Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova: “Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi idi”

Sahibə Qafarova: “Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi idi”


Bu gün, 14:30. Yazar: azer
Sahibə Qafarova: “Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi idi”

Sülh, təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli olan amillərdir. 44 günlük Vətən Müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz indiki dövrdə Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha təsdiq edir.
Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimindəki çıxışı zamanı səsləndirib.

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi, sülhün əsas prinsiplərini və sülh müqaviləsinin layihəsini irəli sürdü.

Sahibə Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladı. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. Regional kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edildi.

Spiker Sahibə Qafarovanın sözlərinə görə, Vaşinqton görüşünün əsas nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü olan Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcəkdir.

Milli Məclisin sədri bütün bunların ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyasının, təhlükəsizlik, əməkdaşlıq və tərəqqi naminə gərgin fəaliyyətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb.
Geri dön