Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: Füzuli qəhrəmanlığın, dirçəlişin, Böyük Qayıdışın simvoludur

Səttar Möhbalıyev: Füzuli qəhrəmanlığın, dirçəlişin, Böyük Qayıdışın simvoludur


Bu gün, 10:26. Yazar: azer
Səttar Möhbalıyev: Füzuli qəhrəmanlığın, dirçəlişin, Böyük Qayıdışın simvoludur

Azərbaycan tarixində 17 oktyabr xüsusi rəmzi məna daşıyır. Bu gün 30 ilə yaxın işğal altında qalmış, amma qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə 2020-ci ildə azadlığa qovuşmuş Füzuli şəhərinin günüdür. Bu tarixi gün yalnız bir şəhərin azad edilməsi deyil, bütövlükdə Vətən müharibəsinin qələbəyə gedən yolunun uğurlu davamı kimi dəyərləndirilir. Füzulinin coğrafiyası və tarixi də olduqca zəngin və rəngarəngdir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan Füzuli ərazisi zəngin təbiəti, strateji mövqeyi ilə seçilir. 1386 kvadratkilometr ərazini əhatə edən rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan və İranla həmsərhəddir. Buradan axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsini qidalandırır.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulmuş, 1930-cu ildə Qaryagin adı ilə rayon kimi formalaşmış, 1959-cu ildən isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adı ilə şərəfləndirilmişdir. Bu diyar tarixən həm elm, həm də mədəniyyət mərkəzlərindən biri olub. Füzuli rayonu əsrlər boyu tarixi-dini abidələri ilə tanınıb. XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, XIV əsrin Mirəli türbəsi, qədim qəbiristanlıqlar və XIX əsrin Cəlil türbəsi bu diyarın zəngin irsindən xəbər verir. Təəssüf ki, 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı bu abidələrin əksəriyyəti dağıdılmış, məhv edilmiş, xalqın mənəvi yaddaşına ağır zərbə vurulmuşdur. İşğal illərində Füzulidən yüzlərlə şəhid, əlil, əsir və itkinlər verildi. Əhalisi köçkün düşdü, şəhər tamamilə yerlə-yeksan edildi. Azərbaycan Ordusu 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini və bir sıra kəndləri azad etməklə müharibənin taleyini dəyişdi. Füzuli uğrunda döyüşlər ən çətin, eyni zamanda ən şərəfli səhifələrdən biri oldu. Təmas xəttində illərlə möhkəmləndirilmiş düşmən istehkamları Azərbaycan əsgərinin iradəsi qarşısında tab gətirmədi. Dünyanın hərbi ekspertlərinin “aylarla davam edə bilər” dediyi döyüşlər Ordumuzun qəhrəmanlığı ilə günlər içində nəticələndi. Azərbaycan əsgəri burada təkcə torpaqları deyil, həm də xalqın qürurunu və ədaləti bərpa etdi. Düşmənin darmadağın olunması Füzulidə baş verdi və bu, Zəfər yolunun başlanğıcı oldu. Beləcə də Füzuli qəhrəmanlığın simvoluna çevrildi. Füzulinin azadlığı uğrunda döyüşən 25 mindən artıq hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu. Bu medal təkcə şərəf nişanı deyil, həm də qəhrəmanlıq tariximizin parlaq yadigarıdır. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” elan edildi. Bu, həm də şəhərin yeni inkişaf dövrünə qədəm qoymasının simvoludur. Lakin azadlıqdan sonra Füzuli başqa bir çətinliklə – mina bəlası ilə üz-üzə qaldı. Ən çox minalanmış rayonlardan olan Füzulidə yüz mindən artıq mina basdırıldığı müəyyən olunub. Bu, erməni vandalizminin növbəti sübutudur. Bununla yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində artıq Füzuli yeni həyata qovuşur. 2026-cı ilin sonuna qədər burada 22 min insanın məskunlaşması planlaşdırılır. Şəhər yeni infrastruktur, sosial obyektlər, yollar və məktəblərlə sürətlə dirçəlir.

Füzuli həm də beynəlxalq dostluğun rəmzinə çevrilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə məktəb, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası türk dünyasının həmrəyliyinin təzahürüdür. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin Füzuliyə hər səfəri bu şəhərin bərpasında yeni mərhələnin başlanğıcı olur. 16 noyabr 2020-ci ildə ucaldılan üçrəngli bayraqdan tutmuş, 2021-ci ildə Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının təməlqoymasından 26 oktyabr 2021-ci ildə onun açılışına qədər görülən işlər, “Ağıllı kənd”in, məktəblərin, xəstəxanaların, yaşayış komplekslərinin təməlləri – hamısı böyük dönüşün göstəricisidir. Xarici dövlət başçılarının iştirakı ilə açılış və təməlqoyma mərasimləri Füzulinin region və beynəlxalq əhəmiyyətini daha da artırır. 17 oktyabr – Füzuli şəhəri günü yalnız bir qələbə tarixini deyil, həm də yeni bir inkişaf dövrünün başlanğıcını simvolizə edir. Bu gün həm şəhidlərin xatirəsinə ehtiram, həm də Böyük Qayıdışa inam günüdür. Füzuli dirçəlişin, qəhrəmanlığın və gələcəyə aparan yolun rəmzi kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Geri dön