücləndirir və birliyi müasir tələblərə cavab verən əməkdaşlıq formatına yaxınlaşdırır. Eyni zamanda Prezident humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı kimi çıxış edir. Təhsil, elm, mədəniyyət və insan kapitalının inkişafı MDB daxilində qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi üçün vacib istiqamətlərdir. Azərbaycanın bu sahədəki layihələrdə fəal iştirakı, humanitar forumlar və beynəlxalq tədbirlərdəki təşəbbüsləri birliyin ümumi humanitar gündəliyinə müsbət təsir göstərir. Günay Allahverdiyeva Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü Geri dön |