Ana Sayfa > Gündəm > Dövlətə Qarşı Cinayətlər Cəzasız Qalanda -"Sədərək"Ticarət Mərkəzində baş verən hadisə və onun cəmiyyətə təsiri

Dövlətə Qarşı Cinayətlər Cəzasız Qalanda -"Sədərək"Ticarət Mərkəzində baş verən hadisə və onun cəmiyyətə təsiri


Dünən, 16:15. Yazar: azer
Dövlətə Qarşı Cinayətlər Cəzasız Qalanda -"Sədərək"Ticarət Mərkəzində baş verən hadisə və onun cəmiyyətə təsiri

Azərbaycanda dövlətçiliyin əsas dayaqlarından biri hüququn aliliyidir. Ancaq son dövrlərdə hüquq-mühafizə orqanlarına, eləcə də dövlət qulluqçularına qarşı edilən zorakılıq halları bu prinsipə ciddi kölgə salır. Xüsusilə, son günlərdə ictimaiyyətin diqqətini çəkən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarına qarşı Sədərək Ticarət Mərkəzində baş verən zorakılıq olayı bir daha göstərdi ki, bəzi şəxslər hələ də qanunu tanımır və ya ona tabe olmaq istəmir.

Məlumata görə, ADRA əməkdaşları xidməti vəzifələrini yerinə yetirmək məqsədilə Sədərək Ticarət Mərkəzinin ərazisinə daxil olmağa çalışıblar. Lakin ticarət mərkəzinin mühafizəçiləri bu prosesə süni maneələr yaradıb, ADRA əməkdaşlarına qarşı qeyri-etik ifadələr işlədib və nəticədə qarşıdurma fiziki toqquşma ilə nəticələnib. Əməkdaşların döyülməsi isə məsələni hüquqi çərçivədən çıxarıb, açıq-aşkar cinayət xarakteri alıb.

İddialara əsasən, Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyli, öz varidatı və mövqeyinə arxalanaraq, dövlət strukturlarını ikinci planda görür. Bu isə tabeçiliyində olan şəxslərin davranışlarına da sirayət edir. Belə halların cəzasız qalması, sadəcə fərdi bir problem deyil – bu, həm də dövlətin nüfuzuna zərbə vurur.

Yusif Qədimbəylinin yaxın qohumları, qardaşı Ənvər Qədimbəylinin oğulları İlham və İlkin Qədimbəylilər haqqında hüquq-mühafizə orqanlarına dəfələrlə edilən şikayətlər də göstərir ki, bu ailə üzvləri uzun illərdir qanunun hüdudlarından kənarda hərəkət etməyə alışıb. Onlara qarşı irəli sürülən ittihamlar araşdırılmadıqca, cəmiyyətdə ədalətə olan inam da tədricən zəifləyir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, dövlət qulluqçusunun xidməti vəzifəsini yerinə yetirərkən ona qarşı zor tətbiq etmək cinayətdir. Bu əməllərə qarşı sərt hüquqi reaksiya verilmədikcə, belə hadisələrin təkrarlanması qaçılmazdır.

Ümummilli lider Heydər Əliyev haqlı olaraq qeyd etmişdi: “Dövlət iki şeydən dağılır: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda.” Təəssüf ki, bu gün biz cinayətkarların cəzasız qaldığı bir sıra halları müşahidə edirik.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan dövlətçiliyini qorumağa və hüququn aliliyini təmin etməyə yönəlib. Lakin bu siyasətin yerli səviyyədə icrası təmin olunmadıqca, belə neqativ halların baş verməsi davam edə bilər. Sədərək Ticarət Mərkəzində baş verən son insident sübut edir ki, bəzi şəxslər hələ də qanun qarşısında toxunulmaz olduqlarını düşünürlər.

Bu baxımdan, ADRA əməkdaşlarına qarşı zorakılıq hadisəsi yalnız bir insident kimi qiymətləndirilməməlidir – bu, dövlətə qarşı yönəlmiş hüquqi məsuliyyət doğuran bir cinayətdir və müvafiq hüquqi qiymətini almalıdır.

Qanun qarşısında heç kim toxunulmaz deyil. İstər zəngin, istər vəzifəli, istərsə də sadə vətəndaş, hər kəs hüquqi məsuliyyət daşıyır. Dövlət orqanlarının fəaliyyətinə mane olmaq və əməkdaşlarını döymək kimi hallar mütləq qanun çərçivəsində araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır.

Əks təqdirdə, hüquq sisteminə inamın sarsılması yalnız daxili sabitliyi deyil, Azərbaycanın beynəlxalq nüfuzunu da zədələyə bilər.

Arzuman Loğmanoğlu
Sozcu.info
Geri dön