Ana Sayfa > Siyasət > Azərbaycan MDB məkanında da əməkdaşlığa önəmli töhfələr verir.

Azərbaycan MDB məkanında da əməkdaşlığa önəmli töhfələr verir.


Bu gün, 15:04. Yazar: azer
Azərbaycan MDB məkanında da əməkdaşlığa önəmli töhfələr verir.

2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyırdı. Toplantıda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız milli maraqlarını müdafiə edən ölkə deyil, həm də regionda sabitlik, əməkdaşlıq və inteqrasiya proseslərinin aparıcı qüvvəsidir. Prezident İlham Əliyevin Düşənbədəki çıxışında irəli sürdüyü tezislər Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə ortaya qoydu. Bu fəlsəfə pragmatizm, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Azərbaycan MDB məkanında inteqrasiyanı formal mexanizm kimi deyil, real iqtisadi və humanitar əməkdaşlıq müstəvisində dəyərləndirir. Bu baxımdan, dövlət başçısının çıxışında regional həmrəyliyin gücləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və mədəni inteqrasiyanın təşviqi kimi istiqamətlər xüsusi vurğulandı.Düşənbə iclası Azərbaycan–Tacikistan əlaqələrinin inkişafında yeni mərhələ kimi qiymətləndirilə bilər. Azərbaycan və Tacikistanı birləşdirən əsas amillər yalnız diplomatik yaxınlıq deyil, həm də mədəni, tarixi və iqtisadi ortaq maraqlardır. Hər iki dövlət müstəqil siyasət yürüdür, regionda sabitlik və təhlükəsizlik modelinin tərəfdarıdır.

Azərbaycanın müstəqillik illərində Müstəqil Dövlətlər Birliyi çərçivəsində həyata keçirdiyi çoxsaylı iqtisadi və logistika layihələri, eləcə də enerji və nəqliyyat dəhlizlərinin yaradılmasında oynadığı aparıcı rol ölkəmizi regionun mühüm iqtisadi mərkəzinə çevirib. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi təşəbbüslər MDB ölkələrinin bir çoxu üçün yeni iqtisadi imkanlar açır.
III MDB Oyunlarının Gəncə və digər şəhərlərdə keçirilməsi birliyin humanitar əməkdaşlığının inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Qədim mədəniyyət və gənclik şəhəri olan Gəncənin ev sahibliyi etdiyi yarışlar idman vasitəsilə xalqlar arasında dostluq, həmrəylik və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edib. Müxtəlif ölkələrdən gələn idmançıların iştirakı MDB məkanında birgə dəyərlərin paylaşılması və əməkdaşlığın mədəni əsaslarda genişlənməsi üçün əlverişli mühit yaradıb. Bu mötəbər idman tədbiri həm də birliyin gələcəkdə daha sıx humanitar inteqrasiyasına təkan verən vacib addım kimi əhəmiyyət daşıyır. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu: “Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”.

MDB Dövlət Başçıları Şurasının iclasında diqqət mərkəzində olan məsələlərdən biri də humanitar əməkdaşlığın inkişaf etdirilməsi idi. MDB çərçivəsində təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində birgə proqramların reallaşdırılması qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir. Azərbaycan bu istiqamətdə də fəal rol oynayaraq müxtəlif humanitar təşəbbüslərə dəstək verir, regional inteqrasiyanın mədəni əsaslarını gücləndirir.

Düşənbə sammitində Azərbaycan tərəfi iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə dair konkret baxışını da ifadə edib. MDB məkanında iqtisadi əlaqələrin liberallaşdırılması, ticarət dövriyyəsinin artırılması və yeni logistika marşrutlarının yaradılması regional sabitliyə töhfə verir. Dövlətimizin nəqliyyat tranzit potensialı, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit qovşağına çevrilməsi bu sahədə birliyin strateji maraqlarına cavab verir.

Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqləyib ki, Azərbaycan birliyin ən fəal və etibarlı üzvlərindən biridir. Prezident İlham Əliyevin çıxışı birliyin gələcək fəaliyyətinə strateji istiqamət verən, MDB məkanında əməkdaşlıq, sabitlik və mədəni inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş prinsipial mövqenin ifadəsi olub.


Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Geri dön