Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşüb

Sahibə Qafarova Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşüb


Dünən, 18:37. Yazar: azer
Sahibə Qafarova Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşüb

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədi ilə Pakistanda səfərdədir.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Oktyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Lahor şəhərində Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər.

Görüşdə ölkələrimiz arasında əlaqələr və parlament əməkdaşlığının genişləndirilməsi müzakirə olunub. Bildirilib ki, xalqlarımızın mədəni, dini və mənəvi yaxınlığı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. Vurğulanıb ki, dövlət başçıları arasında sıx siyasi təmaslar, dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına böyük təsir göstərir, xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.

Söhbət zamanı Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşün və orada müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, parlament sədrlərinin bu üçtərəfli əməkdaşlıq mexanizmi, keçirilən görüşlər, qarşılıqlı səfərlər, o cümlədən nüfuzlu beynəlxalq parlament təşkilatlarında deputatlarımızın birgə fəaliyyəti, prinsipial məsələlərdə ortaq mövqe sərgiləməyi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlament müstəvisində də gücləndirilməsinə xidmət edir.

Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Geri dön