Ana Sayfa > Siyasət > Rəqəmlərin gücü: Statistikanın həyatımıza təsiri

Rəqəmlərin gücü: Statistikanın həyatımıza təsiri


Dünən, 16:18. Yazar: azer
Rəqəmlərin gücü: Statistikanın həyatımıza təsiri

Sosial-iqtisadi hadisələrin dərk edilməsində, onların inkişaf qanunauyğunluqlarının öyrənilməsində statistika qüdrətli vasitədir. Bunu nəzərə alaraq hələ XX əsrin əvvəllərində məşhur ingilis statistiki U-Dj Reyxman “Statistikanın tətbiqi” adlı əsərində yazmışdır: “Biz statistika əsrində yaşayırıq”. Reyxmanın bu sözlərini tamamilə XXI əsrə də aid etmək olar. Bəli, XXI əsri statistikasız düşünmək mümkün deyildır. Biz XXI əsrdə statistika elminin insan fəaliyyətinin bütün sahələrində geniş miqyasda tətbiqi dövründə yaşayırıq. Hər bir təbiət hadisələri və insan fəalliyyətinin bütün cəhətləri statistika göstəricilərinin köməyilə ölçülür və ifadə olunur. Statistikanın öz dili “rəqəm dili” vardır. Rəqəm dili hər cür gözəl sözlərdən daha inandırıcı olur. Ona görə də hər bir idarəedici orqan işçiləri və tədqiqatçılar rəqəm dili olan statistikadan tez-tez istifadə etməli olurlar.
BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq 2025-ci ilin 20 oktyabrında Ümumdünya statistika günü kimi qeyd olunmasının əhəmiyyəti vurğulanaraq bütün üzv ölkələr, BMT sisteminə daxil olan və digər beynəlxalq və regional təşkilatlar, habelə vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatları, tədqiqat institutları, media və bütün rəsmi statistika istehsalçıları və istifadəçiləri bu günü qeyd etməyə dəvət edilmişlər.
Azərbaycanda bu il rəsmi statistikanın yaradılmasının 105 yaşı tamam olur. Ölkəmizdə Ümumdünya statistika gününün qeyd olunması ilə bağlı geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda üçüncü Beynəlxalq Statistika Forumunun keçirilməsi, yerli statistika orqanlarında Ümumdünya statistika gününün qeyd edilməsi, yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması, “Statistika xəbərləri” elmi-praktik jurnalının Ümumdünya statistika gününə həsr olunmuş xüsusi buraxılışının nəşri nəzərdə tutulmuşdur.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçildiyi gündən statistikaya göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır ki, o da statistikasının tarixində xüsusi il olmuşdur. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir.
Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 5 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və hal hazırda yerinə yetirilir.
Dövlət Proqramının əsas məqsədi statistika işlərinin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi yolu ilə rəsmi statistikanın inkişaf etdirilməsidir. Bu tədbirlərə sosial, iqtisadi və digər sahələr üzrə statistika müşahidələrinin təşkili və metodologiyaların hazırlanması, metaməlumatlar və təsnifatlar, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, istifadəçi məmnunluğunun artırılması, beynəlxalq əməkdaşlıq, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətlərini əhatə edən fəaliyyətlər daxildir.
Dövlət Statistika Komitəsi fəaliyyət istiqamətlərini genişləndirmək məqsədilə artıq uzun illərdir ki, beynəlxalq təşkilatlarla (BMT və onun təşkilatları, Avropa İttifaqı, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və s.), həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə əməkdaşlıq edir. Bunun nəticəsidir ki, müasir dövrün tələblərinə uyğun olaraq statistikanın yeni sahələri - qiymət, milli hesablar, xarici ticarət, turizm statistikası və s. yaradılmış, beynəlxalq standartlara cavab verən metodoloji materiallar hazırlanmış, ölkədə xarici ticarət statistikası dünyada qəbul olunmuş qaydada - gömrük bəyannaməsi məlumatları əsasında qurulmuş, respondentlərə düşən hesabat yükünün azaldılması yönündə işlər aparılaraq onların sayı məzmunca daha zəngin olmaqla təqribən üç dəfə azaldılmışdır.
Cənab Prezdent İlham Əliyevin “Statistikanın inkişafı perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forum iştirakçılarına müraciətində qeyd etmişdir ki, müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrilmişdir. Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır. Bu səbəbdən, Beynəlxalq Statistika Forumu metedoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış edir.
Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzindədir.

Zəngilan Rayon Statistika
İdarəsinin rəisi Fuad Şıxəliyev

Geri dön