Ana Sayfa > Manşet / Siyasət > 17 oktyabr ehtiram kimi tarixləşib, belə yaşadılır, belə də yaşadılacaq...

17 oktyabr ehtiram kimi tarixləşib, belə yaşadılır, belə də yaşadılacaq...


Bu gün, 19:00. Yazar: azer
17 oktyabr ehtiram kimi tarixləşib, belə yaşadılır, belə də yaşadılacaq...

Füzuli rayonu 1993-cü il avqustun 23-də işğal olunmuşdu. Azərbaycan Ordusu 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı ilə Füzuli rayonunun 22 kəndini işğaldan azad etdi. Bu qələbə həm hərbi vəziyyətdə dəyişiklik yaratdı, həm də ordumuzun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun yüksəlməsində əhəmiyyətli oldu.
Azərbaycan ərazilərini işğaldan danışıqlar yolu ilə azad etmək istəyirdi. Ermənistan danışıqlardan yayınırdı, regionda mövcud status-kvonu saxlamaq istəyirdi, yeni ərazilər işğal etmək niyyəti ilə ərazilərimizə irimiqyaslı hücumlar da edirdi. Belə hücumlardan biri 2020-ci il sentyabrın 27-də oldu. Ordu hissələrimiz hücumun qarşısını aldı, əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı...
Ordumuz ədalətli müharibəsində tarixi Zəfər qazandı, antiterror əməliyyatından sonra ərazi bütövlüyümüz tam bərpa olundu.
Horadiz əməliyyatında, 2016-cı ilin Aprel döyüşlərində, Tovuz əməliyyatında qüdrətə dönən döyüş əzmi, qələbə ruhu İkinci Qarabağ müharibəsində daha böyük, daha iradəli, daha qətiyyətli oldu.
Müharibənin ilk günü ordu hissələrimiz ilk qələbələrini qazandı. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Bu qələbələr müharibənin ilk qələbələri kimi döyüşən ordumuzu döyüşlərə, döyüşlərdən qələbələrə aparırdı.
Füzuli uğrunda aparılmış döyüşlər İkinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Düşmən Füzuli istiqamətində daha mürəkkəb müdafiə sədləri yaratdığından ən tanınmış hərbi mütəxəssislər də belə düşünürdü ki, Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım gələcək. Lakin belə olmadı. Ordu hissələrimiz müxtəlif qoşun növlərinin iştirakı ilə hücumu kəskinləşdirdi, komandanlığın tətbiq etdiyi yeni döyüş taktikası qələbələrə yol açdı – düşmənin müdafiə səddi dağıdıldı, oktyabrın 17-də Füzuli şəhəri və bir neçə kəndi, ümumiyyətlə, müharibə müddətində Füzulinin 62 kəndi işğaldan azad edildi.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “...Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Tanınmış hərbi ekspertlər Füzulini işğaldan azad etməyə aylarla vaxt lazım olduğunu deyirdi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gəldi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu...”...
2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın 2023-cü il iyul ayının 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu. 17 oktyabr Füzuli şəhəri Günü kimi qeyd edilir...
Təxmini hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Ermənistan törətdiyi vandalizm aktlarına və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür...
İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır, infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib.
“Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilib, açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edən Füzuli Beynəlxalq Hava Limanı da istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi Zəfərdən sonra Füzuliyə 19 səfəri olub. Bu səfərlərin hər biri rayonun yenidən qurulmasıi istiqamətində bir mərhələ olub...
Füzuli şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünə böyük ehtiramın təzahürü kimi tarixləşib, belə yaşadılır, belə də yaşadılacaq...

Səbinə XASAYEVA,
Milli Məclisin deputat

Geri dön