Ana Sayfa > Gündəm / Özəl > YAP Zəngilan rayon təşkilatı “Ulu Öndərin Yolu ilə: Bərpa Olunan Müstəqillikdən Güclü Azərbaycana” mövzusunda tədbir keçirib

YAP Zəngilan rayon təşkilatı “Ulu Öndərin Yolu ilə: Bərpa Olunan Müstəqillikdən Güclü Azərbaycana” mövzusunda tədbir keçirib


Bu gün, 14:28. Yazar: azer
YAP Zəngilan rayon təşkilatı “Ulu Öndərin Yolu ilə: Bərpa Olunan Müstəqillikdən Güclü Azərbaycana” mövzusunda tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Zəngilan rayon nümayəndəliyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndərin Yolu ilə: Bərpa Olunan Müstəqillikdən Güclü Azərbaycana” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü”nün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə vurğulayıb ki, 18 oktyabr 1991-ci il - Azərbaycan xalqının əsrlərlə arzuladığı azadlığa, müstəqil dövlətçilik ideallarına qovuşduğu gündür. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” müasir dövlətçiliyimizin əsasını qoydu. Bu sənədlə Azərbaycan xalqı bir daha dünyaya bəyan etdi ki, o, öz taleyinin sahibidir, öz sərhədləri, bayrağı, dili, milli maraqları ilə müstəqil dövlətdir.

Eyni zamanda Natiq Quluzadə diqqətə çatdırmışdır ki, müstəqilliyin ilk illəri asan olmadı. Dövlətçiliyimiz üçün təhlükələr, separatçılıq meylləri, iqtisadi tənəzzül və siyasi qarışıqlıq ölkəni uçuruma aparırdı. Bu mürəkkəb mərhələdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, müstəqil dövlətin dayaqları möhkəmləndi, idarəçilik sistemi formalaşdı. Heydər Əliyev müstəqilliyi yalnız siyasi reallıq kimi deyil, milli ideologiya kimi möhkəmləndirdi.

Bu gün Ulu Öndərin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycan regionun lider dövlətinə, beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. İqtisadi sabitlik, diplomatik çeviklik, enerji siyasətində strateji üstünlük, nəqliyyat və kommunikasiya layihələrində lider mövqeyimiz dövlət müstəqilliyimizin real dayaqlarıdır.

Ən əsası, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbə, eləcə də 2023-cü ildə suverenliyin tam bərpası müstəqil dövlətimizin gücünü, xalqın birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər – müstəqilliyimizin siyasi, hərbi və mənəvi zirvəsidir.

Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov çıxışında bildirdi ki, 18 oktyabr 1991-ci il Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazılmış gündür. Bu gün müstəqilliyimizin bərpası ilə xalqımız yalnız siyasi azadlığına deyil, həm də milli-mənəvi dəyərlərinin yenidən dirçəlişinə qovuşdu.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın mədəniyyət siyasətinin əsasını qoyaraq, milli kimliyimizin qorunmasını və zəngin mədəni irsimizin dünyaya tanıdılmasını dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Onun uzaqgörən fəaliyyəti nəticəsində mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində yeni inkişaf mərhələsi başlandı.
Bu gün Azərbaycan mədəniyyəti, Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində beynəlxalq arenada tanınır, xalqımızın qədim köklərini və müasir simasını dünyaya təqdim edir. 18 oktyabr tarixi bizə xatırladır ki, müstəqillik təkcə siyasi deyil, həm də mədəni varlığımızın təminatıdır. Mədəniyyətimizin yaşaması və inkişafı isə müstəqilliyimizin əbədiliyinin ən gözəl ifadəsidir.

Tədbirdə digər çıxış edənlər də diqqətə çatdırdılar ki, bu gün biz müstəqil Azərbaycan vətəndaşı olmağın qürurunu yaşayırıq. 18 oktyabr bizə xatırladır ki, müstəqillik yalnız tarixi hadisə deyil, həm də xalqımızın ruhunun, mədəniyyətinin və birliyinin ifadəsidir.

Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə irəliləyən ölkəmiz bu gün həm iqtisadi, həm də mədəni sahədə böyük nailiyyətlər əldə etmişdir.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Geri dön